Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:57

Parlamentin 5 illik işinə neçə qiymət düşür?


Azərbaycan parlamentində səsvermə...
Azərbaycan parlamentində səsvermə...

-

“Avtoritarizmin hüququ bazasının formalaşmasında bu parlament müstəsna rol oynadı”

"Beş ildə 125 nəfərin hamısı olmasa da, bu deputat korpusunda əksəriyyət əlindən gələni edib".

İyunun 24-də dövlət başçısı deputatlar Ziyad Səmədzadəni “Şərəf” ordeni, Hüseynbala Mirələmovusa “Şöhrət” ordeni ilə təltif edib. Sərəncamda onların bu mükafata ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə layiq görüldükləri bildirilir.

“BƏZƏN FƏALİYYƏTSİZLİYƏ GÖRƏ DƏ MÜKAFATLANDIRIRLAR”

Ziyad Səmədzadə, Hüseynbala Mirələmov orden-medal alan deputatlar kimi nə birincidirlər, nə də sonuncu.

Pənah Hüseyn
Pənah Hüseyn

Milli Məclisin keçmiş üzvü Pənah Hüseyn deyir ki, bəzən kimlərisə yaxşı fəaliyyətinə görə yox, elə fəaliyyətsizliyinə görə də mükafatlandıra bilərlər.

Amma biz iki deputatın yox, ümumən parlamentin 5 illik işinə siyasətçilərin, ekspertlərin verdiyi qiyməti öyrənmək istədik.

Bu, 1995-ci ildən sonra üçüncü çağırış Milli Məclisdir. Mahiyyət etibarilə elə ciddi dəyişiklik olmayıb.

“Çox təəssüf ki, ölkədə insan hüquq və azadlıqlarının, iqtisadi azadlıqların məhdudlaşdırılması üçün məhz bu parlamentin sayəsində hüquqi baza formalaşdırıldı”. Bu, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun qiymətləndirməsidir:

“Ölkənin mənafeyi, dövlət maraqları, qanunvericilik nöqteyi-nəzərindən baxırıqsa, təbii ki, bu parlament müstəqillik dövründə Azərbaycanda fəaliyyət göstərmiş ən reaksion parlament oldu. Bu parlament Azərbaycanda Konstitusiyanın, hüquq və azadlıqların, qanunların məhdudlaşdırılması yönündə yuxarıdan verilən bütün təşəbbüsləri dəstəklədi.

Çox təəssüf ki, ölkədə insan hüquq və azadlıqlarının, iqtisadi azadlıqların məhdudlaşdırılması üçün məhz bu parlamentin sayəsində hüquqi baza formalaşdırıldı. Yəni avtoritarizmin hüququ bazasının formalaşmasında bu parlament müstəsna rol oynadı. QHT-lər, siyasi partiyalar, söz azadlığı haqda qanunlara dəyişiklik edildi, eləcə də bir çox başqa qanunlara. Bu dəyişikliklər məhdudiyyətlərlə bağlıdır. Nəticə də göz qabağındadır. Bu gün Azərbaycanda ictimai, siyasi fəaliyyətlə bağlı hüquqi baza məhdudlaşdırılıb. Hamısı da bu parlamentin sayəsində oldu. Əgər ona parlament demək olarsa”, deyə politoloq bildirir.

Ərəstun Oruclu
Ərəstun Oruclu

Ərəstun Oruclunun qənaətincə, bu parlamentdən başqa davranış gözləmək olmazdı: “O cür seçilən parlament bundan artıq fəaliyyət göstərə bilməzdi”.

Yada salaq ki, 2010-cu ilin parlament seçkiləri zamanı beynəlxalq qurumlar çoxsaylı saxtakarlıq faktlarının qeydə alındığını bildirmişdilər. Hökumətə bu yöndə bəzi tövsiyələr də vermişdilər.

“ORDA FƏALLIQ DAHA ÇOX İDİ”

Milli Məclisin keçmiş üzvü Pənah Hüseynin də ömrünü başa vurmaqda olan parlamentə münasibəti tənqididir:

“Bizim Milli Məclis təəssüf ki, sözün klassik mənasında parlament deyil. Amma formal baxımdan Azərbaycan Respublikasının parlament funksiyasını yerinə yetirir. Azad və ədalətli seçkilər əsasında formalaşmadığına görə, onun legitimliyi sual altındadır”.

Pənah Hüseyn bir müqayisə də aparır: “Bu, 1995-ci ildən sonra üçüncü çağırış Milli Məclisdir. Mahiyyət etibarilə elə ciddi dəyişiklik olmayıb. Mən hesab etmirəm ki, bizim üzv olduğumuz Milli Məclis daha çox parlamentiydi. Ancaq hər halda, orda ümumi fəallıq (təvazökarlıqdan uzaq olsa da, bunda bizim də payımız vardı) daha çox görünürdü. Amma sözün doğrusu, bu məzmuna təsir edirdi ya yox, o başqa məsələdir”.

“O BEŞ İL HƏM O İNSANLARIN, HƏM DƏ AZƏRBAYCANIN HƏYATINDA UĞURLU İLLƏRDİR”

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

Beş ildə 125 nəfərin hamısı olmasa da, bu deputat korpusunda əksəriyyət əlindən gələni edib.

Parlamentin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qanunverici bazanın məhdudlaşdırılması və ya parlamentin fəaliyyətsizliyi haqda söylənən tənqidləri demək olar qəbul etmir, indiki Milli Məclisin işini daha çox uğurlu sayır. Deputat parlamentdə qanunların beynəlxalq standartlara uyğun şəkildə qəbul olunduğunu, sadəcə, icrası zamanı problemlər yarandığını bildirir.

“Tam pisdi, ya yaxşıdı demək olmur. Parlamentin uğurlu addımları da olub, narazı qaldığımız məqamlar da. Amma hər halda, bu, həm ömrümüzün, həm də Azərbaycan tarixinin beş ilidir. Beş ildə 125 nəfərin hamısı olmasa da, bu deputat korpusunda əksəriyyət əlindən gələni edib. Beş ildə ürəklə, könüllə, gecə-gündüz dayanmadan işləyən, dünyanı gəzən, Azərbaycanın dərdlərini çatdıran, yazan-pozan millət vəkilləri də olub, bir az başqa cür, oturub dinləyənlər də olub. Amma hər halda o beş il həm o insanların, həm də Azərbaycanın həyatında uğurlu illərdir” deputat deyir.

BU PAYIZ PARLAMENT YENİDƏN...

Bu payız yeni parlament seçkiləri keçirilməlidir. Keçmiş deputat Pənah Hüseyn Milli Məclisin işini tənqid etsə də, 2015-ci il parlament seçkilərində iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti bu seçkilərə bir şans kimi baxmalıdır və fəal iştiraka köklənməlidir.

XS
SM
MD
LG