Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:23

"Una və Selincer"i oxuyandan sonra...


-

"Bu ölməz imzaları müxtəlif tellərlə özünə bağlayan ultragözəl Oona var..."

Şahbaz Xuduoğlu

"Qanun" nəşrlər evinin direktoru

Beigbeder-in "Oona və Salinger"i

Kitabı oxuyandan sonra dərhal yazı yazmaq istədim. Doğrusu, yazının bu qədər uzun vaxt aparacağını, bu qədər araşdırma tələb edəcəyini heç ağlıma gətirmədim.

“Oona və Salinger”-in nəşrindən öncə yaxşı ki, Salinger-in “9 hekayə” kitabını nəşr etmişdim, İstanbula uçanda təyyarədə oxudum və mənzil başında növbəmi qızıma verdim.

J.D.Salinger
J.D.Salinger

Salinger-in “Banan balığı ovu üçün əla gün” adlı hekayəsini xeyli əvvəl oxumuşam, amma təsiri keçib getmişdi, bu dəfə oxuyanda elə bil kimsə başımı tutub bərk-bərk divara çırpdı.

Başımdakı zoqqultunu uzun müddət dinləməli oldum. Bu hekayə həcmcə kiçik olsa da, “Balaca şahzadə”, “Balaca qara balıq”, “Adamlar və siçanlar”-la yarışa girəcək bir əsər idi.

Bu kitabdan sonra Fitzjerald-ı oxumağa başladım. “Möhtəşəm Getsbi”-ni demirəm, onu əvvəllər oxumuşam, digər əsərlərini isə bundan sonra oxuyacam.

Biz heç vaxt gərəkli kitablar oxumamış, təsirli musiqilər dinləməmişik, tamaşa, teatr, kino nə olduğunu hələ də bilmirik. Biz hələ də kimi və nə üçün oxuyuruq suallarına cavab tapmaqda acizik.

Amma indi fransız ədəbiyyatının əvvəlki nüfuzu yoxdur. Daha Amerika Fransanı əvvəlki kimi oxumur, artıq Britaniya özünü və Amerikanı oxuyur

İkinci Dünya müharibəsində Fransa nasistlərə döyüşmədən təslim oldu. Sonra Amerika və Britaniya birlikdə nasistləri Fransadan qovdular.

O zamana qədər dünya böyük yazarlarin ilham mənbəyi olan fransız ədəbiyyatını oxuyurdu.

Amma indi fransız ədəbiyyatının əvvəlki nüfuzu yoxdur. Daha Amerika Fransanı əvvəlki kimi oxumur, artıq Britaniya özünü və Amerikanı oxuyur.

Müharibədə qalib, yaxud məğlub olmaq ədəbiyyata tam fərqli formada təsir edir. Bəzən müharibədə uduzanlar ədəbiyyatda qalib olurlar. Əslində bunlar hamısı bitməyən söhbətlərə aiddir...

***

Beigbeder-in yeni əsərini təqdim edəndə onun ajansı Halina axmaq istehzamı dərhal duyub, “bu çox yaxşı əsərdi” dedi. “Məhəbbət 3 il yaşayır” kimi bayağı bir əsərin müəllifi necə Salinger-ə müraciət edə bilər?” sualımı o sanki baxışlarımdan oxumuşdu.

Beigbeder-in “Oona və Salinger” kitabı müəllifin Salinger-lə görüş cəhdi ilə başlayır, o bilir ki, dağlarda kahin həyatı sürən, dünyaca məşhur yazar heç kəslə görüşmür, amma təsadüflərə çox inanan müəllif bunun əksinə də ümid edir.

“Salinger qapını üzümüzə açsa da, çırpsa da hadisə olacaq”sözləriylə yol yoldaşlarına ürək-dirək verir. Beigbederin səfəri uğursuz olur. Salingerlə görüşə bilmir.

Laura üçün oxunan nağıl

Onlar ilk dəfə görüşəndə Oona 15, Salinger 20 yaşındaydı (1940). Yaşından tez böyümüşdü Oona, artıq dəb diktə edən qızlar sırasındaydı.

Onlara dövrün post-flipperləri deyirdilər. Şəkilləri “Harpers Bazaar”, “Vogue” jurnallarını bəzəyirdi.

Belə qızlar görünüşcə cazibəli, ağıllarına görə isə təhlükəli olurlar. İstədikləri adamı çox tez tələyə salmağı bacarırlar. Salinger tacir oğluydu, yazar olmaq arzusundaydı, öz ağlına güvənir, qızların cəzbindən çəkinmirdi.

Oonanı gördüyü ilk gün, kəsdiyi ilk kəlmədə Muzasını tanıdı. Oona O’Neill Eugene O'Neillin birinci arvadından olan qızıdır. Eugene bu adı qızına soyadı ilə ahəngdar olduğuna görə seçsə də, əslində irlandcada “yeganə” mənasını verir.

İki yaşı olanda atası onları tərk edib və bütün həyatları boyu cəmi üç dəfə görüşüblər. Son dəfə 14 yaşında atasının villasına nahar yeməyinə dəvət alır və orada qusur.

Oonanı hər yerdə atasının məşhur soyadına görə tanıyırdılar, Eugene O'Neill ədəbiyyat üzrə Nobel mükafatı almışdı (1936) və Amerikanın ən böyük imzası sayılırdı. O, hər kəslə ünsiyyətdən qaçan, qaradinməz və zəhmli idi, fabrik kimi dayanmadan işləyirdi.

Salinger Oonanın nəyinə ­– soyadına, gözəlliyinə yaxud ağlına – vurulduğunu özü də bilmirdi. Hər halda, Oonanın görüşünə ikinci dəfə gedəndə Eugene O'Neill bütün dramlarını oxumuşdu.

Əvəzində Oona ona baxıb, “mən Eugene O'Neillin heç nəyini oxumamışam, onunla heç görüşmürük də!” cavabını vermişdi. Oona Fitzgeraldı oxuyurdu. “Möhtəşəm Getsbi”dən sonra dərin böhran keçirən Fitzgeraldı, Salingerin bənzəmək istədiyi qəhrəmanı seçmişdi. Salinger bu rəğbətini gizlin xəzinə kimi qorusa da, onun açarlarını Oonaya dərhal təslim elədi.

Salinger başa düşdü ki, o artıq böyük bir sevginin əsiridir. Yazıçıya lazım olan ilk qidanı tapmışdı. O, sadiq it kimi daim Oonanı təqib edir, avara dostlarına qısqanır, bütün vaxtını və diqqətini ona sərf edirdi.

Oona isə dostlarının çevrəsindən qopa bilmirdi, çünki Salingerdə olan cazibə onu dostlarından ayıracaq həddə deyildi. Salinger qlamur dostlardan bezir, bu dəstədən bir dəfəlik üz döndərir.

Lakin Oonanı unuda bilmir, əksinə sevgi onu sadiq itdən itaətkar qula çevirir. Oonaya məktublar yazır – sevgi etirafı, məzəmmət, ittiham, peşmançılıq. Oona bunlara nadir halda cavab verir.

İngilis-Amerikan ordusu Fransanı Almanlardan azad etmək üçün müharibəyə başlayır. Salinger Oonaya yazır: “Sənə olan sevgim məni müharibəyə aparır”.

Onu müharibəyə bir faşist əsgəri öldürmək ehtirası yox, Oonaya olan sevgisi, Heminqueyə qibtəsi və yazmaq eşqi aparmışdı, amma əvəzində saman çöpü kimi qırılan insan selinin şahidi oldu.

Heminqueydən fərqli olaraq müharibədən heç zaman yazmadı. Sonradan Heminguey ondan “müharibədən niyə yazmırsan” soruşanda onu sənin kimi bacarmaram deyə etiraf edir.

1944-cü il 25 avqustda Normandiyaya çıxarılan 12-ci alayın (3080 nəfər) sağ qalan üçdə bir hissəsi İtaliya qapısından Parisə girdi. 25 yaşlı Salinger elə növbəti gün Ritz otelində yaşayan Heminqueyin görüşünə gedir.

“Heç olmasa burda nə axtardığını bilirsən?”

“Xeyr! Amma nəyi itirdiyimi bilirəm.”

Rizt otelində İki mükəmməl insan şərab içib ağıllarına gələni danışırlar, amma bu iki cümlə bütün müharibələrə verilən ən böyük qiymətdir. Müharibələrdə insanlıq üçün qazanc yoxdur, yalnız və yalnız itki var.

1944-cü il noyabrın 6-da Amerikan ordusu Hürtgen meşəsinə daxil oldu, 1945-ci il yanvarında ordan çıxdı. 120 min Amerika əsgərindən 33 mini bu meşədə qırıldı.

Sağ qalanların arasında əks kəşfiyyatçı Salinger də var idi. Savaşın sonuna qədər 5 metrdən uzaq silah tuşlamağı bacarmayan Salingerin bəxti burada da gətirdi.

Normandiyada, Şerburqda, ardınca Paris və Almaniyada olduğu kimi. Artıq ona ölüm yox idi. “Məni silahım yox, sənə yazdığım məktublar, sənə olan sevgim qoruyur” – Salinger Oonaya yazırdı.

Beigbeder nədən Salingerə müraciət etdi?

Frédéric Beigbeder və teleaparıcı
Frédéric Beigbeder və teleaparıcı

Daim kübar ailələrin, şou aləminin tusovkasında gurultulu bir həyat keçirən adam nədən 65-ci ildən 2001-ci ilə qədər tənhalığın, kahinliyinin qapısını cəmiyyətə tam bağlayan bir yazara üz tutdu?

Salingerdə onu cəlb edən, onu səsləyən nə oldu? Amerikada 60 il ard-arda hər il bir milyon satan “Çovdarlıqda Uçurumdan qorunan” yeganə romanımı? Ya Fitzgeralda, Heminqueye olan rəğbəti, bəlkə Salingerin könüllü olaraq Fransa uğrunda döyüşə qatılması?

Bəlkə, sadəcə Beigbedrin eqosu, cünki bilirdi ki, Salingerlə görüşmək onu dünyəvi maraq yaradan bir xəbər mənbəyinə çevirəcək.

“Beigbeder Salingerlə görüşdü”- yalnız bu cümlə onu düşük şou çirkabından əbədi ədəbiyyat müstəvisinə çıxaracaq. Artıq Beigbeder qlamur jurnalların təqdimatlarında, moda sərgilərində, gözəl qızların əyləncəli tədbirlərində deyil, dünyanın ən məşhur zahidi ilə eyni sırada duracaq.

Düşünün, bütün xəbər lentlərində Beigbeder və Salinger olan bir foto keçəcək. İnternet axtarışlarında Salinger yazılanda dərhal Beigbeder görünəcək.

Əgər o görüş alınsaydı, əgər birlikdə foto imkanı olsaydı, o necə olardı görən? Təsəvvür edin, ağac qabığı kimi sərt dərili müdrik qoca və çopur sifətini qısa saqqalı örtmüş uzun saçlı Beigbeder.

Birinin gözləri dərin çökəklərdən səmaya baxan iki göz bulaq, digərinin isə alma dərən baxışları.

Beigbeder xoşbəxtdir, dünyanın axtardığı, heç kimə nəsib olmayan bir görüşü baş tutub, digəri isə üzücü görüşdən can qurtarıb taxta qabda yeyəcəyi şorba barədə düşünür. Onların necə görünməsini təqribən təsəvvür etmək olur, amma onların nədən danışığını heç cür təsəvvür edə bilmirəm...

Salinger Eugene O’Neillə görüşəndə Beigbeder yaşındaydı, 1953-cü il. Şöhrət mehi təzəcə Salingerə tərəf əsməyə başlamışdı. Eugene Salingeri axtarır, romanını oxuyandan sonra redaksiyaya məktub yazıb görüşə dəvət edir. O məmnuniyyətlə qəbul edir, amma görüş haqqında bir daha heç kimlə danışmır.

Eugene O’Neill Şeraton otelində yaşayır. Dünya şöhrətli dramaturqun ağzının tüpürcəyi dayanmaq bilmir, ondan gələn qoxu Salingerin burnunu dalayır. Şöhrətin ləzzəti, dadı çox olur, amma şöhrət heç bir pis qoxunu gizlədə bilmir. Eugene qızından danışır, Salinger İsveç nömrəsini vermək istəyir, o götürmür “Cerom, bəzi xətalar var heç vaxt düzəlmir, biz barışmayacağıq...

Mən Oona üçün kiməm axı, bu gün, sabah öləcək alçağın biri ” deyə özünü qınayır. “Sənin əsərini oxudum, söhbətinə davam edir, Gedin Nyu Yorkdan! Kübar cəmiyyətin fitnə-fasadından özünüzü qorumaq üçün gedin”.

1953-cü il, noyabrın 27-də Eugene O’Neill mehmanxananın 401-ci otağında ölür. Ölümündən öncə dediyi vida sözü bu olur – “Otel nömrəsində dünyaya gəldim, lənət şeytana, otel nömrəsində ölürəm”. Eugene O’ Neill 1912-ci il, 24 yaşında intihara cəhd edir, alınmır. 1923-cü ildə qardaşı James intihar edir. Gənc yaşında Salinger də intihara cəhd etmişdi.

Eugene dünyaya gələndə ağrıları azalsın deyə həkimlər anasina narkotik maddə vurular. Bundan sonra anasinin sağalmaz narkoman olmasını Eugene özün’ heç cür bağışlamır.

Bu görüşdən sonra Salinger Korniş meşəsinə köçür.

Beigbederin isə varlığı-yoxluğu Salingerə maraqlı deyil, o bu dəvəti min il keçsə belə ağlına gətirə bilməz. Salingerlə uğursuz görüş cəhdi Beigbederə “Oona və Salingeri” yazmağa vadar etdi.

Bu kitabda Salingeri axtarır, amma onu tapmır, kitab bitir amma hiss edirsən ki, Beigbeder hələ də onu axtarmaqda davam edir. O, Salingeri bir varlıq olaraq deyil, həm də bir xəyal olaraq axtarır, öz taleyinin mənası kimi. Kübar həyatdan ayrılmaq, yeni həyata addım atmaq ümidi ilə. Amma Salingerin cəsarətini özündə tapa bilmir.

Oona və Chaplin

Beigbeder bu əsərdə Amerikan ədəbiyyatını, teatrını, ümumilikdə mədəniyyətini yaradan ölməz şəxsiyyətlərdən söz açır. Amma bu ölməz imzaları müxtəlif tellərlə özünə bağlayan ultragözəl Oona var.

Chaplin və Oona
Chaplin və Oona

Beigbeder etiraf etməsə belə, əsər boyu Oonaya olan kurtuaz məhəbbəti çəmənə düşən şeh kimi parlayır.

Oonanın yetkin, mükəmməl birisi olduğunu anlatmağa çalışır.

Oona bir qızıl mərkəzdir, bu mərkəzdən Oona – Eugene , Oona-Salinger, Oona-Chaplın münasibətlərini incələməklə Oonanı Yunan Muzası kimi ilahiləşdirir.

***

Salinger müharibədə olanda Oona anası ilə Hollyvuda köçür, onu gənc aktrisa və məşhur dramaturqun qızı kimi Chaplin ilə tanış edirlər. İlk görüşdə Chaplin qızın onu tənqid edən cəsarətinə, az sonra isə tamamən özünə vurulur.

O zaman Chaplinin şöhrəti pik nöqtəyə çatmışdı. Oona isə aktrisa olmaq istəyirdi. Chaplinlə görüşəndən sonra fikrini dəyişdi. Başa düşdü ki, daha necə böyük sənətkar olsa da Chaplini keçə bilməyəcək. Elə ilk görüşdə qəlbində artıq Chaplinin 3-cü arvadı olmağa razılaşmışdı.

Oona həyatının mənasını müəyyən edən bir addım atır – Charlie Chaplinə ərə gedir. Bu hadisə iki adam üçün gözlənilməz və son dərəcə güclü zərbə oldu: bütün varlığı və yaradıcılığı ilə Caplinə əks olan Eugene O’ Neill və Oonaya məktublar yazmaqdan yorulmayan Salinger.

Oona Chaplini tam dəyişdi, sənətkar kimi uğursuzluqları başladı, amma ər kimi Oonanı xoşbəxt etməyi bacardı. Kişi əsl xoşbəxtliyə bir qadın onu bütün digər qadınlardan uzaqlaşdıranda qovuşur. Chaplin xoşbəxtliyə qovuşdu.

Chaplin və Oona
Chaplin və Oona

Oona ilk vaxtlar atasına valeh idi, onunla görüşmək xəyalları ilə yaşayırdı.

Bu sevgi qarşılıq görməyəndə atası kimi məşhur yazıçı olmaq iddiasında olan Salingerə yox, – çünki Salingerin danışıqları quru vədlər və şirin xəyal idi, – atası kimi məşhur, amerika mədəniyyətində ikinci bir zirvə olan Chaplini seçdi.

Chaplın “sən mənə ölməyi, mən sənə yaşamağı öyrədəcəm”- deyəndə, Oona əmin idi ki, ölüm deyil, yaşamaqdan və yalnız xoşbəxt ailə kimi yaşamaqdan söhbət gedə bilər.

Dünyada, müharibələr, qırğınlar gedir, yeni geosiyasi mərkəzlər, yeni sərhədlər yaranır, hamı danışırdı, Chaplin isə susurdu, səssiz filmlər yaradırdı.

Chaplinin filmlərinin uğuru səssizliyində idi, danışmağa başlayanda Bolşevik damğası ilə susduruldu. Amerikadan deport edildi.

O da ilk müsahibəsini Parisdə Ritz otelində verdi, o oteldə vaxtıykən Salinger və Heminqueylə şərab içib ədəbiyyatdan danışırdılar. Paris Hötenin dilində danışan faşistlərdən azad olunan gün.

Beigbeder Chaplini sevmir, onu təlxək adlandırır. Chaplinin böyüklüyünü Oonanın seçimində görür. Miskin insanların faciəvi həyatını nəql etmək hesabına zənginləşən yaradıcı insanlar Beigbederi də qəzəbləndirir.

***“Oona və Salinger”i oxuyandan sonra kitabda olan şəkillərdən savayı Oona haqqında canlı görüntülər axtardım. Oonadan 38 yaş böyük Chaplin həyatının sonunda sağ əlində çəlik, sol əli Oonada çəməndə gəzişirlər.

Qoca Chaplinin ayaqlari sözünə baxmir, Parkın bir tərəfində stul qoyub oturmağa məcbur olur. Chaplin otursa da, Oona yanından çəkilmir.

Stulda oturan Chaplin müvazinətini qorumaq üçün əlini Oonoya uzadır və onun əlindən yapışır. Bu jestin özündə bir arxayınçılıq və əminlik var idi, insan daim getdiyi yolda yol haqqında düşünmədiyi kimi.

Bu səhnəni görən kimi ağlıma gəldi ki, Oona Charlie Chaplinın qoruyucu mələyidir. Beigbeder yazır ki, 1972-ci ildə Charlie Chaplinə verilən Oskar törənini izləyən dünyada elə bir adam tapılmaz ki, həyəcanlanmasın, ağlamasın. Beigbeder haqlıdır.

Səhnəni təkrar-təkrar izlədim, çaşqın Chaplin zaldan gələn gur alqışa yalnız iki kəlmə ilə cavab verir. “Siz mükəmmləsiniz!”

Mən Chaplının həyatının son günlərindəki çəkilişləri axtardım, evində, gəzintidə aparılan çəklişlərə, kəkələyərək verdiyi müsahibələrə baxdım. Chaplin harda vardi, yanında Oona. Oona Chaplinin yanında gəzən canıydı.

Beigbeder və Laura

“Una və Selincer” əsərinin sonuna çatanda, bu kitabın yazılma səbəbini deyəsən müəyyən etdim. Beigbeder gənc sevgilisi ilə Mediano (İspaniyada Pireney dağlarının ətəyində su altında qalmış kənd) kəndinin minillik evlərini, küçələrini akvariuma çevirmiş gölündə qayıq sürür.

Laura üst paltarını çıxarıb suya atılmaq istəyir, çimərlik paltarının üstündə “O Neill” yazılıb. Beigbeder yazır ki, bu bir təsadüf idi, amma məncə musiqi və əyləncəni cavanlaşma mənbəyi hesab edən bir yazar yəqin ki, “O Neill” frimasının çimərlik paltarını sevgilisinə hədiyyə ala bilərdi.

Demək, ilk intuisiyam məni yanıltmamışdı. Beigbeder özündən 18 yaş cavan Laura Smetə aşıq olur. Yaş fərqləri böyük olan çütlükləri araşdırır və bütün bunlarla tərəddüd edən Lauraya anlatmağa çalışır ki, tarixdə sənintək yaşayanlar olub.

Gələcəkdə də olmağın, Oona kimi daim xatırlanmağın mənimlə bağlı verəcəyin qərardan aslıdır. Charlie Chaplinin Oonası, Jorge Luis Borgesinn Maria Kodaması, Vitold Gombroviçin Ritası, Charl Bukovskinin Linda Lisi kimi.

Kitabın bir hissəsini ahıl yaşlarını cavan qızlarla bayrama çevirən yazarlara ayırıb. Orda əslində Lauraya bütün deyə bildiklərini deyib, hətta Bodlersayağı bir şeir də yazıb. Amma bir şeyi deməyə ürək etməyib – Dostoyevski öləndə cavan arvadının 33 yaşı var idi və həyatının sonuna qədər ərə getmədi, sadəcə ərinin əsərlərini nəşr etdi. Bunu Lauraya deməyə yəqin cəsarət etmədi Beigbeder.

16 -30 iyun

XS
SM
MD
LG