Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:43

Azercell gəliri bir ildə 128,5 milyon manat olub


Azercell-in binası
Azercell-in binası

.

Azərbaycanın mobil rabitə bazarında ən böyük şirkət hesab edilən “Azercell Telekom” MMC 2014-cü ilin yekunlarına görə maliyyə göstəricilərini açıqlayıb.

İyulun 3-də şirkətin saytında yerləşdirilən illik maliyyə hesabatda onun hansı auditor tərəfindən yoxlandığı əksini tapmayıb. Şirkət ümumi məbləği 274,8 milyon manat olan xərclərinin sturkurunu da əvvəlki illərdən fərqli olaraq bu il elan etməyib.

Bu və digər hallara görə hesabatı Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun açıqlanmış hesab edilə bilməz.

Bu standartın tələblərindən biri də şirkətə nəzarət edən səhmdarlar və son nəzarətçi tərəf, burada olan dəyişikliklər barədə məlumatların verilməsidir. Lakin hər halda hesabatda müəyyən maliyyə nəticələri və balans göstəriciləri əksini tapıb.

Hesabatdan görünür ki, son bir il ərzində mobil rabitə bazarında gedən proseslərdən dolayı Azercell-in gəlirləri onun törəmə müəssisəsi olan “Azeronline” MMC-nin gəlirləri daxil olmaqla əvvəlki ildəkinə nisbətən 25,1 milyon manat azalaraq, 433,3 milyon manata düşüb. Toplam mənfəət 161,1 milyon manat olub.

Şirkətin fəaliyyət rentabelliyi 37,1% olub. Yəni şirkətin xidmətindən istifadə edən şəxslərin ödədikləri hər 100 manatın 37-si onun mənfəətində oturub.

Amma şirkətin mənfəəti 8,6 milyon manat artsa da, ödədiyi mənfəət vergisi (32 milyon 588 min manat) il ərzində yüksəlmək əvəzinə, 1 milyon 217 min manat aşağı düşüb.

Beləliklə, ötən il Azercellin səhmdarları 2012-ci ildəki qədər, yəni 128 milyon manatdan çox təmiz mənfəət götürüblər. Son beş il ərzində şirkətin ən yüksək xalis mənfəəti (133,1 milyon manat) 2010-cü ildə qeydə alınıb.

Şirkət öz saytında Vergilər Nazrliyinə istinadən qeyri-neft sektorunda ölkənin ən iri vergi ödəyicisi olduğunu iddia edir. Hərçənd, mənfəət vergisindən başqa digər vergi ödəmələri haqda heç nə bildirmir. Görünür, şirkət vergi ödəmələrində tariflərə daxil olan əlavə dəyər vergisini (18%) də nəzərə alır.

Azercell şirkəti onun hazırkı sərmayədarının Türkiyənin “Azertel Telekom” (100%) şirkətinin olduğunu bildirir. AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl öz araşdırmasında müəyyən edib ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalar müxtəlif ofşor şirkətlər vasitəsilə Azercell-də ciddi paya sahibdirlər. Şirkətdən bu ittihamlara hər hansı reaksiya verilməyib.

Azercell kifayət qədər böyük bir şirkətdir. Onun idarə etdiyi aktivlər 2014-cü ildə 21,7% artaraq 716,7 milyon manata çatıb. Bu ilin əvvəlinə şirkətin bölüşdürülməmiş mənfəəti 600 milyon manatı keçib.

2014-cü ildə Azərbaycanda göstərilən rabitə xidmətlərinin 914.6 milyon manatı və ya 56.5%-i mobil rabitənin payına düşüb. Mobil rabitə xidmətləri il ərzində 6,4 milyon manat artıb. Bu isə o deməkdir ki, Azercell-dən fərqli olaraq digər iki mobil operator da (Bakcell və Azerfon) gəlirlərini artıra bilib.

Azercell şirkətindən hesabatındakı bu çatışmazlıqlarla bağlı hər hansı reaksiya almaq mümkün olmayıb. Amma ədalət naminə demək lazımdır ki, Azercell-dən fərqli olaraq digər mobil rabitə operatorları heç illik maliyyə hesabatlarını açıqlamırlar.

XS
SM
MD
LG