Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:59

AZAL-ın göylə uçan aviabiletləri- [mətbuat icmalı]


AZAL təyyarəsi
AZAL təyyarəsi

-​

İyulun 12-də Azərbaycanda çap olunan qəzetlərin icmalı

«Yeni Müsavat» qəzeti yazır ki, indi xaricə getmək istəyən insanların əksəriyyəti Gürcüstan üzərindən uçmağa üstünlük verir.

«Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan üçün yanacaq Gürcüstandan daha ucuz başa gəlir. Gürcüstan yanacağı kənardan aldığı halda, Azərbaycan özü istehsal edir. Türkiyə, qonşu Gürcüstan və Avropanın başqa aviaşirkətləri bizim üçün ağlasığmaz dərəcədə ucuz qiymətlərlə uçuşlar həyata keçirirlər. Azərbaycanda isə Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. London-Köln-London marşrutu üzrə 500 km-lik uçuş 31 manata, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik uçuş 100 manata başa gəlir»

Əliyevin 40 qəpiklik sevinci

«Azadlıq» qəzeti yazır ki, dünya iri addımlarla irəlilədiyi bir vaxtda, Azərbaycan hakimiyyəti vətəndaşın acından ölməməsi ilə fəxr edir.

«Milan Expo 2015» Ümumdünya sərgisində təşkil olunmuş «Milli gün» çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimində İlham Əliyev deyib ki, Azərbaycanda aclığın səviyyəsi iki dəfədən çox aşağı düşüb.

Qəzet yazır: «Təkcə «Azəri-Günəşli- Çıraq» yatağından 115 milyard dollar gəlir əldə edən, yeraltı-yerüstü sərvətlərlə zəngin olan bir ölkənin prezidenti bunu necə uğur saya bilər? Digər tərəfdən, acından ölməmək inkişaf sayıla bilərmi? Vətəndaşın həyatı yalnız 40 qəpiklik çörəklə məhdudlaşmır axı».

I Avropa Oyunları Azərbaycanın idman iqtisadiyyatını formalaşdırdı

Bakı Avropa Oyunlarının bağlanış mərasimi zamanı çəkilmiş foto
Bakı Avropa Oyunlarının bağlanış mərasimi zamanı çəkilmiş foto

​«Azərbaycan» qəzeti yazır ki, I Avropa oyunlarından sonra Azərbaycan iqtisadiyyatında dünya standartlarına uyğun yeni bir qeyri-neft sektoru - idman sektorunun formalaşıb.

«Bu sektor hələ uzun müddət Azərbaycanda nüfuzlu idman yarışlarının keçirilməsinə imkan verəcəkdir ki, bu da qarşıdakı illərdə iqtisadiyyatımız üçün yeni gəlir mənbəyi deməkdir. Artıq bu Oyunlardan sonra Azərbaycanın əldə etdiyi təcrübə və potensial onu deməyə əsas verir ki, ölkə 2016-cı ildə keçiriləcək «Formula-1» yarışları, Dünya Şahmat Olimpiadası, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları və UEFA turniri, həmçinin Avro-2020 final mərhələsinin oyunları üçün tam hazır vəziyyətdədir və bu tədbirlərdən daha böyük iqtisadi fayda əldə etmək imkanına malikdir».

3 manata görə adam öldürənlərdən biri tutuldu

«Bizim Yol» qəzeti yazır ki, Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirmiş Xıl kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Zamanov tutulub.

«Mayın 9-da 39 yaşlı Rövşən Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər.

Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R. Zamanov dostları ilə birgə yenidən məntəqəyə əvvəlki mübahisəni həll etməyə çalışıb.

Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb».

XS
SM
MD
LG