Hakim Xədicəni hədələdi
Xədicə İsmayıl bildirdi ki, zala dəxli olmayan adamlar doldurulub.
"Bunlar ya agentdir, ya da xüsusi xidmət orqanının əməkdaşı".
Bu zaman Xədicə ilə prokuror və hakim arasında mübahisə oldu.
Xədicə inadla təkrarlamağa bağladı ki, jurnalistlər içəri çağrılsın, həmin şəxslərsə zaldan çıxarlsın: "Məhkəmə baxışının açıqlığı təmin olunandan sonra suallara cavab verəcəm".
Və bu sözləri dayanmadan təxminən 15-20 dəqiqə təkrar etdi.
Müdaifə tərəfi vəsatət verdi ki məhkəmənin açıqlığı prinsipi pozulur.
Fasilə elan olundu, etiraz hazırlandı. Məhkəmə müşavirəyə getdi. Vəsatəti baxılmamış saxladı. Xədicə dedi ki, "agentlərinizi yığışdırın. Vicdanınızı satıb sifariş həyata keçirirsiniz, mən sizə nəyə görə hörmət etməliyəm". Prokuror dedi ki, "siz mənim suallarımdan qorxursunuz, ona görə cavab vermirsiniz".
Xədicə bunun cavabında bildirdi ki, "nəinki suallarınızdan və sizdən, sizə sifariş verən İlham Əliyevdən də qorxmuram".
Prokuror dedi ki, Xədicə İsmayıla rəsmi xəbərdarlıq edilsin. Hakimsə Xədicəyə bildirdi ki, belə getsə, "məhkəmə sizin iştirakınız olmadan davam edəcək".
"15 il həbs oluna bilərsiz"
Müdafiə tərəfi daha bir neçə vəsatət qaldırıb. Bunlar vergi orqanlarının arayışlarının cinayət materiallarına əlavə edilməsi, Xədicə İsmayılın imza nömrələrinin olub-olmaması ilə bağlı Beynəlxalq Bankadan arayış alınması olub.
Bu vəsatətlər də təmin edilmədi. Prokuror əlavə edib ki, jurnalistin günahı sübut olunub, dəlillər çoxdur.
Xədicə İsmayıl prokurorun bu yanaşmasına etiraz edib:
“Onda məhkəməyə nə ehtiyac var, bağlansın, mən də çıxım gedim cəza evində oturum. Prokurorun bu dedikləri qərəzlidir və qeyri-peşəkarlıqdır. Görünür neftin qiyməti düşdüyünə görə prokurorluq işçilərinə verilən paket maaşı kəsiblər. Ona görə belə peşəkarlıq problemləri çıxır”.
Xədicə İsmayıl hakimdən ittihamın mahiyyətinin ona izah edilməsini xahiş edib.
Hakimsə cavabında deyib ki, "ittihamlar təsdiqini taparsa, 15 il azadlıqdan məhrum edilə bilərsiniz.".
"Onda 14 faiz vergiyə nə ehtiyac var?"
Xədicə İsmayıl mənimsəmə ittihamı ilə bağlı bildirib ki, qanunda sadələşdirilmiş vergi nəzərdə tutulubsa, niyə vətəndaş bundan istifadə etməməli, 14 fazilik vergi ödəməyə məcbur edilməlidir.
"Turalın sağ olub-olmadığın bilmək istəyirəm"
Xədicə İsmayılın intihar həddinə çatdırdığı iddia olunan Tural Mustafayev prosesdə yox idi.
Müdaiə tərəfi zərərçəkənin iştirakı olmadan məhkəmənin keçirilməməsi haqda vəsatət qaldırsa da, təmin edilməyib.
Xədicə İsmayıl bildirib ki, Tural Mustafayev bundan öncə verdiyi ifadələrində oğurlanıb qapalı yerdə saxlandığını, ona hansısa iynələr vurulduğunu deyib.
"Bəlkə o yenə oğurlanıb? Ən azı onun sağ- salamat olduğunu bilmək istəyirəm" - deyə Xədicə əlavə edib.
Prokuror Ramazan Hacıyevsə bildirib ki, "Tural Mustafayev son səsləndirdiyi ifadənin həqiqət olduğuna əmin idisə, hamıdan tez məhkəməyə gəlməli idi".
T. Mustafayev son açıqlamasında Xədicəyə qarşı ifadə verməyə məcbur edildiyini bildirib.