"Bəlkə başınızı yataq otağımdan çıxarasınız..."
Daha bir vəsatət qaldırılıb, Xədicə İsmayılı şüşə qəfəsdən çıxarıb vəkillərin yanında oturtmaq istəyilə.
Prokurorsa etiraz edərək bildirib ki, "Xədicənin o qəfəsdə qalması onun təhlükəsizliyi üçündür. Bundan əlavə onun azadlığı hələ ötən ilin 5 dekabrında məhdudlaşdırılıb".
Xədicə İsmayıl prokurorun arqumentinə münasibətini bildirib:
“Hamının azadlığı məhdudlaşdırılıb. Kiminin az, kiminin çox. Prokurorun azadlığı məndən çox məhdudlaşdırılıb. Təhlükəsizlik məsələsinə gəlincə, Azərbaycan vətəndaşlarının mənə təhlükə yaradacağından narahat deyiləm”
Xədicə əlavə edib ki, ittiham aktı sabun köpüyündən başqa bir şey deyil. Uydurmadır. O, prokurora deyib ki, "bəlkə üzümə duran bir nəfər tapasınız. Yataq otağımdan başınızı çıxarıb daha ciddi işlərlə məşğul olasınız."
Məhkəmə davam edir
Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın növbəti məhkəmə prosesi başlayıb.
Məhkəmə binasının qarşısına xeyli sayda media nümayəndələri, ictimai fəallar, siyasi xadimlər toplaşıb.
Bundan əvvəlki proseslərdə olduğu kimi, məhkəmənin keçirildiyi zal yenə kənar şəxslərlə doldurulub. Müstəqil media təmsilçiləri məhkəməni içəridə yox, bayırda izləyir.
Hazırda məhkəmədə şahidlər dindirilir.
***
ABŞ, Hollandiya, Almaniya, Fransa səfirliklərinin, Avropa İttifaqının nümayəndələri və Xədicə İsmayılın iki qohumu məhkəmə zalına buraxılıb.
Məhkəmə qabağında Xədicəyə məktub yazdılar
Xədicə İsmayılın məhkəməsini bayırdan izləməli olan həmkarları və ictimai fəallar ona məktub yazırlar.
İctimai fəal Elman Fəttah AzadlıqRadiosuna deyib ki, məktubda Xədicə İsmayıla salamlar, onunla qürur duyduqlarını yazırlar: «Onun dik duruşu, məğrurluğu bizim üçün sevindiricidir, ona təşəkkür edirik. Çalışacağıq ki, bu məktub ona çatsın. Çünki məhkəməni tamamilə nəzarətdə saxlayırlar. Demək olar ki, qapalı məhkəmə keçirirlər. Heç bir halda məhkəməyə daxil ola bilmirik. Məcbur olub Xədicə xanımla məktub vasitəsilə əlaqə saxlayırıq».
Məhkəmə qarşısında zibil qabları
Məhəkəməyə gələnlərə mane olmaq üçün məhkəmə binasının qarşısına mənzil istismar sahələrinə məxsus iri zibil qabları qoyulub. Jurnalistlər zibil qablarının arxasında gözləyirlər.