Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:41

YAP-çı deputatdan idmançılara irad


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

YAP-çı deputat Siyavuş Novruzov jurnalist Rasim Əliyevin ölümü haqda «Yeni Müsavat»a danışıb:

«Mən bu hadisəni birmənalı şəkildə pisləyirəm. Lakin bunun siyasiləşdirilməsinin, hakimiyyətin ünvanına ittihamların səsləndirilməsinin əleyhinəyəm.

Baş verən bu hadisəni mən idmançı və jurnalist məsələsi kimi qiymətləndirmirəm.

Çünki onlarla bu kimi hadisələr baş verir. Kiminsə arasında mübahisə yaranır, iş böyüyür, dava-dalaş olur, bəzən bu dava-dalaş sonda cinayətlə yekunlaşır.

Bəzi hallarda vətəndaşlarımız da, media da bu cür hadisələri həddindən artıq böyüdür. İndiki halda tərəflərdən biri jurnalist olduğu üçün olay bu qədər rezonans doğurub».

YAP-çı deputat bəzi idmançıların özlərini qeyri-təvazökar aparmasını pisləyib: «Onlar əldə etdikləri uğuru gələcəkdə daha da genişləndirmək istiqamətində fəaliyyət göstərməkdənsə, bunun əksini edirlər…

Bəzi idmançılarda əldə etdikləri nailiyyətlərdən baş gicəllənməsi əmələ gəlir. Və nəticə etibarı ilə həm idmana, həm onları sevənlərə, dəstəkləyən şəxslərə ziyan gətirirlər. Bu cür də olmaz. İnsan təvazökar olmalıdır.

Onlar bilməlidirlər ki, dövlətin onlara mükafat verməsi, sırf həvəsləndirmək, zəhmətlərinə qiymətdir. Bundan başqa qara niyyətlər üçün istifadə etmək olmaz. Dövlət öz idmançısına sahib çıxırsa, onun nailiyyətini mükafatlandırırsa, bu o demək deyil ki, həmin idmançı bundan özünün şəxsi mənafeyi naminə istifadə etməlidir, gücünü sadə vətəndaşların üstündə sınamalıdır».

Rasim Əliyev
Rasim Əliyev

KRİMİNAL HADİSƏNİ SİYASİ TƏBLİĞATA ÇEVİRMƏYƏ NƏ EHTİYAC

Jurnalistin öldürülməsini rəsmi «Azərbaycan» qəzeti də diqqətdən kənarda qoymayıb: «Kriminal hadisəni siyasi təbliğata çevirməyə nə ehtiyac»

Qəzet yazır: «Bəlkə də mərhumun doğmaları, əzizləri üçün dözülməz dərd, ağrı olan bu olayın üstündən ölkədə baş verən kriminal hadisələrin biri kimi sadəcə qeyd etməklə keçmək olardı. Amma dəstə üzvlərinin döyüb qətlə yetirdikləri sıravi vətəndaş, daha doğrusu, sıravi peşə sahibi deyildi.

Mərhum Rasim Əliyev jurnalist idi. Jurnalistlər isə bütün dünyada xüsusi toxunulmazlıq statusuna malikdirlər və bu səbəbdən onların qətlə yetirilməsi faktı sıradan kriminal hadisə kimi qəbul olunmur. Azərbaycanda da belədir, hətta deyərdik ki, bundan da artıqdır. Bu gün ölkəmizdə siyasi mövqeyindən və meylindən asılı olmayaraq bütün jurnalistlər, onların çalışdıqları kütləvi informasiya vasitələri dövlətin mənəvi və maddi dəstəyi ilə əhatə ediliblər».

Məqalədə deyilir ki, mərhum jurnalistin başına gələn hadisədə heç bir siyasi motiv olmayıb: «Mərhumun «Qəbələ» futbol komandasının oyunçusu barədə sosial şəbəkədə paylaşdığı fikirlər idmançının özü, eləcə də yaxınları tərəfindən qəzəblə qarşılanıb və onların bu qəzəbi sonradan qətlə çevrilib.
İndi siz deyin, bu hadisədə dövlətin nə günahı var?

Dövlət sayı minlərlə ölçülən yalan-doğru jurnalistin hər birinə şəxsi mühafizə ayıra bilməz ki... Yaxud bir neçə xuliqanın (daha doğrusu, qatilin) azğınlığının söz, mətbuat azadlığının boğulması kimi təqdim olunması nə dərəcədə vicdandandır?

Siyasi cəhətdən ən piyada adama da məlumdur ki, sözügedən qətlə belə bir damğanın vurulmasına cəhd edilməsi yalnız və yalnız qərəzdən irəli gəlir. Yaxşı, daxili müxalifətin bu qərəzinin mahiyyətini başa düşürük: yaranan hər bir fürsətdən istifadə edib siyasi opponentlərə maksimum qara yaxmaq. Bəs, məsələn, Avropa Şurasının baş katibi Thorbjørn Jagland kimi siyasətçiyə nə düşüb ki, kriminal hadisəyə siyasi rəng qatmağa çalışır?!».

KIA Azərbaycan
KIA Azərbaycan

AZƏRBAYCANDA MALİYYƏ BÖHRANI KRİTİK HƏDDƏ

«Azadlıq»da oxuyuruq: «Azərbaycanda maliyyə böhranı kritik həddə».

Qəzet yazır ki, neftin ucuzlaşması Azərbaycanda yaranmış maliyyə böhranını getdikcə dərinləşdirir. «Dünən daha bir bank maliyyə böhranı üzündən fəaliyyətini dayandırdı. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan «Evrobank» ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

Bundan başqa, «Bank VTB Azərbaycan»da vəziyyət ürəkaçan deyil. Hesabatlara görə, bankda problemli kreditlər 2013-cü ildən başlayaraq çoxalır. Ödəmə vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi ildən-ilə iki dəfə artıb».

«Azadlıq» maliyyə böhranının iri şirkətlərin fəaliyyətinə də sarsıdıcı zərbə vurduğunu bildirir: «Artıq «KIA Azərbaycan» satış mərkəzlərini bağlamağa başlayıb.

Şirkətin icraçı direktoru Zəka Əlibəyov bildirib ki, avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55 faiz, yeni avtomobillərin satışı isə 80 faizə yaxın azalıb. Şirkət rəsmisi deyib ki, satışların azalması səbəbindən «KIA Motors» bəzi satış mərkəzlərini - Badamdar, AMAY Ticarət Mərkəzinin yaxınlığında və Masallıdakı rəsmi dillerləri bağlamalı olub. «Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır», - deyə Zəka Əlibəyov vurğulayıb»».

Taxil sahəsi
Taxil sahəsi

BU SAHƏDƏ İDARƏETMƏ BƏRBAD HALDADIR

moderator.az prezident İlham Əliyevin dediklərindən yazır: «Ortada söz-söhbətdən başqa heç nə yoxdur».

Avqustun 11-də prezident İlham Əliyev deyib ki, bir neçə ilə Azərbaycan öz ərzaq tələbatını 100 faiz təmin edəcək. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli moderator.az-a deyib:

«Ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək üçün neçə il gərək olduğunu demək çox çətindir. Bu templə, siyasətlə heç 100 ilə də buna nail olmaq mümkün olmayacaq. Ərzaq təhlükəsizliyi o deməkdir ki, ölkə daxili istehsal hesabına özünün qida məhsullarına olan tələbatını tam ödəməklə yanaşı, 20 faiz də ehtiyat yaratsın.

Digər tərəfdən ərzaq təminatı dayanıqlı, keyfiyyətli və əhali üçün əlçatan olmalıdır. Azərbaycanın resurs imkanları bu kimi işlərin öhdəsindən gəlmək üçün yetərlidir, yaxın bir neçə ilə buna nail olmaq olar. Lakin ölkədə hələ ki, bunun əsası qoyulmayıb, uzun müddətdir ki, ortada söz-söhbətdən başqa heç nə yoxdur. Bu sahədə idarəetmə bərbad haldadır».

Mütəxəssis deyir ki, ərzaq təhlükəsizliyi əsasən kənd təsərrüfatında normal biznes mühitinin yaradılmasından, bazar münasibətlərinin qaydaya salınmasından və əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşdırılmasından asılıdır. Ancaq bu da ölkədə yoxdur.

XS
SM
MD
LG