Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:50

Sənə danışdıq vəziyyəti, özün düz qoş da


Rəşad Babalı
Rəşad Babalı

- "Azərbaycanda belə hesab edirlər ki, müxalifət bir növ hüquq-mühafizə orqanları rolunda olmalıdır. Yəni onların keşiyini çəkməlidir.
300 spartalı olmalıdır həmin bir qrup adam."

Rəşad Babalı

Düzdə qalan 300 spartalı

Mərhum jurnalist Rasim Əliyevin həm ad günü, həm də yeddi mərasiminə görə evlərinə getmişdik.

Masa başında yenə eyni adamları gördüm. Hansılar ki, etiraz aksiyalarına, məhkəmələrə, imzatoplamalara gedirlər. Yenə eyni adamlar azad cəmiyyət üçün həssaslıq nümayiş etdirirlər.

Hanı bəs bu ölkədə yaşadığı deyilən milyonlar? Onlar bu ölkədə sadəcə statistikadırlarmı?

Bunları düşünə-düşünə bir atalar sözü ilişdi beynimə. “Düz düzdə qalar”. İlahi, bir xalqın simasını, xarakterini bu cümlə qədər heç biri aça bilməz. Düzün düzdə qalmasını təsəvvür etdim bir anlıq.

Bir nəfər haqqı deyir, ədalətsizliyə qarşı çıxır, lakin xalq dəstək vermir. Beləcə, böyük bir meydanda tək qalır və təbii ki məğlub olmağa, məhvə məhkum olur.

Molla Nəsrəddinin bir lətifəsi var. Əmir Teymurun filinin kənddə törətdiklərindən şikayət etmək üçün bir dəstə yığışır, başına da mollanı təyin edirlər.

Teymurun hüzuruna gedərkən yolda nümayəndə heyəti bir-bir aradan çıxır. Sonda Molla Nəsrəddin tək qaldığını görüb kənd sakinlrini özünəməxsus şəkildə cəzalandırır.

Qaşaqlarla bağlı oxuduğum dastanlarda da qəhrəmanların sonda tək qalaraq ya təslim olduğu, ya da o yerlərdən uzaqlaşdığı yazılır. Günümüzdə də xeyli nümunələr tapmaq olar. Daha ətraflı bir az sonra.

Bu xalq (xalq sözü burada nisbidir. Bir toplum anlamındadır. Yoxsa azərbaycanlıların xalq kimi formalaşması tamamlanmayıb, hələlik tayfa birlikləri səviyyəsindədir) həmişə qəhrəmanlarını, sözünü deyənləri zəlil gündə görmək istəyib.

Onun üçün müxaliffikirli insanlar köhnə, nimdaş geyimli, işsizlik alın yazıları olmalıdır. İşdə naharlarını peraşkiylə, bulkayla keçirsinlər. Birdən çaşıb normal yeməkxanaya gedərlər ha.

Əgər müxalifətçinin maşını varsa və bu maşın nisbətən baha isə o dəqiqə şübhələr başlayır. Hansı pula əldə edib?

Məmurların gəlir-çıxarını sorğulamayanlar, “özgə pulunu saymazlar” atalar sözüylə cəsarətsizliklərini ört-basdır edənlər mövzu müxalifətçi, ictimai aktiv olanda haqq ədalət carçısı olurlar.

“Əli Kərimlinin, İsa Qəmbərin uşaqları hansı pullarla xaricdə oxuyublar?” sualını verənlərin böyük əksəriyyəti heç də təmiz müxalif lider axtarışında olanlar deyillər.

Yuxarıda vurğuladığım kimi, səbəb müxalifəti daima ac, yoxsul görmək istəmələridir. Əli Kərimli ilə İsa Qəmbərin uşaqlarının hansı pulla xaricdə oxumaları əlbəttə, sorğulanmalıdır. Lakin gəlin bunu məmurları azı 5 dəfə bu cür sorğuladıqdan sonra edək.

Azərbaycanlının şübhələri məmurlara yönəlməz. Çünki belə düşünürlər ki məmurdusa, yeyib dağıtmalıdır. Yaxşı yaşamaq onlara Allahdan verilən haqqdır. Hələ bir onların da əlinə belə imkan düşsə, fürsəti qaçırmazlar. Hər bir tərəfdən oğurlamağa, didməyə, atmağa çalışır.

Elə ki, işləri axsadı, haqları pozuldu o yadlarına düşür ki, bu ölkədə müxalifət və müxaliffikirli insanlar var. Üstəlik, oxumadıqları və ikrahla yanaşdıqları müxalif və müstəqil media.

Yardım istəyərlər. Ancaq əllərində heç bir səlahiyyəti olmayan marjinal müxalif cəbhə təbii ki, kömək edə bilmir. İstəsə belə, mümkün deyil.

O zaman təpiyi məmurlardan, yarıtmaz idarəçilikdən yeyən orta statistik azərbaycanlı hirsini tökür müxaliflərə və medianın üstünə.

Satılmışlıqdan tutmuş qeyri-peşəkarlığa qədər hər şeydə günahlandırır. Ümumiyyətdə, Azərbaycanda belə hesab edirlər ki, müxalifət bir növ hüquq-mühafizə orqanları rolunda olmalıdır. Yəni onların keşiyini çəkməlidilər.

300 spartalı olmalıdı həmin bir qrup adam. Termofil keçidini az bir döyüşçü qorumalıdır. Qalanları öz həyatını yaşamalı, bunlar isə onların hüquqlarını müdafiə etməli, üzləşdikləri haqqsızlıqlara qarşı çıxmalıdırlar.

Azərbaycanlı istəyir ki, müxalifət adlı absurd qrup onun əvəzinə həbsə girsin, döyülsün, işsiz qalsın, illərlə zillət çəksin. İmkanı varsa, ayağa qalxıb inqilab da etsin. Özü isə axşam xəbərlərində bu barədə süjetlərə baxsın. Əgər müxalifət üstün gələ bilsə, həmən keçsin o biri tərəfə.

Azərbaycanlı haqqlarını qorumağı həyatının bir parçası kimi görmür. Əksinə, bu işi bir qrup insana “həvalə” edib.

Ömürlərinə əllərinə almadıqları qəzetlərə şikayətlər yazılır, adını eşitmədikləri (maraqlanmadıqları) saytlara “adının çəkilməsini istəmədən” məlumat vermək istəyirlər.

Yaşadığı yerdə nəqliyyat problemimi var? Ondan rüşvət tələb edirlər? Orduda əsgərlər qeyri döyüş şəraitində həlak olurlar? Addımbaşı haqqsızlıqla üzləşilir? Polis şərinə məruz qalıb? Evlərini başlarına uçururlar? Vergi və gömrük işləməyə imkan vermir?

Ənənəvi rüşvvət, dayday, yaltaqlanma metodları sınandıqdan sonar məcbur qalıb haqqlarını müdafiə etməyi düşünürlər. Amma bunu özləri etməyi düşünməzlər.

Yadlarına düşür ki, bir qrup adam var və onlara müxaliflər deyirlər. Onlara müraciət olunur. Ömürlərinə əllərinə almadıqları qəzetlərə şikayətlər yazılır, adını eşitmədikləri (maraqlanmadıqları) saytlara “adının çəkilməsini istəmədən” məlumat vermək istəyirlər.

“Adının verilməməsi” teması lap maraqlıdı. Özüm də jurnalist kimi çox rast gəlmişəm. Adamlar ciddi problemlərlə üzləşiblər. Təklikdə odlu-alovlu danışırlar. Amma elə ki, mikrofonu ağızlarına uzadırsan, çəkinirlər.

“Bax sənə danışdıq vəziyyəti, özün düz qoş da”. Cəsarətlərinin çatmağı işi yazarlara həvalə edirlər. Ancaq jurnalistlərinə sahib çıxmazlar.

Tələbə vaxtı (90-ların sonu) auditoriyada maraqlı bir debat oldu. Belə ki, Ermənistanda A1+ müxalif kanalına vergi cəza kəsmişdi. Hakimiyyət bununla kanala təzyiq etmək istəmişdi. Amma ermənilər həmin pulu toplayıb cəriməni ödəmişdilər ki, pis-yaxşı, doğru xəbər eşitmək istəyirəm.

Azərbaycanda isə ANS bağlananda insanlar susqunluqla qarşıladılar. Həmin vaxt oradaydım. Müxbirlər ölkənin canına düşüb adamlardan kanalın bağlanmasına qınaq münasibətləri almaq istədilər.

Çox az istisnaları çıxsaq, hamı qorxdu, çəkindi. Halbuki o zamana qədər (2006-cı ilin payızı) ANS Azərbaycan reallığında doğru xəbər almağın ünvanı idi.

Üstəgəl, millət sosial problemlərinin həllində ANS-i ümid qapısı kimi görürdü. Azərbaycanlıların kanala sahib çıxmamasından sonra ANS dəyişdi. Küsdü də demək olar. Mirşahinin hakimiyyətə yarınmağına haqq qazandırmıram. Ancaq onun həmin susqunluqdan sonra dəyişdiyinə əminəm.

Bir yazar dostum başına gələn maraqlı bir hadisəni nəql edib. Belə ki, imkanlı məmurlardan biri ona zəng edib vəziyyətini soruşub. Necə dolanırsan, pul qazana bilirsənmi, fian.

Dostum özünü sındırmayaraq deyib ki, şükür normaldır. Ancaq yazarlar üçün bu ölkədə yaşamaq çətindir.

Məmur da bəlkə də həyatının ən doğru sözünü deyib: Bilirsən, sizin kimi yazıçılar elə çətinlik çəkməlidilər...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG