Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:27

Rusiya üçün zəif nöqtə Azərbaycan idi


Putin Bakıda – 13 iyun 2015
Putin Bakıda – 13 iyun 2015

-

«Ukraynada münaqişənin gərginləşdiyi bir məqamda Rusiya-Qərb qarşıdurması keçmiş sovet periferiyasında da güclənməkdədir. Çərşənbə axşamı Gürcüstanın müdafiə naziri Tina Khidasheli Pentaqonda ABŞ müdafiə naziri Ashton Carter-lə görüşüb. Avqustun sonuna yaxın Gürcüstanda NATO təlim mərkəzi açılır. Bu görüşdən bir gün öncə məlumatlar yayılıb ki, Rusiya 2017-ci ildə Azərbaycanda yeni hərbi baza tikməyi planlaşdırır. Bu məlumatlar hələ təsdiqlənməyib və tamamilə etibarlı da sayıla bilməz. Ancaq NATO təlim mərkəzinin açılması ilə eyni vaxtda yayılır. Bütün bunlar Qafqazda tezliklə mühüm dəyişikliklərin baş verəcəyini göstərir».

Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır və vurğulayır ki, Cənubi Qafqaz regionu Moskva-Qərb qarşıdurmasında qərib sayıla bilməz:

ZƏİF NÖQTƏ AZƏRBAYCAN İDİ

«2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi Rusiyanın regional qüvvə kimi ortaya çıxmasını simvolizə etdi, eyni zamanda Qərbin Avropa Birliyi və NATO-ya bağlanan dövlətin müdafiəsinə könülsüz yanaşdığını ortaya çıxardı. Bu müharibədən sonra Rusiya NATO daxilindəki fikir ayrılığından və ABŞ-ın başının İraq, Əfqanıstana qarışmasından yararlanıb keçmiş sovet periferiyasının böyük hissəsində nüfuzunu bərpa etdi – Mərkəzi və Şərqi Avropadan tutmuş ta Orta Asiyaya qədər».

«Gürcüstandakı müharibədən sonra Rusiya separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində hərbi və siyasi nüfuzunu gücləndirdi. Ermənistanda da hərbi, iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Rusiya üçün zəif nöqtə Azərbaycan idi. Bu ölkə Moskva ilə birləşmək əvəzinə enerji resursları və strateji mövqeyi hesabına bir sıra regional güclərdən – Rusiya, Türkiyə və Qərbdən güzəştlər qoparmağa çalışdı. Ancaq Rusiyanın Gürcüstan və Ermənistanda hərbi iştirakı Azərbaycanı da tarazlaşdırdı, Bakını Moskvanın regionda dominant xarici qüvvə olmasından agah saxladı».

Yazıda o da vurğulanır ki, Qərb Rusiyaya çox əl-ayaq açmağa imkan verməzdi. Ukraynada Avromaydan hadisələrini dəstəkləyib, Rusiyanın Krımı ilhaqından sonra Mərkəzi və Şərqi Avropada hərbi iştirakını artırıb, keçmiş sovet məkanında bir sıra ölkələrlə təhlükəsizlik əməkdaşlığını genişləndirib.

AZƏRBAYCAN ÜSTÜNLÜK QAZANIR, RUSİYA İTİRİR?

«Ukrayna böhranı zamanı Qafqazda nə vaxtsa dominant mövqeyinin sınağa çəkilməsindən Moskva narazı qalacaq. Ukraynada müharibə başlayandan Dağlıq Qarabağ münaqişəsi də intensivləşib. Bu, təsadüf deyil: Rusiyanın münaqişəni istədiyi kimi formalaşdırmaq bacarığı tarıma çəkilib. Normalda Rusiyanın Ermənistanda hərbi iştirakı və Qafqazda güclü mövqeyi sülhü saxlamağa yetərli idi. Ancaq avropalılar alternativ enerji təchizatçısı kimi Azərbaycanın nazını çəkirlər, bu da Azərbaycana üstünlük qazandırır, hətta Rusiya iqtisadi və siyasi mövqeyini itirməyə başlayır. Son bir ildə Azərbaycanın ermənilərlə təmas xəttində aqressiv davranışı və Yerevan ilə Moskvadakı himayədarlarının nisbətən zəif cavab verməsi bununla izah olunur».

Yazıda vurğulanır ki, normal halda Rusiya aqressiv hərəkətlərə görə Azərbaycanı sərt tənqid edərdi, ancaq əvəzində tərəfləri dialoqa çağırır. Moskva hər iki tərəfə silah satır, Azərbaycanla təhlükəsizlik əməkdaşlığını gücləndirir.

Bu arada «Zvezda» televiziyası Azərbaycanda «Voronej-DM» radarının qurulacığını iddia edib.

«Rusiyanın Azərbaycanda hərbi radar stansiyasına praktik ehtiyacı böyük deyil. 2012-ci ildə Qəbələ RLS əldən çıxandan sonra Qafqaz regionunu əhatələyən digər qurğular quraşdırılıb. Ancaq bu o demək deyil ki, Moskvayla Bakının hər hansı hərbi əməkdaşlığı çıxdaş olunur. Qafqazda son baş verənlər cavabdan çox suallar doğurur. Ancaq şübhəsiz ki, onlar Rusiya-Qərb arasında daha geniş qarşıdurmanın məna kəsb edən komponentləridir».

XS
SM
MD
LG