Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:37

Balaca çoban öldürülüb, yoxsa intihar edib?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ötən il yanvarın 4-də Lerikin Züviç kəndinin 13 yaşlı sakini Cəmilin əli-qolu bağlı vəziyyətdə ölüsü tapılmış, kənd də bir-birinə qarışmışdı. Örüş sahəsinə qoyun-quzu otarmağa gedən Cəmilin az sonra ölüm xəbəri gəlmişdi. Üzgün baba -Xudaqulu Əliyev azyaşlı nəvəsinin ölüm gününü yada salır:

«Məktəbdən qış tətilinə buraxılmışdı. Təsərrüfatımızda olan qoyunları Cəmilə tapşırdıq ki, aparıb örüşə buraxsın və sürüyə göz olsun. Mən də o biri nəvəmlə odun gətirmək üçün meşəyə yollandım. Günorta saat 1 olardı, evə nahara gəldik. Cəmil də evdəydi, yemək yeyirdi. Dedim, qayıt sürünün yanına, bir azdan Fərhad gəlib səni əvəz edər. Cəmil getdi. Təxminən 1 saatdan sonra qardaşı Fərhadı göndərdim ki, sürüyə baxsın, Cəmilsə evə qayıdıb dincəlsin».

Baba deyir, nə olubsa, elə o radələrdə olub.

ƏLLƏRİ BAĞLI, ÖLMÜŞ VƏZİYYƏTDƏ…

«Saat 4 olardı, yaxın qohumum Əliməmmədlə həyətimizdə çay içirdik. Əliməmmədin mobil telefonuna zəng gəldi. Baxdım ki, oğlanın halı dəyişdi, rəngi ağardı. Durub bayıra qaçdı. Qalxıb arxasınca getdim. Gördüm ki, kənd sakinləri bizim evə tərəf gəlir. Dedilər ki, nəvəni əli-qolu bağlı, ölmüş vəziyyətdə tapıblar».

Babanın sözlərinə görə, Cəmili örüşdə əlləri bağlı, ölü vəziyyətdə görüb:

«İdman papağı, gödəkcənin yağışlığı da başında qalmışdı. Boynuna ip bağlanmışdı, böyrü üstə uzadılmışdı. Birdən boynundakı ipin kəsildiyini görüb soruşdum ki, bu ipi kim kəsdi? Dedilər, hadisə yerinə ilk yetişən kənd sakinləri. Prokurorluq, polis işçiləri də gəldi. Meyiti əvvəl həyətə gətirdik. Hiss etdik ki, uşağın boynunu sındırıblar. Elə oradaca söz buraxıldı ki, uşaq özünü asıb».

Baba əzablı səslə və sanki özünü məcbur edərək sözünə davam edir:

«Rayon prokurorluğunun işçiləri bizi uşağın meyitinin yarılmasında iştirak etməyə qoymadılar. Bu da şübhələrimizi artırdı. Meyiti verdilər, gətirib kənddə dəfn etdik. Rayon prokuroru Bəhruz İbrahimovun yanına getdim. O, kimdən şübhələndiyimi soruşdu. Mən də şübhələndiyim adamların adlarını söylədim. Prokuror söz verdi ki, uşağı öldürən mütləq tapılacaq, cinayətdə əli olanlar cəzasız qalmayacaq. Tapşırdı ki, ora-bura şikayət etməyək. Mən də inanıb bir müddət gözlədim. Sonra anladım ki, prokuror məni aldadıb vaxt qazanırmış. Bu vaxt ərzində isə cinayət işinə xitam verib».

«DEDİLƏR ÖZÜNÜ ASIB»

Lerik rayon Prokurorluğundan bildirilib ki, ölüm faktı üzrə Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Ekspertiza rəyi alınıb və rəydə 13 yaşlı Cəmil Əliyevin boyun-boğaz nahiyəsindən iplə boğulduğu təsdiqlənib. Hər gün örüşdə mal-qara otaran kənd sakinləri də dindirilib. Bütün şübhələr araşdırılıb. Ancaq hadisədə qətl izi tapılmayıb. Bu səbəbdən azyaşlının özünü asması ehtimal olunub və martın 27-də cinayət işinə xitam verilib.

Baba isə razılaşmır. O, azyaşlı nəvəsinin ölümündə çoxsaylı şübhəli məqamların olduğunu söyləyir:

«Əvvəla, 13 yaşlı uşaq özünü niyə öldürməli idi? Hansı dərdi, azarı vardı? Ən başlıcası, bu uşaq özünü asmışdısa, bəs əllərini kim qarşısında çarpaz bağlamışdı? Onu da özü etmişdi? Əli-qolu bağlı uşaq özünü necə asa bilərdi? Bu işə xitam verəndə, bir az ağıl işlədib düşünəydilər ki, axı uşağın ölüsü əlləri iplə bağlı vəziyyətdə tapılıb…».

İŞƏ 3 DƏFƏ XİTAM VERİLİB

Babanın sözlərinə görə, prokurorluğun cinayət işinə xitam qərarı onlara gec verildiyinlən qərardan məhkəməyə şikayət hüququ da əldən çıxıb:

«Bilərəkdən qərarı gec verdilər ki, şikayət edə bilməyək. Lakin mənim israrlarımdan sonra məhkəmə şikayətimi qəbul etdi. Lerik rayon Məhkəməsi şikayətə baxıb prokurorun qərarını qüvvədə saxlasa da, apellyasiya məhkəməsi birinci məhkəmənin qərarını ləğv edib işi ilkin istintaqa qaytardı. Ancaq prokuror ikinci dəfə xitam qərarı çıxardı. Nəvəmin ölümü ilə bağlı işdəki bütün ifadələr bir-birinə ziddir. Prokurorsa bu ziddiyyəti araşdırmağa maraq göstərməyib. Bütün bunları tələb edəndə isə dedi, get, əlindən nə gəlir, elə».

Məhkəmə Lerik prokurorluğunun üç dəfə xitam qərarını ləğv etsə də, prokurorluq yenə xitam qərarı çıxarıb.

Hüquqşünas Fuad Hüseynov deyir ki, şikayətçilər Lerik rayon prokurorluğunun işdə maraqlı olduğunu düşünürlərsə, məsələnin başqa rayonun prokurorluğunda araşdırılmasını tələb edə bilərlər:

«Bundan ötrü baş prokurora müraciət olunmalıdır. Baş prokuror da azyaşlının ölümünün araşdırılmasını başqa rayon prokurorluğuna tapşırmalıdır».

Baba isə deyir ki, onu rayon prokurorluğunun azyaşlı Cəmilin ölümünü ört-basdır etməsi də üzür. O, nəvəsinin ölümünün əsl səbəblərinin açılmasını, bu işdə günahı olanların cəzalandırılmasını istəyir.

XS
SM
MD
LG