Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:05

Sevda Sultanova. Əşşi cəhənnəmə ki


Sevda Sultanova
Sevda Sultanova

- "Yolu keçəndə elə bil məni elektrik vurdu. Dəhşət içində qışqırdım. Tural sözünü kəsib təəccüblə mənə baxdı."

Sevda Sultanova

NƏFS

Şənbə rejissor Cavid Təvəkküllə müsahibəyə gedirdim. Yolda ayağımda narahatlıq hiss elədim. Ayaqqabılarıma baxdım.

Gördüm ki, səndəlim qopub bir az. Səndəlimin tamamilə qopa biləcəyi təqdirdə nələr etmək lazım olduğunu fikirləşməyə başladım.

Heç bir variant ağlıma batmadı. Düşündüm ki, çəkməçidə vaxt itirməmək üçün ən yaxşısı təzə səndəl almaqdır.

Avtobusda qadınların qopmamış ayaqqabılarına baxıb onlara həsəd aparırdım. Hətta ortayaşlı qadının zövqümdə olmayan ayaqqabısına belə.

“Necə bəxtəvərdirlər ki, ayaqqabıları qopmayıb” deyə düşünürdüm. Metroya endim. Fürsət tapıb diqqətlə səndələ baxdım. Yox, o qədər də faciəvi durum deyildi, özümə təsəlli verdim ki, evə kimi idarə edə bilərəm.

“Sahil” metrosundan çıxdım. Ayaqqabı dükanlarının vitrinlərində “50 faiz endirim” yazılmışdı. Tərəddüd içində “dükana girim ya girməyim” dilemması qarşısında qaldım. Son anda istehlak nəfsimi boğdum.

Zigmunt Baumanın, Bodriyarın, Fransada yaşayan hüquqşünas Konul Derya Qasımovanın istehlakla bağlı fikirlərini xatırladım.

Gözümün önünə Suriya qaçqınlarını, natəmiz şəraitdə yaşayan Banqladeş fahişələrini, yoxsulluqda sürünən meksikalıları, dar, havasız həbsxana kameralarında saxlanılan vicdan məhbuslarımızı gətirdim, vicdanım sızıldayan kimi oldu və... səndəlimə baxdım.

İndi səndəlimin qopması məndə tamam başqa hisslər yaratdı. Bu, nəinki faciə deyildi, hətta çox, həddən çox əhəmiyyətsiz xırdalıq idi.

MOTİVASİYA

Hər səhər oyananda günümü “İncil”ə motivə edirəm: Ruhunuzu söndürməyin.

Elə bil Tanrı lap yaxınımdadır.

KREM VƏ SƏNƏT

Dünən Qan Turalı ilə şəhərin mərkəzinə gedirdik. Tural Pyotr Veqinin şeirlərindən danışırdı. Yolu keçəndə elə bil məni elektrik vurdu. Dəhşət içində qışqırdım. Tural sözünü kəsib təəccüblə mənə baxdı:

- Nə oldu, şeir sənə təsir elədi?

- Yox, nə şeir? Şeir zad boş şeydir. Gün kremi vurmağı unutmuşam.

Tələsik, elə yolun ortasında çantamdan kremi çıxarıb üzümə çəkdim.

Sonra yolüstü marketə girdik, xırda para alış-veriş elədik. Metroya tərəf yol aldıq. Tural yenə nəsə ciddi söhbətlər edirdi. Birdən dayandım.

- Tural, dəhşət!

- Yenə nə oldu?

- “Noski” almaq yadımdan çixdi.

- Bu istidə “noski”ni neynirsən?

- Zalda kondisioner olsa gərək geyinim ki, ayaqlarım üşüməsin.

Sonra başladım, Turala soyuqdəymənin törədə biləcəyi fəsadlardan danışmağa.

Sənət söhbətləri yaddan çıxdı. Tural başını bulayib dedi:

- Sən adamı məhv edərsən. Elə sənin kimi qadınların üzündən bu ölkədə sənət zad yaranmır.

ZƏRDABİ VƏ ALMODOVAR

“Zərdabi” mükafatının təqdimatı ərəfəsində tipik qadın krizinə girdim. Qarderobu töküb töküşdürdüm. Onu götürüb bunu qoydum. Bunu qoyub onu götürdüm. Nəhayət, gözümü yumub seçimi elədim.

İndi də ayaqqabı seçmək lazım idi. Krem rəngli ayaqqabı uygun gəlirdi... Baxdım ki, ayaqqabı bir az sökülüb. Təmirçi iki məhəllə aşağıda idi.

İstədim gedim, amma düşünəndə ki, gün kremi vurmalıyam, paltarımı dəyişməliyəm, fikrimdən daşındım. Dəxlsiz, uyğun rəngi olmayan ayaqqabının üzərində dayandım.

Qaldı bərbər. Bərbərə də 5-10 manat xərcim cıxacaqdı.. Əlim gəlmirdi. Elə 5-10 manati verib kişmiş, ərik kurusu, badam alıb bədənimi vitaminlərlə zənginləşdirərdim.

Bütün günü əlləşib vuruşdum, saçımı fenlə düzəltdim. Axşam yatanda arxası üstə uzandım ki, saçım pozulmasın. Tərslikdən yuxum da gəlmirdi.

Başladım sado-mazoxist, erotik fantaziyalara qapılmağa ki, beynim yüngülləşsin. Bu qədər fantaziya düşün, yuxuda da rəhmətlik qonşumuz Məmmədəlini gör.

Səhər oldu, tədbirə getməmək üçün cürbəcür bəhanələr uydurmağa başladım. Vüsalədən və ya Tahirdən xahiş edərəm ki, mükafatı alsın. Mədəm də bulanırdı. Nəsə arqumentlərim özümə də əsassız gəldiyi üçün iki tetraskilin atib yola düzəldim.

Dayanacağa çatanda düşündüm ki, bəlkə taksi ilə gedim. “Xətai” metrosuna beş manata aparırdılar. Beş manatıma heyifim gəlirdi. Elə götür-qoy edirdim ki, avtobus gəldi.

Metronun qarşısımda Vüsalə ilə görüşəndə dedim ki, yadima sal, ora çatanda başımdakı sancaqları çıxarım. Saçımı külək dağıtmasın deyə, beş-on sancaq vurmuşdum.

Nəsə, tədbir oldu, bitdi, şəkil zad çəkdirdik. Zaldan çıxanda, dəhlizdəki güzgüyə baxdım. Gördüm ki, yanağımın bir tərəfində ənlik çoxdur. Bir az bunalıma girdim. Sonra da özümə təsəlli verdim ki, “əşşi cəhənnəmə ki”.

Evə gəldim, yuyundum, yemək yedim və yadıma düşdü ki, mükafat Tahirin maşınında qalıb...

Ardınca da yadıma Pedro Almodovar düsdü. Onun filmlərində qəhrəmanları yalnız “El Pais” qəzetini oxuyurlar. Çünki “El Pais” diktator Frankodan sonrakı İspaniyada ilk demokratik qəzetdir.

YUXU

Şərif Ağayarın yeni romanı hakimiyyət tərəfindən qadağan edilmişdi. İş məhkəməyə kimi getmişdi.

Hakimin gözlənilməz qərarı hamını çaş-baş saldı: “Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdıran bir qanun belə, çıxarıla bilməz.

Bizim ölkədə hər yazıçı, aktyor və ya prodüser seçdiyi yaradıcı ifadə vasitəsindən asılı olmayaraq, senzuradan azad olmalıdır”.

LƏYAQƏTLİ SUTENYOR

Pazolininin “Akkatone” adlı debüt filmi var. Maddi sıxıntı içində yaşayan, sutenyorluqla məşğul olan gənc haqdadır. O, hətta sevdiyi qadına sutenyorluq edir.

Bununla belə, onun xəyalları - sağlam, vicdanlı insan kimi yaşamaq istəyi, hətta arada ağır işdə işləməsi, ölümü və Pazolininin bütün əhvalatı poetik, sakral bir nəql texnikası ilə təsvir etməsi Akkatoneyə rəğbət hissi oyadır.

Ən çox rəğbət oyadan isə Akkatonenin öz sutenyorluğunu sosial ədalətsizliyə etiraz kimi qoymasıdır. Ümidsiz, gücsüz vəziyyətində belə, Akkatone müqavimət hissini itirmir.

Və bu cəhətləri ilə Akkatone peşəsi sutenyor olmayan, ləyaqətli işlərdə çalışan, həqiqətlərə və ədalətsizliklərə göz yuman, müqavimət, etiraz hissini itirmiş insanlardan dəyərlidir.

Akkatonenin italyancadan hərfi tərcüməsi “yoxsul” deməkdir.

TRAVMA

Bayaq Qan Turalla skamyada oturmuşduq. Gəlmişdən, keçmişdən, PKK terrorundan, ölkədəki durumdan, qadın-kişi münasibətlərindən danışırdıq.

Birdən gözüm ayağıma sataşdı. Dəhşətə gəldim, rəngim saraldı, bədənimi əsməcə tutdu. Tural az qala təcili yardıma zəng vuracaqdı.

Marketə qaçıb mənə su aldı, bir az içirtdi, üzümə sudan səpdi. Fəqət onun cəhdləri kolqotkamın baş barmaq hissəsindəki süzülmüş kiçik yerin travmasını unutdura bilmədi.

XS
SM
MD
LG