Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:37

Müəllimə şagirdin evindən oğurluq etməkdə suçlanır


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Paytaxtda ibtidai sinif müəlliməsi öz şagirdinin evindən oğurluq etməkdə suçlanır.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində, Habil Həsənova məxsus mənzildə baş verib. Sevinc Orucova Habil Həsənovun 9 yaşlı nəvəsi Cəlal Məmmədlinin müəlliməsi olmaqla yanaşı, həm də onların qonşuluğunda yaşayır. Müəllimənin yaşadığı bina Həsənovların binası ilə üzbəüzdə yerləşir. Sevinc müəllimə altı ildir ki, Cəlalı hazırlaşdırırmış. Bu məqsədlə bəzən Cəlal Məmmədli müəllimənin evinə gedir, bəzən də Sevinc Orucova şagirdigilin mənzilinə gəlirmiş. Ötən müddətdə müəllimə ilə şagirdin nənəsi Rima Həsənova arasında da kifayət qədər yaxşı münasibətlər formalaşıb.

TƏQSİRLİ BİLİNSƏ, 12 İLƏDƏK HƏBS CƏZASI ALA BİLƏR

Rima Həsənova deyir ki, iyunun 18-də mənzilindən qızıl-zinət əşyalarının yoxa çıxdığını görüb. Halbuki bundan cəmi üç gün əvvəl əşyaların hamısı yerində olub. Ona görə də son üç gündə evinə gəlib-gedənlərlə bağlı özlüyündə araşdırma aparıb. Həmin vaxt azyaşlı nəvəsi Cəlal bildirib ki, iki gün əvvəl evdə ondan başqa kimsə olmayanda Sevinc müəllimə onlara gəlib. Amma ona möhkəm-möhkəm tapşırıb ki, bu haqda kimsəyə bir söz deməsin.

Bundan sonra Rima Həsənova telefonla müəlliməni evinə çağırıb. Sevinc Orucova dərhal gəlib, lakin qızıl-zinət əşyalarından xəbəri olmadığını bildirib. Bundan sonra ev sahibi Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları ev sahibi ilə yanaşı, Sevinc müəlliməni də polis bölməsinə dəvət edib. Cinayət işinin materiallarına görə, orada dindirmə zamanı müəllimə qızıl-zinət əşyalarını götürdüyünü etiraf edib.

Sevinc Orucovaya qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 6 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Himayəsində iki azyaşlı uşağı olan Orucova barəsində məhkəmənin yekun qərarı bəlli olanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna da bax: Rus televiziyası erməni tarixçilərini lağa qoydu

ÖZÜNÜ TƏQSİRLİ SAYDIĞINI DEYİB

Sevinc Orucova həm istintaq zamanı, həm də məhkəmədə ifadə verərkən özünü təqsirli bilib. Hadisənin necə baş verməsinə gəlincə, bildirib ki, olaydan təxminən bir həftə əvvəl toya getmək üçün Rima Həsənovadan paltar və qızıl istəyib. Həsənova ona zinət əşyalarını verərkən onların yerini görüb. Müəllimənin dediyinə görə, hadisə baş verən gün – iyunun 16-da o, azyaşlı oğlu Hüseynlə həyətdə gəzərkən şagirdi Cəlal da onların yanına gəlib. Cəlal bir qədər Hüseynlə oynadıqdan sonra evlərinə gedib. Onlar isə həyətdə gəzməkdə davam edib. Az sonra Hüseyni ayaqyoluna aparmaq lazım olub: «Rimagilin ev telefonuna zəng elədim, telefona Cəlal cavab verdi. Dedim ki, «Hüseyn ayaqyoluya getmək istəyir, onu sizə qaldıra bilərəm?». Cəlal etiraz eləmədi. Onlar 9-mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayır. Onların evinə qalxdıq. Həmin vaxt evdə Cəlaldan başqa heç kim yox idi...».

Sevinc Orucovanın dediyinə görə, o, uşağı ayaqyoluna apardıqdan sonra şagirdinin bu biri otaqda olmasından istifadə edərək, yataq otağına keçib və əvvəl gördüyü yerdən iki mücrünü içindəkilərlə birlikdə götürərək çantasına qoyub. Həmin vaxt Cəlala da deyib ki, Hüseyni «McDonald's»a aparır, istəyirsə, onlarla birlikdə gedə bilər. Cəlal razılaşıb.

Sevinc Orucova oğlu ilə birlikdə şagirdigilin evini tərk edərək, Cəlala onu aşağıda gözlədiklərini deyib. Cəlal qapını bağlayıb düşənə qədər müəllimə mücrüləri binanın həyətində gizlədib. Daha sonra Cəlal gəlib və onlar birlikdə taksiyə minərək, «McDonald's»a gediblər. Orada yemək yeyib, sonra taksi ilə qayıdıblar, Cəlalı da həyətdən evlərinə yola salıb.

Buna da bax: AzadlıqRadiosunun daha bir jurnalisti hədəfə alınır

UŞAQ FƏRQLİ İFADƏ VERİB

Maraqlıdır ki, 9 yaşlı Cəlal məhkəmədə müəlliməsindən fərqli ifadə verib. O, bildirib ki, hadisə baş verən gün həqiqətən Sevinc müəllimə oğlu Hüseynlə həyətdə gəzirdi. Onu görəndə salamlaşıb, nənəsinin evdə olub-olmadığı ilə maraqlanıb. O isə müəlliməyə hazırda evdə heç kim olmadığını deyib. Bundan sonra Sevinc Orucova sanki onunla oynayırmış kimi hərəkət edərək, həyətdəki ağacdan tutu dərib onun üstünə yaxıb və nəticədə köynəyi ləkələnib. Müəllimə həmçinin uşağını ayaqyoluna aparmaq lazım olduğunu bildirərək, birlikdə onların mənzilinə qalxmağı təklif edib. Cəlal Məmmədlinin dediyinə görə, evdə Sevinc Orucova uşağı ayaqyoluna aparandan sonra ona o biri otağa keçib köynəyini dəyişməsini tapşırıb və onu oğlu ilə birlikdə «McDonald's»a aparmağı təklif edib: «Köynəyim tutla ləkələnmişdi deyə, otağa keçib onu dəyişdim. Mən otaqdan çıxanda Sevinc müəllimə artıq qapının ağzında dayanmışdı».

Müəllimənin onların evindən qızılları aparmasını görmədiyini deyən Cəlal Məmmədlinin bildirdiyinə görə, onlar taksi ilə metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı «McDonald's»a gediblər. Sevinc müəllimə taksini orada saxlatdırıb, onu isə maşından düşməyə qoymayıb: «Mənə dedi ki, «başını aşağı əy ki, görünməyəsən. Birdən nənən-baban görər, əsəbiləşər ki, niyə icazəsiz gəlmisən». Yeməyi özü alıb maşına gətirdi».

Cəlal deyir ki, onlar birbaşa evə gəlməyiblər. Sevinc müəllimə öz oğlu Hüseyni və onu evlərinin yaxınlığındakı 240 saylı məktəbin yanında tikinti gedən əraziyə aparıb. Həmin vaxt artıq hava qaralırmış və nənə-babası da onu evdə tapmayanda ətrafı gəzməyə başlayıblar. O, tikinti sahəsində qəfildən uzaqdan babasının səsini eşidib və cəld evə tərəf qaçıb. Həmin vaxt Sevinc müəllimə də onunla birlikdə gedib.

"19 MİN 25 MİN MANAT DƏYƏRİNDƏ ZİYAN"

Cinayət işinin materiallarına görə, Sevinc Orucova daha sonra mücrüləri həyətdə gizlətdiyi yerdən çıxarıb, ertəsi gün isə onları aparıb Mərkəzi Univermaqda və onun yaxınlığındakı qızıl mağazasında bir qismini 2 min 720, qalanı da 2 min 130 manata olmaqla, ümumilikdə 4 min 850 manata satıb. Satdığı mağazalarda da qızılların özünə məxsus olduğunu, qardaşının yol qəzası keçirməsi ilə əlaqədar satdığını deyib. Satıcılar qızılları almaq üçün ondan şəxsiyyət vəsiqəsini istəsələr də, sənədi götürmədiyini bildirib. Telefon nömrəsini versə də, onlara ad-soyadını səhv deyib. Qızılların satışından əldə etdiyi pullarla borclarını verib.

Qeyd edək ki, istintaq Həsənovların evindən qızıl-zinət əşyalarının oğurlanması nəticəsində onlara dəymiş ziyanı 19 min 25 manat həcmində dəyərləndirib.

Bu iş üzrə məhkəmə prosesində hazırda şahidlər dindirilir.

XS
SM
MD
LG