Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:59

Bazarda «komendant saatı»


Bazardakıların çoxu alverçilər olsa da, aralarında öz məhsulunu gətirib satanlar da var.
Bazardakıların çoxu alverçilər olsa da, aralarında öz məhsulunu gətirib satanlar da var.

-

... Alatoran olsa da, onlar çoxdan meyvə-tərəvəzi, qatığı-pendiri piştaxtalara düzüblər. Bir azdan buraları ən dadlı meyvə, ən faydalı tərəvəzlər haqqında çağırışları da bürüyəcək.

...Bazardakıların çoxu alverçilər olsa da, aralarında öz məhsulunu gətirib satanlar da var. Elə Fərid Məmmədov kimi. Cəlilabaddan bir neçə kisə kartof gətirib. Fərid zarafatla deyir ki, rayon və yük maşınlarına qoyulan vaxt qış rejiminə keçdiyindən kəndlilər daha çevik olublar:

«Biri mənim qardaşım. Axşam saat 10-da şəhərə girib malları əlimyandıda mənə çatdırır. Tez də çıxıb gedir ki, səhər saat 7-yə qədər izi-tozu qalmasın».

GÜNÜ 3 MANATA EV VƏ İSTİ PERAŞKİ

Həyətlərinin məhsulunu Fəridə həftədə bir dəfə qardaşı Həmid çatdırır. Özü isə bazarın yaxınlığındakı gündəlik kirayə evdə qalır:

«Günü 3 manata ucuz evdir. Buradakıların çoxu elə o cür evlərdə qalır. Bir az artıq qiymətə gücümüz çatmaz. Heç bizə eləsi də lazım deyil. Malımızı satıb gedirik. Bir də bir-iki aydan sonra gələcəyik».

Yaşlı qadının əlində üstünü sellofanla örtdüyü podnos görünən kimi piştaxta arxasında dayananların üzü gülür:

«Gəl çıx da, ay Kübra xala. Bayaqdan peraşkiləri gözləyirik».

Qadın hər piştaxtaya 2-3 peraşki verib qəpikləri cibinə doldurur:

«Bu bazardakılar olmasa, dolana bilmərəm. Aldığım 120 manat pensiya məni dolandırmır . Axşamlar peraşki bişirib səhər tezdən bura gətirirəm. Yağın iyindən gecəni də yata bilmirəm».

Qadın pullarını alıb qonşu piştaxtalara yaxınlaşır.

«GECƏ QARA, CÜCƏ QAR, AİLƏNİN YANINDA DA ÜZÜMÜZ QARA»

Bazarın topdansatış yerində isə yeşiklər, kisələr iri yük maşınından düşürdülür. Yük maşınının sürücüsü meyvə-tərəvəz boşaldanları tələsdirir:

«Ay uşaqlar, tez eləyin 7-nin yarısıdır. Bir azdan «komendant saatı» başlayacaq, mən getməliyəm».

Fətulla Əliyev deyir ki, maşını rayon nömrəsidir. Gətirdiklərini boşaldıb Bakıda yaşayan dayısının evinə gedəcək:

«Hökumətin sayəsində artıq neçə vaxtdır gecəquşuna dönmüşük. 7-dən sonra küçədə maşınımız görünməməlidir. Artıq öyrənmişik. Bəlkə də belə yaxşıdır. Hamı işə gedəndə sən artıq işini qurtarmış olursan. İndi dayımın evinə gedəcəyəm, bir az dincəlib gecə rayona çıxacağam».

Fətulla deyir ki, meyvə-tərəvəz yüklədyi maşını özünündür:

«Şükür Allaha, ruzimizi yetirir. Gündə 5-10 manat qazanıram. Ancaq gecələr işləməliyəm. Gündüz işləyəndə daha çox pul qazanırdım. İşim çox olurdu. İndi ancaq burayla dolanıram. Necə deyərlər, gecə qara, cücə qara, bizim də ailənin yanında üzümüz qara»....

BAZARDAKILARA BAKI NÖMRƏSİ OLAN MAŞIN SƏRFƏLİDİR

Hava işıqlaşdıqca alverçilər bazara gəlir. Kisələri Bakı nömrəli maşınlarına yükləyib uzaqlaşırlar. Salyandan üzüm gətirib satan tələbə Vüqar deyir, gərək Bakı qeydiyyatında olan maşın alsın:

«Yoxsa belə çətindir. Hələ malları Salyandakı qohumlarım gətirir. Bir də görürsən, yollar tıxac olduğuna görə gec gəlib çıxırlar. Mən də bütün gecəni bunlarla əlləşirəm. Sonra da saat 12-yə qədər nə satdım, satdım. Bir az nəsə yeyib dərsə qaçmalıyam».

MÜƏLLİM MAAŞININ BAZARLIĞI

Artıq alıcılar da görünməyə başlayır. Müəllim işləyən Fəridə Babayeva deyir ki, məktəbə getməmişdən əvvəl bazara gəlir:

«Səhər-səhər ucuzluq olur. Aparıb evə qoyub işə gedirəm. Evdə uşaqlar dedi ki, «ay ana, bu gün müəllimlər günüdür, bazara sən getmə, biz gedərik». Dedim «özüm gedəcəyəm, nəyi necə alacağımı özüm yaxşı bilirəm»».

Fəridə Babayeva deyir ki, bazara tez-tez gəldiyindən gündəlik gərəkən şeyləri alır:

«Dəstəsi 10 qəpikdən şüyüd-keşniş aldım. 80 qəpiyə 2 kilo kartof, 50 qəpiyə bir kilo soğan, 60 qəpiyə bir kilo badımcan. Müəllim maaşının bazarlığı belə olar».

ÇİYƏLƏYİN VEDRƏSİ 15 MANAT, KİŞMİŞ, ZOĞAL – 3 MANAT

Alıcılar qiymətlərin bəzilərinin ciblərinə görə, bəzilərininsə baha olduğunu deyir. Fidan Kərimova deyir ki, üzüm alacaq. Kilosu 60 qəpikdir:

«Ancaq kişmiş bahadır, kilosu 3 manat. Zoğal alıb mürəbbə bişirmək istəyirdim. Yaxşı zoğalın kilosu 3 manat 50 qəpik, 3 manatdır. 2 manata da var. Ancaq içində əzikləri çoxdur. Ya da çiyələk, vedrəsi bir az böyükdür deyə, 15 manatadır. Deyəsən, bunlardan ala bilməyəcəyəm».

Ağ kişmiş salxımını göstərən satıcı isə malına baha deyilməsi ilə razılaşmır:

«Bu adi sort deyil axı. Gör nə gözəllik var bunda. Həm də bundan sonra üzüm qurtarır, axırıdır».

Lənkəran limonunun biri 40 qəpik, Göyçay narının kilosu 1 manat, Quba almasınınsa 3 kilosu 1 manatdır.

QAZ ƏTİNİ KİM YEYİR?

Bazarın bir başqa hissəsində isə diri toyuq, qaz, ördək satılır. Satıcı deyir ki, qaz 15 manatdır, kəsib, təmizləyib 8 manata satır, toyuğu isə 7-8 manata:

«Ancaq deyim, yemək üçün alanlar az olur. Ümumiyyətlə, alıcı azdır. Arabir toyuq-cücə saxlamaq istəyənlər alır. Bir də qaz əti yemək istəyənlər. Qaz ətini də evində toyuq, qoyun, mal əti olanlar alır. Yoxsa həftədə bir kilo ət alan adam heç vaxt gəlib qaz əti almaz».

Bazarda ən ucuz isə göy-göyərtidir. Satıcılar da, alıcılar da göyərtinin qiymətindən razıdır:

«Tərxundan başqa hamısı 10 qəpikdir. Həm ucuz, həm də faydalı».

XS
SM
MD
LG