Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:30

Jurnalistə cəza kəsən hakimin qaranlıq işləri


Şirin Abbasov
Şirin Abbasov

►Hakim Anar Rzayev korrupsiyaya şərait yaratmaqda ittiham olunandan bir neçə gün sonra MeydanTV-nin jurnalistinə cəza kəsib...

Kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdikləri üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib

Bu həmin Anar Rzayevdir ki, "Meydan TV" ilə əməkdaşlıq edən Şirin Abbasovun həbsinə qərar verib.

Şirin Abbasova polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilməsinə dair qərar sentyabrın 16-da çıxarılıb. Hərçənd, jurnalistin məhz Yasamal Rayon Məhkəməsində hakim Anar Rzayevin çıxardığı qərar əsasında həbsdə saxlanıldığı təxminən iyirmi gün sonra məlum oldu.

Şirin Abbasovun vəkili Elçin Sadıqov oktyabrın 5-də məlumat yayana qədər məlum deyildi ki, o, sentyabrın 16-dan bəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hansı qərar əsasında saxlanılır. Vəkilin dediyinə görə, paytaxtın bütün rayon məhkəmələrinə sorğu ilə müraciət edib və bu yolla nəhayət ki, hansı məhkəmədə, hansı hakimin qərar verdiyini müəyyənləşdirib.

Araşdırma zamanı məlum olub ki, Anar Rzayev jurnalist barədə bu qərara imza atmamışdan 13 gün əvvəl - sentyabrın 3-də Məhkəmə-Hüquq Şurası onun özünü "korrupsiyaya şərait yaradan hallara yol verdiyinə" görə cəzalandırıb. Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Buna da bax: Bakı Avtovağzalında çatlar əmələ gəlib- [video]

Daha hansı hakimlər ittiham olunur?

Məhkəmə-Hüquq Şurasının korrupsiyaya şərait yaratmaqda günahlandırsa da, hakim vəzifəsində saxlamağı məqsədəuyğun bildiyi şəxslərin sırası təkcə Anar Rzayev və Hüseyn Mirzəliyevlə məhdudlaşmır. Bir müddət əvvəl də Məhkəmə-Hüquq Şurası"fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə" bu hakimlərə töhmət vermişdi:

Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov

Qəbələ rayon məhkəməsinin hakimi Tofiq Məmmədov

Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayev

Nizami rayon məhkəməsinin hakimi Ziya Əliyev

Eyni səbəblə, Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılov və Hacıqabul rayon məhkəməsinin hakimi Malik Qarayevə isə sadəcə, irad tutmaqla kifayətlənmişdilər.

Və yaxud "korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə" görə Şəki İnzibati İqtisadi Məhkəməsinin hakimləri Mübariz HüseynovSəadət Zeynalovanın başqa işə keçirilməsinə qərar verilmişdi.

Buna da bax: Şey... zad... milli dəyər...

"Mənim səlahiyyətim yoxdur"

Məhkəmə-Hüquq Şurası kimi kifayət qədər ciddi bir qurum hakimi korrupsiya ilə əlaqəli hansısa məsələdə günahlandırıb cəzalandırırsa, deməli, ortada konkret faktlar olmalıdır. Əgər konkret faktlar varsa, belə bir hakimə bundan sonra da insanların taleyini etibar etmək nə dərəcədə doğrudur?

Belə hakimin hansı əsasla vəzifədə saxlanıldığını öyrənmək üçün Məhkəmə-Hüquq Şurası ilə əlaqə saxladıq. Dəftərxanadan bildirildi ki, medianın suallarını yalnız Məhkəmə-Hüquq Şurası Aparatında cavablandıra bilərlər. Aparatın sektor müdiri Zahid Məmmədov sualımızı dinləsə də, onu cavablandırmağa səlahiyyəti olmadığını bildirdi. Aparatın rəhbəri Cavid Hüseynov isə ümumiyyətlə, zənglərə cavab vermədi.

"Korrupsiyada günahlandırıb vəzifədə saxlamaq anormal haldır"

Müzəffər Baxışov
Müzəffər Baxışov

"Hüquqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, bir tərəfdən hakimin korrupsiyaya şərait yaratdığını konkret qərarla təsdiqləyib, o biri tərəfdən də onu vəzifədə saxlamaq normal hal deyil.

Hüquqşünasın fikrincə, "korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə" cəza növü kimi hakimin iş yerinin dəyişdirilməsi də absurddur:

"Belə çıxır ki, indi işlədiyi yerdə korrupsiyaya şərait yaradan hallara yol vermək olmaz, amma göndərildiyi yerdə olar?! Bu nə yanaşmadır?"

Ekspertin sözlərinə görə, Azərbaycanda korrupsiya qanunvericilik səviyyəsində təsnifatlaşdırılıb:

"Korrupsiyaya qarşı mübarizə haqqında qanuna görə, korrupsiya xarakterli addımların bir qismi inzibati hüquqpozma, bir qismi isə cinayət əməli hesab olunur. Yəni konkret təsnifat aparılıb. Məhkəmə-Hüquq Şurasının korrupsiyaya şərait yaratdığını təsdiqlədiyi hakimi nəyi əsas götürüb vəzifədə saxladığı haqda dəqiq söz demək çətindir. Bəlkə onlar da bu cür təsnifatlaşdırıblar?"

Müzəffər Baxışov onu da qeyd edir ki, Azərbaycanın məhkəmə sistemində hakimlərin vəzifə taleyi eyni zamanda Məhkəmə-Hüquq Şurasının sədri olan ədliyyə naziri Fikrət Məmmədovun onlara münasibətindən birbaşa asılıdır:

"Bu cür məsələlərdə Fikrət Məmmədovun rəyi həlledici rol oynayır".

Ekspert əlavə edir ki, Azərbaycanın məhkəmə sistemində hakim özbaşına heç bir qərar verə bilməz:

"Ən azı, onu nəzərə almaq lazımdır ki, qətnamə,qərardad, hökmlərə vurulan möhür məhkəmə sədrlərində olur. Hakim verdiyi qərarı təsdiqləmək üçün necə deyərlər, ən azı, sədrin "qılıncının altından keçmək" məcburiyyətində qalır".

XS
SM
MD
LG