Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:55

Dənizin ölümünə görə özünü təqsirli bildi


Dəniz Qorçu
Dəniz Qorçu

-

Oktyabrın 16-da Qobustan rayon Məhkəməsində «Hər fəsil» istirahət mərkəzində 10 yaşlı Dəniz Qorçunun ölümü ilə nəticələnmiş olay üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə AzadlıqRadiosuna zərərçəkən tərəfin vəkili Sadiq Əfəndiyev məlumat verib.

Prosesdə hadisə zamanı ölən Dəniz Qorçunun atası Tərlan Qorçu, təqsirləndirilən Aytən Əzizova və hadisə şahidləri – Oksford məktəbinin olay yerində olan müəllimləri və istirahət mərkəzinin mühafizəçiləri dindirilib.

Vəkil deyir ki, istintaqa verdiyi ifadəsindən fərqli olaraq, məktəblilərdən birinin elektromobili idarə edən şəxsi dayəsi Aytən Əzizova məhkəmədə özünü təqsirli bildiyini deyib.

Şahidlər də öz ifadələrində Aytən Əzizovanın təqsirli olduğunu təsdiqləyiblər.

DAHA AĞIR MADDƏ İSTƏNİLİR

Vəkil Sadiq Əfəndiyev ekspertizanın təşkiliylə bağlı vəsatət qaldırıb:

«Biz Aytən Əzizovanın daha ağır maddə ilə təqsirli bilinməsini istəyirik. Bu isə ekspert rəyindən asılı bir məsələdir. İttiham tərəfi deyir ki, cinayətin predmeti olan elektromobil cinayət qanununda nəzərdə tutulan mexaniki nəqliyyat vasitəsi sayılmır, çünki mühərrikinin gücü, sürəti azdır. Ancaq bizim mövqeyimiz odur ki, bunu, ekspertiza müəyyən etməlidir. Ona görə də, məhkəmədən ekspertizanın təşkilini istədik».

Hakim bu vəsatətə sonrakı proseslərdə araşdırılıb qiymət veriləcəyini bildirib.

Növbəti məhkəmə iclası oktyabrın 23-ü saat 11:00-a təyin olunub.

Ötən il mayın 23-də Qobustan rayonunun «Hər fəsil» istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Elektromobili sürən Aytən Əzizova barəsində polisin nəzarəti altına verilmə ilə qətimkan tədbiri seçilib.

Məhkəmə hazırda Aytən Əzizova ilə bağlı işə baxır.

Dünyasını dəyişən 10 yaşlı Dəniz «Tutu» uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.

XS
SM
MD
LG