Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:23

Yüzlərlə namizəd seçkidən niyə geri çəkildi?


►“Təkcə təbliğat prosesinə təxminən 20 min manat lazımdır, 400-500 adam səfərbər olur."

Son 10 gündə 450-dən çox şəxs namizədliyini geri çəkib. Bir qədər öncə 1246 nəfərin namizədliyi qeydə alınmışdı. Hazırda 770-dən çox namizəd mübarizəni davam etdirir.

Namizədliyini geri götürənlərin siyahısı isə, belə görünür, noyabrın 1-də keçiriləcək parlament seçkisinə qədər genişlənəcək.

Niyə deputatlığa namizəd olub sonradan geri çəkilirlər? Nəyə güvənib sonradan yanıldıqlarını anlayırlar?

Buna da bax: "İlqar Məmmədovun həyatına təhlükə var"

“Pulsuz efir gözləyirdim”

Aslan İsmayılov
Aslan İsmayılov

Namizədliyini geri götürdüyünü oktyabrın 20-də Facebook hesabında bəyan edən tanınmış hüquqşünas Aslan İsmayılov AzadlıqRadiosuna müsahibəsində deyir ki, onun əvvəldən deputat seçilmək niyyəti olmayıb:

“Bununla 5-ci dəfədir ki, parlament seçkisinə qatılıram. Yalnız 1995-ci ildə deputat seçilmək, Milli Məclisdə təmsil olunmaq fikri ilə seçkiyə getmişdim. Yerdə qalan seçkilərdə əsas niyyətim baş verən qanunsuzluqları üzə çıxarmaq, demək olub. Dəqiq bilirdim ki, seçki saxtalaşdırılacaq. Bu dəfə də pulsuz efir imkanından yararlanıb ölkədə baş verən problemləri, uçuruma getdiyimizi xalqa çatdırmaq istəyirdim. Ancaq pulsuz efir imkanı yaradılmadı”.

Aslan İsmayılov deyir ki, bundan sonra seçki prosesini davam etdirməyi mənasız sayır:

“Onsuz da təbliğatla bağlı heç bir addım atmamışdım, maraqlanan adamlara da deyirdim ki, “tələsməyin, mövqeyimi görəcəksiniz”. Ancaq İctimai TV pulsuz efir ayırmadı. İndi kiçik video-müraciət yaymışam, həftə içində daha geniş video müraciət yayacam”.

Hüquqşünas əlavə edir ki, imzatoplama kampaniyasında hər hansı maneə ilə üzləşməyib:

“Ancaq heç bir görüş keçirmədim, Milli Şuranın da boykot qərarını yanlış sayıram, mütləq seçki prosesindən yararlanıb camaatla ünsiyyətdə olmaq lazım idi”.

Buna da bax: “Sehrli xalat” sənədli film oldu

“İnamsızlıq yarandı”

Büdcə təşkilatlarının işçiləri, yerli icra strukturlarında çalışanlar YAP-ın namizədinin təbliğatına səfərbər olunmuşdular.

Namizədliyini geri götürənlərdən biri, “deputatlığa namizəd” stajı olan Tapdıq Abbası isə bu qərarı verməyə seçkinin ədalətli keçəcəyinə inamsızlığı vadar edib. AzadlıqRadosuna müsahibəsində Tapdıq Abbas deyir ki, imzatoplama kampaniyası zamanı hər hansı süni əngəllə üzləşməyib, amma təbliğat kampaniyası başlayanda hakim partiyanın namizədinin təbliğatına rayon rəhbərliyinin dəstək verdiyinin şahidi olub:

“Büdcə təşkilatlarının işçiləri, yerli icra strukturlarında çalışanlar YAP-ın namizədinin təbliğatına səfərbər olunmuşdular. Bu da məni məyus etdi, seçicilər də inamsız idilər, keçən dəfəki seçkilər kimi keçiriləcəyi açıq-aşkar görünürdü. Təsəvvür edin ki, YAP-ın namizədini nə yerli camaat tanıyır, nə də respublikada tanınan biridir”.

Tapdıq Abbas deyir ki, seçki ərəfəsi onda demokratik seçkiyə inam yaranıb:

“ATƏT seçkinin müşahidəsindən imtina elədi, fikirləşdim ki, bəlkə hakimiyyət yumşalıb əvvəlki illərə nisbətən daha ədalətli proses keçirə. Həm də eşitmişdim ki, seçicilər arasında nüfuzu olan namizədlərə mane olmayacaqlar. Ancaq təbliğat başlayanda bunun belə olmadığını gördüm. Mən 3 dəfə bu dairədən səs toplamışam, amma səsim hakimiyyətin namizədinə yazılıb, bu dəfə də belə olacağını gördüm”.

Erkin Qədirli
Erkin Qədirli

Müsahibimiz deyir ki, sonunda məyus və peşiman olmaqdansa, indidən geri çəkilməyə üstünlük verib:

“Bir təbliğat prosesinə təxminən 20 min manat lazımdır, 400-500 adam səfərbər olur. Pulu xərcləyəsən, sonra da məlum olsun ki, o qədər xərci, o qədər zəhməti boş-boşuna çəkmisən”.

Buna da bax: “Mərkəzi Bank bankların çaldığı havanı oynayır...”

“Öz qərarımdı, əvəzində heç nə təklif olunmayıb”

REAL-çı Erkin Qədirli namizədliyini geri götürməsinin səbəblərini detalları ilə açıqlamaq istəməsə də, Facebook səhifəsində bunun öz qərarı olduğunu bildirib. Dediyinə görə, hər hansı təzyiqlə üzləşməyib, namizədliyini geri götürmək əvəzində ona heç nə təklif olunmayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkiləri zamanı bəzi şəxslərin namizədliyini geri götürməsini normal proses sayır. O, bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “istənilən namizədi deputatlığa namizədliyini geri götürməyə vadar edən əsas cəhət odur ki, o, bu yolda nə qədər nailiyyət əldə edə biləcəyini hesablayır və bunun əsasında qərar qəbul edir”.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Ölkədə parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

XS
SM
MD
LG