Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:38

Köçkünlər: "Bizə insan kimi yanaşsınlar"


İllüstrasiya
İllüstrasiya

►“Binadakı mənzillərin çoxu su altında qaldı. Uzun illərdir burada məskunlaşmışıq, hərəmiz bir xəstəlikdən əziyyət çəkirik. Hamısı şəraitsizlikdən, nəmişlikdən”

Oktyabrın 6-a keçən gecə Bakıya yağan güclü yağışdan sonra əsasən istismar müddəti ötmüş və qəzalı binalarda su dizə çıxdı.

AzadlıqRadiosunun “Qaynar xətt”inə bununla bağlı çoxlu sayda şikayətlər daxil oldu. Qəzalı yataqxanalarda məskunlaşanlar yaşayışlarına tükənməyən əngəllərdən cana doyduqlarını deyirlər.

Bu dəfə isə “Qaynar xətt”ə Tbilisi prospekti 31/66 ünvandakı binada yaşayan məcburi köçkünlər müraciət ediblər.

Onlar iki həftə əvvəl yağan yağışın fəsadlarını hələ də yaşamaqdadırlar.

Buna da bax: Xəbərdarlıq: Bu brauzer saxtadır

MƏNZİLLƏR SU İÇİNDƏ

“Binadakı mənzillərin çoxu su altında qaldı. Uzun illərdir burada məskunlaşmışıq, hərəmiz bir xəstəlikdən əziyyət çəkirik. Şəxsən mən xərçəng xəstəsiyəm, övladımın ciyərləri xəstədir… Hamısı şəraitsizlikdən, nəmişlikdən…”

Yağışdan sonra evinin qapı-bacasını bağlayıb bacısının evinə sığınan Fatma Cəlilova çarəsiz durumdadır. Deyir, üzüqışa xəstə canı və xəstə övladı ilə hara sığınacağını bilmir:

“Bir tərəfdən də qış gələndə vəziyyət lap dözülməz olur. O binada yaşayan iki ailədən birində astma xəstəsi var”.

Binanın başqa sakini Heydər Səfərov:

“Gəlirlər, yazırlar, gedirlər. Hamısı da boş… Bina pis vəziyyətdədir. “Qaçqınkom”dan dəfələrlə gəliblər, binanın şəkillərini çəkiblər. Özləri də etiraf edirlər ki, bina zərər çəkib. Ancaq bizi köçürmürlər. Şəxsən mən bir köçkün ailəsi kimi daimi yaşayış yeri istəyirəm. İstəyirəm ki, bizə də insan kimi yanaşsınlar. Elə “köçkündür, canı çıxar, daş-kəsəkdə də ömrünü sürər,” deyə yanaşmasınlar. Bu ölkənin vətəndaşlarıyıq, bizim də normal şəraitli evlərdə yaşamaq haqqımız var. Nə vaxt torpaqlarımız özümüzə qayıdar, verdikləri evlərinin açarlarını özlərinə qaytarıb çıxıb gedərik elimizə-obamıza…”

Buna da bax: DİN Tofiq Həsənli haqda açıqlama verdi

SƏBƏB ARTIRMALARDIR

Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, köçkünlər oktyabrın 6-da binanın yaxınlığındakı yolu bağlayıblar. Elə həmin gün əraziyə Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi gəlib. Komitə rəhbərliyi köçkünlərə bildirib ki, binanın belə vəziyyətə düşməsinin səbəbkarı özləridir. Binada o qədər artırmalar var ki, az qalır, bina tab gətirməsin. Elə yağışdan zərəri də əsasən həmin artırmalar çəkib.

İcra hakimiyyətindən o da bildirilib ki, bir müddət əvvəl köçkünlərə regionlarda inşa edilmiş fin tipli evlər təklif olunsa da razılaşmayıblar və Bakıda yaşamaq istədiklərini bildiriblər. Bu istəklərinin həyata keçməsi üçün isə hələ uzun müddət hazırda yaşadıqları binadakı çətinliklərə dözməlidilər.

XS
SM
MD
LG