Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:18

Seçkidən sonra daha səs-küylü həbslər gözlənilir


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

Mətbuat Milli Təhlükəsizlik Nazirliyində baş verənləri yenə də diqqət mərkəzində saxlayır və «təmizləmə əməliyyatı»ndan yazır. «Azadlıq» qəzetində oxuyuruq: «Eldar Mahmudov və komandasının yeni cinayətləri; seçkidən sonra daha səs-küylü həbslər gözlənilir».

Qəzet yazır ki, MTN-də təmizləmələr davam edir. Qurumun 7 yüksəkvəzifəli əməkdaşının həbsindən sonra 9 nəfər də vəzifədən azad edilib. Onlardan dördü generaldır.

«Azadlıq»ın əldə etdiyi məlumata görə, parlament seçkilərindən sonra MTN-dəki şəbəkənin kənardakı üzvləri, həmçinin şəbəkəyə daxil olanların vəzifədəki adamları «vurulacaq». Məlumatda bildirilir ki, hazırda bu şəbəkəyə bağlı olan məmurlar təşviş içindədirlər. Bundan başqa, şəbəkənin əsas üzvləri Akif Çovdarov, Elçin Quliyev, Hilal Əsədov və digər generalların da seçkilərdən sonra həbs oluna biləcəyi deyilir. Həmin şəxslərin hazırda nəzarət altında olduğu bildirilir.

«Azadlıq» daha sonra yazır ki, MTN ətrafında baş verənlər digər məmurların da narahatlığına səbəb olub: «Onların narahatlığına səbəb MTN-dəki şəbəkədə ciddi kompromatların olması ehtimalıdır. Məmurlar düşünür ki, şəbəkə diqqəti yayındırmaq üçün həmin kompromatları dövriyyəyə buraxa bilər».

Eldar Mahmudov.
Eldar Mahmudov.

KEÇMİŞ NAZİRDƏN 2 MİLYARDI QAYTARMAQ TƏLƏB OLUNUR

«Yeni Müsavat» da bu mövzuya yer ayırıb.

«Eldar Mahmudovun brilyant əli üzə çıxdı» başlıqlı məqalədə deyilir ki, MTN-də xüsusi əməliyyat prezident İlham Əliyev Qazaxıstana getməmişdən öncə, dövlət başçısının birbaşa nəzarəti altında məxfi şəraitdə hazırlanıb: «MDB dövlət başçılarının sammitindən qayıtdıqdan dərhal sonra prezident Eldar Mahmudovu Prezident Administrasiyaya çağırtdıraraq, onun rəhbərlik etdiyi qurumda böyük cinayətlərə yol vermiş dəstənin… fəaliyyətlərini əks etdirən qovluğu ortaya qoyub, onu vəzifəsindən azad etdiyini bildirib».

Qəzet daha sonra yazır ki, işdən çıxarılan və həbs edilənləri daha bir çətin sual da gözləyir: «Eldar Mahmudovun Beynəlxalq Bank rəhbərliyində oturmuş qudası səbəbindən hökumətlə problemləri vardı, külli miqdarda kreditin həm də onun razılığı ilə müxtəlif adamlara verildiyi təsdiqlənmişdi. Bu ilin fevralında devalvasiya zamanı bunun baş verəcəyini öncədən bilən Mahmudov qudası, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevlə əlbir olaraq, təxminən 2 milyard qazanc əldə edib və bu pulları təcili ölkədən çıxarıb. Hazırda keçmiş nazirdən ilk növbədə həmin 2 milyardı qaytarmaq tələb olunur».

Bakıda yağış.
Bakıda yağış.

GÖLMƏÇƏ AYSBERQ KİMİDİR

«Bizim yol» yağışdan sonra Bakı küçələrində yaranan vəziyyətə toxunub: «Gölməçə aysberq kimidir».

Qəzet yazır ki, bu il də Bakıya yağan yağışın fəsadlar nəticəsində yollarda avtomobillərin hərəkəti üçün problemlər yarandı: «İri gölməçələr Bakının bəzi əsas küçə və prospektlərində səhər saatlarından tıxaclar yaradıb. Bu səbəbdən şəhərin bəzi küçələrində sərnişinlər avtobuslardan düşərək piyada hərəkət ediblər.

Yüz milyonlarla investisiya qoyulmasına rəğmən problemlər azalmır.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da deyir ki, yollarda su yığınının yaranmasının səbəblərindən biri də suyu ötürməli kollektor sisteminin hər yerdə olmaması, yaxud yaxşı işləməməsidir».

BMT-nin Baş qərargahı.
BMT-nin Baş qərargahı.

BMT-NİN YARANMASINDAN 70 İL KEÇİR

«Azərbaycan» qəzeti 70 yaşlı qurumla müstəqil Azərbaycanın əlaqələrindən yazır:

«Azərbaycan-BMT əməkdaşlığında Dağlıq Qarabağ münaqişəsi xüsusi əhəmiyyət kəsb edir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ulu öndər Heydər Əliyevin xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların gündəliyinə salınması bu qurumlarla Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə paralel aparılırdı. Bu illər ərzində Azərbaycan BMT-nin bir çox konvensiyalarına qoşuldu, beynəlxalq hüququn milli maraqlara uyğun gələn tələbələrini yerinə yetirməklə bağlı öhdəlik götürdü».

Qəzetin yazdığına görə, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan Azərbaycan iki ildə qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib. Sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.

XS
SM
MD
LG