Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:38

Ürəyinizdə şübhə yoxdursa (B.Rasselin müsahibəsi)


Bertrand Russell
Bertrand Russell

- "Heç nəyə sonacan inanmaq olmaz, ona görə də bütün inandığınız şeylərdə az da olsa şübhəçiliyə də yer qalmalıdır, ancaq bütün şübhələrinizə baxmayaraq, siz gərək öz gücünüzə olan inamınızı da itirməyəsiniz."

"Bəlli olduğu kimi, öyrənmək istədiyiniz istənilən predmeti qavramağın yolu onu incələməkdən keçir. Siz bu predmeti ardıcıl olaraq incələyərək, gəlib elə bir yerə çıxa bilərsiniz daha bundan o yana incələməyə yer qalmasın, incələdiyiniz predmetin gəlib çıxıdığınız bu sonuncu durumu məntiqli atom olacaqdır."

FƏLSƏFƏ NƏ DEMƏKDİR?

Bertran Rasselin müsahibəsi Araz Gündüzün tərcüməsində

– Lord Rassel, fəlsəfə nə deməkdir?

–Bu, söz çəkişməsinə gətirən bir sualdır. Mən inanmıram, iki başqa-başqa filosofun bu suala verdikləri cavablar biri-birinə oxşasın.

Mənim cavabım isə belədir: fəlsəfə, dəqiq öyrənilməsi mümkün olmayan predmetlər(matters) haqqında düşüncələrdir. Ancaq doğrusu, bu mənim öz yozumumdur.

– Elm ilə fəlsəfənin fərqi nədədir?

–Qısa olaraq belə də demək olar: elm–bizim bildiklərimizdir, fəlsəfə isə bilmədiklərimizdir.

Bu sadə tərifdən, biliklərimizin çevrəsi genişləndikcə, bir çox sualların cavabının nə üçün artıq fəlsəfədə yox, elmdə axtarıldığının səbəbi də bəlli olur.

– Deməli, nə isə artıq bəllidrsə, açıq-aydın yozula bilirsə, onlar artıq fəlsəfi anlayış olmaqdan çıxıb elmi anlayışa çevrilirlər?

–Elədir, bundan başqa, keçmişlərdə fəlsəfəyə aid olunan bir çox suallar da bu gün artıq ondan ayrılmışlar.

– Fəlsəfənin nə yararı vardır?

Bertrand Russell
Bertrand Russell

-Mənim düşüncəmə görə, fəlsəfənin ən çox iki oblast üzrə işəyararlığı vardır.

Onlardan biri, hələ elmi sferaya düşə bilməyən predmetlər üzrə düşüncələrə yardımçı olmağa çalışmaqdır.

Burası da var, elm insanı ilgiləndirən, həm də ilgiləndirməli olanların, çox az bir kəsimini qapsaya bilir, bütün bu yerdə qalanlarla insanı ilgiləndirmək işini isə fəlsəfə öz üzərinə götürməli olur.

Olduqca böyük önəmi olan çoxlu elə nəsnələr vardır, elm onlar haqqında bu gün çox az bilir, ona görə də, məncə, insan düşüncələrinin hansısa bəlli çərçivələrdə ilişib qalması düzgün sayıla bilməz.

Mənim düşüncəmə görə, fəlsəfənin başqa bir işəyararlığı onun, dünyanın quruluşu üzrə insan təxəyyülünü genişləndirməsində, insanın idrakını hipotezlərə gətirib çıxara bilməsindədir.

Fəlsəfənin önəmli sayıla biləcək yaralarından biri də, bəlli olduğunu sandığımız bir çox nəsnələr üzrə özlüyündə heç nə bilmədiyimizi bizə anlatmasındadır.

Fəlsəfə bir yandan bizi öyrənə biləcəyimiz nəsnələri qavramağa yönəldir, o biri yandan isə, bizim bilik saydığımız çoxlu nəsnələrin özlüyündə yanlış olduğunu bizə anladır.

– Siz indi, sonradan doğrularaq önəmli sonuclara gətirib çıxarmış hipotezlərin örnəyində, bu dediklərinizi bir az da geniş açıqlaya bilərsinizmi?

–Olar. Bunu aydınlaşdırmaq üçün ən yaxşısı əski çağ yunan fəlsəfəsinə baxmaq olardı.

İlk olaraq yunanlar, sonradan böyük dəyərləri olduğu üzə çıxan çoxlu hipotezlər irəli sürmüşdülər, ancaq onların çağında bu hipotezlərin doğruluğunu yoxlamaq mümkün deyildi.

Örnək üçün, atomlarla bağlı hipotezi götürək. Demokrit hələ o çağlarda, atomla bağlı olan hipotezi irəli sürmüş, materiyanın çox kiçik atomlardan qurulduğunu demişdi, bundan iki min il sonra, onun bu düşüncələrinin elmi baxımdan bütünlüklə doğru olduğu bəlli oldu, ancaq o əski çağlarda bu yalnız elə bir hipotezdən başqa bir şey deyildi.

Başqa bir örnək. İlk öncə Aristarx, Günəşin Yerin başına deyil, Yerin Günəşin başına dolandığı hipotezini irəli sürmüşdü, gündüzlə gecənin baş verməsinin də elə bundan törəndiyini demişdi.

Kopernik dönəminə kimi, demək olar iki min il, bu hipotez unudulub it-bata düşmüşdü. Çox ola bilsin, o çağlar bu hipotez Aristarxın ağlına gəlməsəydi, heç sonradan Kopernikin də ağlına gəlməyəcəkdi.

– Bu necə baş verir, bunlar hansısa ürəyədammalardanmı qaynaqlanır?

–Yox, elə deyil. Bu hipotezləri ilk olaraq irəli sürən insanlar, bunu inamla deyə bilmirdilər: “Mənim dediyim doğrudur”, onların ancaq belə deməyə dilləri gəlirdi: “Mənim dediklərim, ola bilsin, doğrudur”.

Sizin yaxşı elmi təxəyyülünüz varsa, onda siz gözlə görünməyən, ancaq baş verə biləcək olaylar haqqında düşünüb-daşına bilərsiniz, özü də bunlar sonradan çin çıxa da bilər, elm də elə bu yolla irəli gedir.

Siz öncə nəyinsə doğru olub-olmayacağını düşünürsünüz, sonra düşüncənizin doğruluğunu yoxlayırsınız, ancaq çox vaxt da düşündüyünüz çin çıxmır.

– Deyirlər, Platon Demokritin atomla bağlı nəzəriyyəsini yanlış sayırmış.

-Demokritin nəzəriyyəsi Platonu qorxutmuşdu. Platon, Demokritin bütün kitablarını yandırmağa çağırırdı. Platon elmi sevmirdi. O, elmlərdən təkcə riyaziyyatı sevirdi.

– İndi belə bir söz deyirlər: fəlsəfə bu gün az qala elmin qulluqçusuna çevrilmişdir.

–Bu deyilən sözün hamısını olmasa da, bir azını düz saymaq olar, düzdür, fəlsəfə hansısa durumda elmə qulluqçuluq eləyə bilər, ancaq fəlsəfənin gördüyü elə işlər də vardır, onların elmdən heç bir asılılığı yoxdur.

Örnək üçün, dəyərlərlə bağlı anlayışları götürün. Elm heç vaxt insani dəyərlərdən hansının yaxşı, hansının pis olduğunu sizə deyə bilməz, o, hansı vasitənin yaxşı olduğunu deyə bilər, hansı məqsədin yaxşı olduğunu isə deyə bilməz.

– Necə bilirsiniz, illər keçdikcə filosofların özünün də, toplumun da fəlsəfəyə münasibətində hansısa dəyişikliklər baş verirmi?

–Baxır, hansı fəlsəfi məktəbdən söz gedir. Platonla Aristotelin fəlsəfi məktəblərinin başlıca məqsədi dünyanı başa düşmək idi, məncə də, fəlsəfənin başlıca işi elə bu olmalıdır.

Bunun ardınca gələn stoiklərin fəlsəfəsində başlıca yeri əxlaqla bağlı araşdırmalar tutur, onların düşüncəsinə görə, taleyin zərbələri qarşısında dözümlə, yenilməzliklə duruş gətirmək gərəkdir, onların bu baxışları artıq yeni fəlsəfi məktəb olmaqla, ayrılıqlara yol açırdı.

– Siz Marksı filosof sayırsınızmı?

Karl Marks. Rəssam: Sokolov
Karl Marks. Rəssam: Sokolov

-Sözün birbaşa anlamında onu filosof saymaq olar.

Ancaq gəlin, elə buradaca, filosoflar arasında aparılan çox önəmli bir bölgüyə də baxaq.

Elə filosoflar vardır, onlar toplumdakı oturuşmuş durumu qoruyub saxlamağa çalışırlar, bir sıra başqa filosoflar isə onu dağıtmağa çalışılar. Marks ikincilərdəndir.

Mənə gəlincə, bu yanaşmaların ikisini də yanlış sayıram, onların fəlsəfəni getməli olduğu gerçək yolundan sapdırmaq istədiklərini düşünürəm.

Mənim düşüncəmə görə, fəlsəfənin işi dünyanı dəyişdirmək yox, onu qavramaqdır, Marksın təlimi isə, dünyanı dəyişdirməyə yönəlikdir.

– Siz özünüzü hansı kateqoriyadan olan filosof sayırsınız?

–Mən özümü bir filosof olaraq, məntiqçi atomist sayıram, ancaq mən özüm-özümə ad qoymağı sevmirəm, çalışıram belə şeylərdən uzaq olam.

– Məntiqçi atomist nə deməkdir?

Bertrand Russell
Bertrand Russell

–Bəlli olduğu kimi, öyrənmək istədiyiniz istənilən predmeti qavramağın yolu onu incələməkdən keçir.

Siz bu predmeti ardıcıl olaraq incələyərək, gəlib elə bir yerə çıxa bilərsiniz daha bundan o yana incələməyə yer qalmasın, incələdiyiniz predmetin gəlib çıxıdığınız bu sonuncu durumu məntiqli atom olacaqdır.

Mən bunları materiyanın qurulduğu ən kiçicik hissəciklərdən ayırd eləmək üçün məntiqli atom adlandırıram. Onlara predmetlərin qurulduğu ideyalar da demək olardı.

– Sizcə, bugün fəlsəfədə hansı başlıca yönlər vardır?

–Mənə elə gəlir, burada ingilisdilli fəlsəfə, bir də Avropa materiki ölkələrinin fəlsəfələri öz yönlərinə görə seçilirlər.

Keçmişlərdə bu iki yöndəki fəlsəfələr biri-birinə çox yaxın idilər, ancaq bugün bu iki yön biri-birindən çox az asılıdır.

Bundan artığını da demək olar. İngilis dilində danışılan ölkələrdə, ən çox da elə İngiltərədə, yeni bir fəlsəfə yaradıcılığına aparan yön ortaya çıxmışdır, burada başlıca istək fəlsəfəni başqa elmlərdən asılı olmayan, müstəqil bir elmə çevirməkdir.

Bildiyiniz kimi, artıq fəlsəfəni “yarımçıq” elm forması sayanlar da vardır, ancaq bu düşüncəni bəyənməyən kimsələr də az deyildir.

Elə onlar da, fəlsəfənin ancaq özünə aid olan ortamda çalışmasını istəyirlər. Bu isə, linqvistik fəlsəfənin yaranmasına gətirib çıxarmışdır, burada hər hansı suala cavab tapmaqdan çox, bu sualın özünün anlamını gərəyincə açıqlaya bilmək daha önəmli sayılır.

Mən bu fəlsəfi baxışla razı deyiləm, istəyirəm onun yozumunu bir örnəklə anladım.

Günlərin birində mən velisopedlə Vinçesterə yollanmışdım, ancaq necə oldusa, yolu azdım. Yolda qarşılaşdığım kiçik bir kənd dükanına girib satıcıdan soruşdum:

“Siz mənə Vinçesterə gedən kəsə yolu göstərə bilərsinizmi?”

Mənim söz soruşduğum adam, dükanın arxa otağında, özü görünməyən bir başqasına səsləndi:

“Bu Centlemen Vinçesterə gedən kəsə yolu soruşur”. Sonra isə onların arasında belə bir dialoq baş verdi: “Vinçesterimi soruşur? –Hə. –Vinçesterə gedən yolumu? –Hə. –Ən kəsə yolumu? –Hə. –Bilmirəm.”

Beləliklə də mən heç nə öyrənə bilmədən dükandan çıxıb getməli oldum. Bax, elə oksford filosoflarının gördüyü iş də buna oxşayır.

– Daha doğrusu desək, bu dediyiniz filosoflar hansısa sualı bacardıqca araşdırıb aydınlaşdırmağa çalışırlar, ancaq onun cavabını tapmağın qayğısına qalmırlar, eləmi?

İllüstrasiya
İllüstrasiya

–Elədir. Cavab verməyi başqasına saxlayırlar.

Avropa materik ölkələrində yaranan fəlsəfə bundan nə ilə seçilir?

Materikdəki fəlsəfə, belə demək olarsa, daha bütövdür. Düzdür, mən onlarla sonacan razılaşmasam da, ancaq onların fəlsəfəsi, sözün yaxşı anlamında, həyata daha çox yaxındır, özü də ötən çağlardan qalma fəlsəfəyə daha çox oxşayır.

İndi fəlsəfədə çoxlu yeni yönlər ortaya çıxmaqdadır: biriləri Kyerkeqorla yaxınlaşıb eksiztensializmə yönəlir, bir başqaları dinə yardımçı olmaq üçün polemikalar aparmağa üstünlük verir, habelə buna oxşar başqa yönlər də vardır.

Mənə qalarsa, bu yönlərin ortaya qoyduğu fəlsəfədə nəsə dəyərli bir şey yoxdur.

– Özü üçün necə yaşamağı kəsdirmək istəyən insan, sizin izlədiyiniz fəlsəfi yöndən nə öyrənə bilər, ondan praktiki olaraq necə yararlana bilər?

Mənimlə yazışan çoxlu sayda adamlar, mənə başlarını itirdiklərindən, necə yaşamalı olduqlarını kəsdirə bilmədiklətindən yazırlar.

–Mənimlə yazışan çoxlu sayda adamlar mənə başlarını itirdiklərindən, necə yaşamalı olduqlarını kəsdirə bilmədiklətindən yazırlar.

Oturuşmuş ənənəvi yaşayışla ömür sürmək istəməyən bu insanlar hansı yolu tutmalı olduqlarını tapa bilmirlər.

Mənim bağlı olduğum fəlsəfi yol, tutduqları yolun doğruluğuna arxayın olmayan insanlara təpər verə, onların öz axtarışlarından soyuyub düşkünlüyə qapılmasının qarşısnı ala bilər.

Mənim düşüncəmə görə, heç kim sonacan özünə arxayınlığa qapılmamalıdır.

Sizin ürəyinizdə şübhə yoxdursa, deməli siz yanlış yoldasınız, heç nəyə sonacan inanmaq olmaz, ona görə də bütün inandığınız şeylərdə az da olsa şübhəçiliyə də yer qalmalıdır, ancaq bütün şübhələrinizə baxmayaraq, siz gərək öz gücünüzə olan inamınızı da itirməyəsiniz.

Bu, haradasa qoşun başçısının döyüşdən qabaq öz işlərini götür-qoy eləməsinə oxşayır.

O, qarşısındakı yağının necə hərəkət eləyəcəyini bilmir. Ancaq o, yaxşı generaldırsa, bütün olabiləsi durumları önləməyi bacaracaqdır. O, birdən pis general olsa, onda durumu düzgün dəyərləndirə bilmədiyi üçün savaşı uduzacaqdır.

Bəlli olduğu kimi, gerçək həyatda biz öz ömür yollarımızı ehtimallara görə seçməli oluruq, mənim fəlsəfədən gözlədiyim isə budur: o, insanları mütləq özünə inamdan çəkindirir, ancaq bununla yanaşı, onlarda öz güclərinə inam yaradır.

– İndiyədək inandıqlarına şübhə ilə yanaşmağa başlayan insanlar nə etməlidirlər? Bu durum onların ruhundakı dəngəni(tarazlığı) pozmurmu?

–Yaşamın gedişində insanı sarsıdan belə durumların ortaya çıxması həmişə baş verir, ancaq mənim düşüncəmə görə, belə dəngəsizləşmə insan idrakının sınaqdan çıxıb bərkiyə bilməsi üçün çox gərəkli sayılmalııdr.

Belə insanların hansısa elmi qavrayışları varsa, deməli, onların bu saxlancları, dara düşəndə işə yarayacaqdır, bu isə onların qarşılaşdıqları çoxsaylı şübhələrdən sarsılmasının qarşısını alacaqdır.

–Siz fəlsəfənin gələcəyini necə görürsünüz?

Mənim düşüncəmə görə, elmin yüksəlişi fəlsəfənin dəyərini azaldır.

–Mən inanmıram, fəlsəfə bir də haçansa, əski yunanların yaşadığı çağlarda, yaxud orta yüzilliklərdə olduğu kimi, böyük dəyər qazana bilsin. Mənim düşüncəmə görə, elmin yüksəlişi fəlsəfənin dəyərini azaldır.

– Yoxsa, bizdə filosofların sayının belə çox olmasına görə, fəlsəfə öz dəyərini itirməkdədir?

–Mənə elə gəlir, bu mövzuda filosoflar danışmalı deyildir. Məncə, bununla bağlı öz düşüncələrini filosof olmayanlar desələr daha yaxşı olar.

– Siz fəlsəfənin bugün üçün, gələcək üçün önəmini necə dəyərləndirirsiniz?

–Mənə elə gəlir, bugünkü dünyada fəlsəfənin çox böyük önəmi vardır. Birincisi, ona görə, bir az öncə də dediyim kimi, fəlsəfə indilikdə elmi sferadan qıraqda qalan çoxlu sualları bizim baxışlarımıza çatdırıb, bizi onların üzərində düşünməyə yönəldə bilir.

Bununla da elmi yanaşmanın indilikdə bütünlüklə yetərli olmadığını bizlərə anladır.

İkincisi, fəlsəfə insanları intellektual baxımdan yersiz özünə güvənməkdən çəkindirir, indiyə kimi bildiyimizi sandığımız olduqca çoxlu sualları özlüyündə yanlış anladığımızı bizə başa salır, biliyə gedən kəsə yolun olmadığını bizə yetərincə anlada bilir.

Mənim düşüncəmə görə, filosofun qarşısında dayanan başlıca məqsəd dünyanı qavramaq olmalıdır — bu isə bəlli olduğu kimi, çox uzun, çox da ağır bir yol keçməklə baş tuta bilər, fəlsəfə, bu yolu heç bir ehkamçılığa uymadan keçə bilməkdə bizə böyük yardımlar göstərməkdədir.

XS
SM
MD
LG