Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:18

Arif Yunus: "Susan deyiləm"- [Video]


Arif Yunusun azadlıqda ilk müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Arif Yunusun azadlıqda ilk müsahibəsi

►"Mən hipertonik kimi indi də ölə bilərəm, 10 il sonra da, yəni Allahın işidir. Leyla xanımın vəziyyəti isə lap pisdir. Mənimkindən min qat yox, milyon qat pisdir."

"Hətta yaxın qohumlar da satdılar. Mənə və Leylaya sovqat gətirən kim idi? Azad İsazadə. O, mənim qohumum deyil. Vəkilin dediyinə görə, bir qohumum ona zəng eləyib, yarım saat Heydər Əliyevə hörmətindən, hakimiyyətə rəğbətindən danışıb"

Həbsdə olan politoloq Arif Yunus başqa yerə getməmək şərti ilə noyabrın 12-də məhkəmə zalından buraxılıb.

Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

MTN və Ədliyyə nazirliyi baş tibb idarəsi onun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləmişdi.

Hakim də onun məhkəmə zalından birbaşa buraxılması barədə qərar çıxarıb.

Arif Yunusun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib:

“Arif Yunusun barəsindəki həbs-qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz olunub. Apellyasiya Məhkəməsi başa çatmadığı üçün ilk instansiya məhkəmənin hökmü hələ də qüvvədədir”.

Elçin Sadıqov bildirib ki, Yunusun tam azadlığa buraxılması üçün ya hökm ləğv olunmalı, ya da cəza hissəsi dəyişdirilib, şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmalıdır.

Mən nə kişiyəm bundan sonra? Əlbəttə susmayacağam. Aclıq edəndə də dedim ki, mən 37 il bu xanımla yaşamışam. Mən onu satan deyiləm. Mən buraxsınlar, onu içəridə saxlasınlar?

Yunusun növbəti apelyasiya məhkəməsi dekabrın 7-ə təyin olunub.

Başqa yerə getməmək vəkillərə Bakı şəhərini tərk etməmək kimi izah olunub.

ARİF YUNUS: “MƏN SUSAN DEYİLƏM”

Arif Yunus məhkəmə zalından çıxandan sonra jurnalistlərə ilk müsahibəsini verib.

- Arif bəy, qərarı necə qarşıladınız?

- Öncə deməliyəm ki, ötən şənbədən başlayaraq aclıq elan etdim və dərmanları qəbul etməyəcəyimi bildirdim. Məndə qan təzyiqinə qarşı Almaniyadan gətirilmiş xüsusi dərmanlar var, onları qəbul etməyəcəyimi bildirdim. Əsas tələbim odur ki, həyat yoldaşımı buraxsınlar. Onu hər gün döyürlər, ona hər gün işgəncə verirlər. Baxmayaraq ki, o, yaşlı qadındır, dekabrın 21-də onun 60 yaşı tamam olacaq. O, xəstədir, son illərdə 6 dəfə cərrahiyyə əməliyyatı keçirib, diabeti var. O, iki il qabaq Almaniyada gözündən əməliyyat edilmişdi. Onun gözünə də təsir edir. Leyla xanımı lap yaxşı vəziyyətdə olan xəstəxanaya aparsalar da, dərhal müalicəyə başlasalar da, ən azı 2-3 il ağır vəziyyətdə qalacaq. Kor ola bilər. Ona görə də mənim aclıq aksiyasına başlayanda əsas tələbim o idi ki, Leyla xanım mütləq azadlığa çıxmalıdır. Mən özüm də üçüncü qrup hipertonikəm. Dünən mən xəstəxanada hipertonik böhran keçirdim, təzyiqim 234 idi, səhərə kimi yata bilmədim. Mən hipertonik kimi indi də ölə bilərəm, 10 il sonra da, yəni Allahın işidir. Onun vəziyyəti isə lap pisdir. Mənimkindən min qat yox, milyon qat pisdir. Mən hələ demirəm ki, Azərbaycanda milli dəyərlərdən, humanizmdən, daha nə bilim, nədən danışırlar. Söhbət yaşlı qadından gedir. Əlbəttə, onu mütləq azadlığa buraxmaq lazımdır. Ona görə ki, o, xəstədir.

– Tələbiniz yerinə yetirilmədi. Bundan sonra hansı addımı atmaq fikrindəsiniz? Nəzərə alın ki, məhkəmənin qərarı ilə siz ölkədən kənara buraxılmayacaqsınız.

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

- Mənim bir silahım var – mənim dilim. Mən susan deyiləm.

– Leyla xanım sizin azadlığa buraxılmağınızla bağlı qərarı necə qarşıladı? Məhkəmə qərarından sonra bir müddət onunla bərabər içəridə - məhkəmə zalında qaldınız və söhbət etdiniz.

- Elə birinci dəqiqədən ağlayırdı. İndi də ağlayır. Çünki o, inanmır ki, onu azadlığa buraxacaqlar. İş ondadır ki, onu aldadıb qadın kolonuna aparmaq istəyirlər. Orda vəziyyət həddən artıq pisdir. O, xəstədir. Yəni faktiki olaraq söhbət onun ölümündən gedir, onun nə qədər yaşayacağından. Hətta bu gün onu Almaniyaya, ən yaxşı xəstəxanaya aparsalar belə, onun yaxşılaşması üçün ən azı iki il vaxt lazımdır. Onda Hepatit S, diabet, böyrəyində daş var. Yəni faktiki onu ölümə göndərirlər. Bu halda mən susmalıyam? Mən nə kişiyəm bundan sonra? Əlbəttə susmayacağam. Aclıq edəndə də dedim ki, mən 37 il bu xanımla yaşamışam. Mən onu satan deyiləm. Mən buraxsınlar, onu içəridə saxlasınlar? Mən susan deyiləm. Mən dedim ki, tərsinə olsun, məni kolona göndərsinlər, onu buraxsınlar. Mən bunu tələb edirdim. Biz azərbaycanlıyıqsa, İslamdan, dəyərlərdən danışırıqsa, ilk növbədə qadınlara hörmətlə yanaşmalıyıq. Söhbət cavan qadından getmir. Yaşlı və qoca xanımdır o.

- Sizə və Leyla xanıma qarşı ittihamı və məhkəmə hökmünü necə dəyərləndirdiniz?

Biz azərbaycanlıyıqsa, İslamdan, dəyərlərdən danışırıqsa, ilk növbədə qadınlara hörmətlə yanaşmalıyıq. Söhbət cavan qadından getmir. Yaşlı və qoca xanımdır o.

- İstintaqda heç bir suallarına cavab verməmişəm. Heç bir sənədə qol çəkməmişəm. Müstəntiq məndən soruşanda ki, niyə imza atmaqdan və suallara cavab verməkdən imtina edirəm, dedim ki, “biz Almaniyada olsaydıq, onların məhkəmə sistemindən söhbət getsəydi, ləzzətlə cavab verərdim, mən bunu başa düşərdim. Amma mən gözəl bilirəm ki, sifarişlə həbs olunmuşam, sən heç bir rol oynamırsan, Yaqub Məmmədov demişkən, “sən peşkasan”, sənə dedilər “həbs et”, sən də etdin. Azərbaycan demokratik ölkə olsaydı... O bizə qarşı ittihamları bilirsiniz hardan götürüblər? “Yeni Azərbaycan”, “Səs” qəzetlərindən. O qəzetlər məndə var, tələbələrimə, xaricə gedəndə göstərirdim ki, bax yazıblar: “Arif, Leyla Yunusov ermənilərə satılıb”. İstintaq da bunu götürüb yazıb və mənbə göstərməyib. Demokratik ölkədə həmin qəzetlər istintaqı məhkəməyə verərdi. Bu, istintaq deyil. Bu, sifarişdir. Bu, məhkəmə deyil. Bu, sifarişdir!

Ondan sonra hər şey kəsildi. Bir-iki dəfə də gəldilər, mən dedim ki, “qol çəkmirəm”. Azərbaycanda bu, məhkəmə deyil. Fikir verdinizmi ki, proses necə gedirdi? Bu iş sifarişli xarakter daşıyırdı.

Adam fikirləşəndə ki, yoldaşımın vəziyyəti necədir, onda dəhşətə gəlirsən. Düşünürsən ki, “sən nə kişisən, yoldaşını müdafiə edə bilmirsən.

- MTN-də sizə işgəncə verilibmi?

- MTN-in təcridxanası, bilirsinizmi, necə bir yerdir? Mənim xəbərim yox idi ki, dünyada nə var, nə yox. Həyat yoldaşımın vəziyyətindən, qızımdan xəbərim yox idi. Adama ən çox pis təsir edən də budur. Gündüzlər fikir bir az dağılır, amma axşamlar lap çətin olur. Adam fikirləşəndə ki, yoldaşımın vəziyyəti necədir, onda dəhşətə gəlirsən. Düşünürsən ki, “sən nə kişisən, yoldaşını müdafiə edə bilmirsən”. Onda təzyiqim qalxmağa başladı. Gördüm ki, artıq dəli oluram. Fikirləşdim ki, belə olmaz, nəsə etməliyəm. Bilirsinizmi MTN kimin üçün nisbətən asandır? Dindarlar üçün. Onlar hesab edirlər ki, burada çəkdikləri əzab Allah yolundadır. Axı mən onlar kimi deyiləm... Xüsusən də nəzərə almaq lazımdır ki, mən aliməm, həmişə nəsə yazmalıyam. Yazmayanda mənim üçün çətin olur.

- Barənizdə çıxarılmış məhkəmə hökmü barədə nə demək istəyirsiz?

- Mən əvvəldən də dediyim kimi, bu, sifarişdir. Bizim heç bir günahımız yoxdur. İttihamlar da saxta xarakter daşıyırdı. Məni indi həbsdən buraxanda iltizama qol çəkdirdilər ki, Bakıdan kənara çıxmaq olmaz. Yeri gəlmişkən, məni bilirsinizmi necə həbs eləmişdilər? Polis bölməsində yazıblar ki, guya, mən Bakının rayon sərhədlərini pozmuşam. Soruşdum ki, nə rayon? Sən demə, Yasamal rayonundan Səbayel rayonuna getməyimi nəzərdə tuturlar. Mən indi çörək almaq üçün ərazi baxımından başqa rayondakı mağazaya gedirəmsə, deməli, sərhədi keçirəm? Bu nə deməkdir? Onda bir post da qurun, adamlardan vergi yığın da. Dedim ki, “əgər yazmağı bacarmırsınızsa, onda verin mən yazım”.

Leyla Yunusun məhkəmədən görüntüsü
Leyla Yunusun məhkəmədən görüntüsü

- Keçən il iyulun 29-da Leyla xanım həbs olunan gün sizin barənizdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçildi. Bəs bir həftənin içində nə baş verdi ki, avqustun 5-də sizi həbs elədilər? Yəni həbsinizin gerçək səbəbi nə oldu?

- İş ondadı ki, mən susmurdum. Bir neçə dəfə xarici media orqanlarına müsahibə vermişdim. Yadınızdadırsa, həmin müddətdə bizim evimizdə mətbuat konfransı keçirildi, Xədicə İsmayılova, Rəsul Cəfərov da iştirak edirdi. Yəni, əsas səbəb bu idi. Mənə açıq şəkildə dedilər ki, "nəyə nail oldunuz? Qərar gəlib ki, sən həbs olunmalısan".

- Kim dedi onu?

- Müstəntiq.

- Hansı müstəntiq?

- Ləmbəranski.

- Həbsdə olduğunuz müddətdə qızınızla, telefonla olsa belə, ünsiyyətiniz olubmu?

- Mən heç kimlə nə danışmışam, nə də görüşmüşəm. Həyat yoldaşımla yalnız məhkəmədə görüşürdüm. Vəssalam. Mən axı son vaxtlar Penitensiar Xidmətin Tibb Mərkəzində saxlanılırdım. Orada televizor var. Qızımı 3 və ya 4 gün öncə orada televizorda gördüm. Məni keçən il avqustun 5-də həbs eləmişdilər. 16 ay sonra qızımı televizorda gördüm.

Gördüm ki, kapitan iki nəfər əməliyyatçıya göz vurdu. Mən də belə şeyləri anlayıram. Onlar məni otağa salıb, hücum etdilər. Mən də onları vurdum.

- Bakı Ağır Cinayətlər Məhkəməsində sizin işiniz üzrə ilk məhkəmə iclası olanda Leyla xanımı bu vəziyyətdə görənlər çox təəccübləndilər. Çünki çox dəyişmişdi. Səhhətindəki problemlər onun xarici görünüşündən də hiss olunurdu. Siz onu ilk dəfə görəndə necə qarşıladınız? Yəqin ki, siz fərqi digərlərindən daha çox hiss etdiniz...

- Onu orada ilk dəfə o cür görəndə şok vəziyyətində idim. O, mübariz, amma incə qadındır. Mən başa düşürdüm ki, həbs ona təsir edəcək. Mən kişi xeylağıyam, heç olmasa, nə isə edə bilirdim, amma o qadındır, onun üçün çətindir. Amma o qədər gözləmirdim. Bu baxımdan, onu ilk görəndə birinci reaksiyam şok idi. Mən bunu heç gözləmirdim. Düzdür, bir tərəfdən, bilirdim ki, o, xəstədi, amma başa düşmürdüm. Hesab edirdim ki, bizimkilər "yuxarıda" heç olmasa, qadına başqa cür yanaşacaqlar. Ona görə də daha çox özümə qarşı nəsə gözləyirdim. Xüsusən də ona görə ki, MTN-də idim və s. Amma əksinə oldu. Ən böyük zərbə ona qarşı oldu. Yəni işgəncələr, hər şey oldu. Həbs olunduğum ilk gün mənə qarşı da hücumlar olmuşdu. Mən axı birinci gün Kürdəxanı təcridxanasında idim, orada mənə hücum baş verdi. Gördüm ki, kapitan iki nəfər əməliyyatçıya göz vurdu. Mən də belə şeyləri anlayıram. Onlar məni otağa salıb, hücum etdilər. Mən də onları vurdum. Axırda qapını döydülər, rəis açdı, çıxdılar. Üzdən birini tanıyırdım, Sovetski küçəsindəndir, oğrudur. Başladılar ki, "biz Qarabağda vuruşmuşuq"... Dedim ki, “sən Qarabağda vuruşmusan? Mən bilirəm ki, səni bıçaqlayan adam kimdir, sən oğrusan”.

MTN
MTN

- Bundan sonra məhkəmədən Leyla xanımla bağlı gözləntiniz nədir?

- Burada iki variant var: ağıllı variant, ya da qeyri-məntiqli, ağılsız hərəkət. Mən hakimiyyətdən danışıram. Əslində, bizim həbsimiz və ilk növbədə xanımın həbsi... Mən realist, praqmatik adamam və gözəl başa düşürəm ki, ilk növbədə aliməm. Mən respublikadan kənarda o qədər də tanınmış şəxs deyiləm. Amma onun adı vardı. O, qadınlar, hüquq-müdafiə məsələlərilə bağlı 64 beynəlxalq təşkilatın üzvü idi. Üstəlik, 60 yaşı var. Bu həbs Azərbaycanın, hakimiyyətin əleyhinə işləyən bir şeydir. Mən onların yerində olsaydım, buraxardım, heç həbs eləməzdim. Əksinə, hay-küy salardım ki, məni tənqid edirsiz, baxın görün, mənim ən böyük tənqidçim budur, amma azadlıqdadır. Heydər Əliyevin vaxtında belə idi. O həmişə deyirdi ki, "mənə deyirsiz, demokrat deyiləm, baxın, məni tənqid edirlər, bu da azadlıq, jurnalistlər var, qeyri-hökumət təşkilatları var, üstəlik, hüquq-müdafiəçiləri danışırlar". Yəni bu, ağıllı hərəkətdir, çünki Azərbaycanın xeyrinədir. Yanvarın 12-də mənim 60 illik yubileyim idi, onu MTN-də qarşıladım. Bilirəm ki, mənim haqqımda yazılar, verilişlər gedib. Mən özümü şişirtmirəm, öz yerimi bilirəm. İndi baxın, dekabrda Leyla xanım 60 yaşını həbsxanada qarşılayanda xaricdə bu barədə nə qədər yazılar, verilişlər olacaq. Mən dəfələrlə demişdim ki, “əgər Azərbaycanın imici haqqında düşünürsünüzsə, onu indidən azadlığa buraxın ki, sonra sizin diliniz uzun olsun, bu, sizin xeyrinizədi”.

- Leyla xanım həbsxanadan sizə məktublar yazırdı, bundan xəbəriniz olurdumu?

- Yox. Siz başa düşün, MTN nədir. MTN-də kameradan çıxan kimi dərhal yoxlanılırsan. Hətta vəkillərlə görüş yox idi. Məni küçədə tutub aparmışdılar. Əvvəlcə nə paltarım vardı, nə üzümü qırxmaq üçün lazım olan əşyalarım vardı. Sonra gətirdilər.

- Sizcə, bu gün azadlığa çıxmağınız nəyin sayəsində mümkün oldu?

- Hesab edirəm ki, xaricdə gedən son dinləmələrin də rolu var. Görünür, hakimiyyətdə kimsə başa düşdü ki, vəziyyət onların xeyrinə deyil. Siz yaxşı bilirsiniz ki, Dağlıq Qarabağla bağlı dinləmələr, hələ seçkilərlə bağlı müzakirələr olacaq. Çox şey olacaq. Mən qorxurdum ki, ermənilər bundan istifadə edə bilərlər. Mən istəmirdim ki, ermənilər bizim həbsimizdən istifadə etsinlər. Bu, real idi. Amma görünür, onların başları qondarma soyqırım məsələsinə qarışmışdı. Kim zəmanət verə bilər ki, bundan sonra eləməyəcəklər? Axı onlar da biabır oldular, qondarma soyqırıma görə Putin və Ollanddan başqa heç kim gəlmədi.

Ən yaxşı variant Leyla xanımı buraxmaqdır.

- Həbsdə olduğunuz müddətdə dostlar sınaqdan çıxdımı?

- Kimə inanırdıqsa, onlar özlərini kişi kimi apardılar. Kimdən ki, gözləntimiz yox idi, onlar bizi satdılar. Yəni bizi satanlardan onsuz da heç nə gözləmirdik. Hətta yaxın qohumlar da satdılar. Mənə və Leylaya sovqat gətirən kim idi? Azad İsazadə. O, mənim qohumum deyil. Vəkilin dediyinə görə, bir qohumum ona zəng eləyib, yarım saat Heydər Əliyevə hörmətindən, hakimiyyətə rəğbətindən danışıb, ondan sonra soruşub ki, "Arifin vəziyyəti necədi?" Vəkil də deyib ki, "adam kişi olar, sən Arifə görə zəng eləmisən, yoxsa rəğbətindən danışmağa? Nədən qorxursan?" Bunu başa düşürsən ki, o, qorxaqdı. Gəlməzdi, heç olmasa, sovqat göndərmək olardı. Çox şadam ki, ümid bağladıqlarımız bizi satmadılar. Mən də, Leyla da onlara minnətdarıq. Çox istərdim ki, Leyla yaxın vaxtlarda azadlığa çıxsın. Onun vəziyyəti çox pisdir, məndən də pisdir. Hətta hesab edirəm ki, mənim azadlığa buraxılmağım ədalətsizlikdir. Ədalət naminə onu buraxmaq lazım idi, məni yox. Məni sonra buraxardılar. Mən heç olmasa, dözərdim. Onu isə buraxmadılar. Məhkəməni dekabrın 7-nə saxladılar. Belə havada təcridxanada vəziyyət yaxşı deyil. Mən orada olmuşam, görmüşəm. Çünki məni üç gün Kürdəxanı təcridxanasında saxlayıblar. Elə şeylər görmüşəm ki, dəhşətdi. Məni Tibb Mərkəzinə aparmışdılar, orada Maştağa xəstəxanasından ruhi xəstələr var, əllərində də sənəd. “SPİD”li adamlar, narkomanlar... Yəni vəziyyət yaxşı deyil.

Hə, bir də mən MTN-də məni müalicə edən həkimə minnətdarlıq eləmək istəyirəm. Mən orada sağ qaldımsa, həmin həkimin hesabına oldu.

- Dövlətə xəyanət ittihamı sizin üçün gözlənilməz oldumu?

- Onsuz da son 20 il ərzində həmişə mənim barəmdə deyirdilər ki, guya, erməni casusuyam. Baxmayaraq ki, bu müddətdə erməni terrorizmi, qaçqınlar haqqında yazan mən olmuşam. Mən fikir vermirdim və verən də deyiləm. Pis olan budur ki, xanımım həbsdə qalıb. Havalar da soyuyub, o, xəstədir. Bəzən mən bu hakimiyyəti başa düşmürəm. Bu həbslərlə nəyə nail oldunuz? Məgər mən danışmayacağam? Danışacağam.

- Leyla xanımla təcridxanada görüşə biləcəksinizmi?

- Bəli, dedilər ki, gələn həftənin çərşənbə günü gedib görüşə bilərəm. Həftədə bir dəfə görüşməyə icazə var. Hə, bir də mən MTN-də məni müalicə edən həkimə minnətdarlıq eləmək istəyirəm. Mən orada sağ qaldımsa, həmin həkimin hesabına oldu. Hələ həbsdə olarkən düşünürdüm ki, bir gün mənə MTN-lə bağlı sual verib fikirlərimi soruşsalar, ilk növbədə həmin həkim xanım haqda danışacam. Həm peşəkar həkimdi, həm də insanlığı var.​

Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bundan bir neçə gün əvvəl isə həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus həbs edilib.

Leyla və Arif Yunuslar 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar qanunsuz sahibkarlıq, vergilərdən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunurlar.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Beynəlxalq «Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Arif Yunus azadlıqda VİDEO
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

XS
SM
MD
LG