Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:53

«Leyla Yunusun azad olunmasına ümid yaranıb»


Elçin Qəmbərov
Elçin Qəmbərov

-

«Leyla Yunusun vəziyyəti çox ağırdır. Sağlamlığı bərbad durumdadır. Ayın 30-dan ona həkimin yazdığı dərmanlar da verilmir. Müalicə olunmaq üçün tibb məntəqəsinə köçürülmür. Yeridiyi əsanı da əlindən alıblar».

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib. Vəkil deyir ki, Arif Yunus azad olunandan sonra onda Leyla Yunusun da azadlığa buraxılacağına ümidlər yaranıb:

- Leyla xanımın səhhəti elə bərbad durumdadır ki... Başa düşmürəm ki, xəstə, yaşlı, tamamilə ağır vəziyyətdə olan qadına qarşı necə bu qədər insafsız davranmaq olar? Məntəqə çərçivəsində həll olunan məsələ həllini tapmır. Nə qədər müraciət edirik, rəsmi, qeyri- rəsmi, nəticə yoxdur. Xəstə qadın tibb məntəqəsinə köçürülmür. Gərək ən yüksək dairədə buna münasibət bildirilsin ki, məsələ həllini tapsın. Saatlar, günlər keçir. Bu problemi həll etməli olan adamlar üçün bu, bir vaxt deyilsə, xəstə adam üçün hər dəqiqə, hər an ağrı, fəsad deməkdir. Hazırda Leyla xanımın səhhəti ilə bağlı elə problemlər var ki, efirə veriləsi sözlər deyil. Yəni, bu vəziyyətə gəlib çatıb.

– Ancaq Ədliyyə Nazirliyi, Penitensiar Xidmət rəsmiləri ona ayrı-seçkilik qoyulmadığını, səhhətinin də qənaətbəxş olduğunu deyirlər.

- Qəribə mövqedir. Onlar elə bilirlər ki, tibb məntəqəsinə adam yalnız ölümcül vəziyyətdə köçürülməlidir. Adi müalicə kursu almaq üçün müəyyən şərait lazımdır. İnsan müxtəlif dərəcədə xəstə ola bilər. Yüngül xəstə də, ağır xəstə də müalicə kursu almalıdır. Kamerada, 5 nəfərin arasında müalicə olunmaq olmur. Orda müxtəlif xasiyyətli adamlar var. Birinin bir hərəkəti o birində əsəb gərginliyi yaradır. Belə bir mühitdə xəstəlik müalicə olunmur, artır. Xəstə adam gecə durub özünə dərman hazırlamalıdır. Elə dərman var ki, qəbul edəndən sonra çay içmək, ya da yemək də lazım gəlir. Gecə vaxtı kamerada yatan digər məhbuslar narazılıq edə bilər ki, «niyə səs-küy salırsan?» və s. Hamı orda gərgin vəziyyətdədir. Sanatoriya deyil ki. Hərənin öz dərd-səri var, reaksiyaları da müxtəlifdir. Leyla xanımın da xasiyyəti elədir ki, çəkinir, utanır. Sıxır özünü. Qoy gedib tibb məntəqəsində müalicə olunsun, dünya dağılmayacaq ki. O da sakit olsun, ictimaiyyət də.

– Həkimlərin rəyi necədir? Leyla Yunusun səhhəti haqda nə deyirlər, nə məsləhət görürlər?

– Leyla Yunusun həkimi Witt deyir ki, bu, dəhşətdir, xəstə insana qarşı belə münasibət göstərmək olmaz. Deyir ki, bu cür xəstə adam kamerada yox, tibb məntəqəsində qalmalıdır.

– Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus jurnalistlərə boynundakı qançırları göstərmişdi. Vəkil Elçin Sadıqov da onun döyüldüyünü demişdi. Bunu kim etmişdi - kameradakılar, yoxsa təcridxana işçiləri?

- Yox, bu məsələnin təcridxana işçilərinə heç bir aidiyyəti yoxdur.

– Arif Yunusun həbsdən buraxılması Leyla Yunusa necə təsir edib?

- Hamı necə, o da elə. Leyla xanım ilk növbədə övladını fikirləşir. Deyir ki, bir var, övlad atasız-anasız qalsın, bir də var, ana da olmasa, atası yanında olsun.

– Arif Yunus həbsdən çıxanda deyirdi ki, qadın həbsxanasına göndəriləndən sonra Leyla Yunusun vəziyyətinin çətinləşəcəyindən narahatdır...

- Ümid edirik, iş o yerə çatmayacaq. Hamı istəyərdi ki, Leyla xanım cəzaçəkmə yerinə gedib çıxmamışdan azad olunsun. Apellyasiya Məhkəməsi və respublika rəhbərliyi ortaya iradə qoysun, bu məsələ köklü şəkildə həll olunsun.

– Leyla Yunusun azad olunmasını gözləyirsiniz?

- Bəli, gözləyirik. Ümidimiz var. Bu, beynəlxalq aləmdə də, daxildə də yaranan ciddi ümiddir.

Leyla və Arif Yunuslar bu il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hər ikisi dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Onlara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Arif Yunus səhhətində yaranan problemlərə görə noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq həbsxanadan buraxılıb.

XS
SM
MD
LG