Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:50

Nardaran yolu betonla bağlanıb [Video-foto]


Nardaran yoluna qara maskalılar nəzarət edir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Nardarana gedən yollar beton maneələrlə bağlanıb

-

Hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirir. Qəsəbəyə xüsusi texnika yeridilib.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

«Evlərin damında snayperlər var»

«Kəndin çox vahiməli görünüşü var. Hər tərəfdə əlisilahlı əsgərlərdir. Meydan, mərkəzi küçələr, hətta ara küçələr də əli silahlılarla doludur. Kəndin küçələrində hərbi maşınlar var, az qala, hər evin damında əlisilahlı hərbçilərdir. Snayperlər də var. Camaat qorxudan küçəyə çıxmır, uşaqlar məktəbə getmir».

Bunu AzadlıqRadiosuna Nardaran kəndinin adının çəkilməsini istəməyən sakini deyib. Onun sözlərinə görə, Daxili Qoşunların əməkdaşları adamları, kəndə girən maşınları bir-bir yoxlayır: «Qonşu ərzaq maşınında işləyir. Dükana mal gətirmişdi. Hər şeyi ələk-vələk ediblər».

Nardaran sakininin dediyinə görə, kənddə işıq olmadığından sakinlərin çoxu şəhərdə və ətraf kəndlərdə yaşayan qohumlarının evinə köçür: «Çünki vəziyyət dözülməzdir. İşıq olmadığından evimiz bumbuzdur. Yeməyi zorla qaz balonlarında bişiririk. Televizora baxa bilmirik, internet yoxdur, dünyadan təcrid olunmuşuq. 5-6 adama görə bütün kəndə əziyyət verirlər».

Nardarana gedən yollar beton maneələrlə bağlanıb

Bakının Nardaran qəsəbəsinə gedən yollarda polis postları qalır. Postu Çevik Polis Alayının xüsusi təyinatlıları qoruyur.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, yolları həm də beton maneələrlə bağlayıblar. Kəndə gedib gələnlərdən kimliyini təsdiq edən sənəd tələb olunur.

+++

Maştağa-Nardaran yolu Çevik Polis Alayının xüsusi təyinatlılarının nəzarətindədir. Daxili Qoşunların hərbçiləri isə kəndin içərisindədir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, kəndə yalnız yerli sakinlər kimliklərini təsdiq edən sənədlər yoxlanandan sonra buraxılır. Media nümayəndələri və digər şəxslər Nardarana buraxılmır. Səbəbi isə izah olunmur.

2 dekabr 2015

APA xəbər verir ki, daxili işlər naziri Ramil Usubov Nardaranda keçirilmiş xüsusi əməliyyatdan danışıb:

"Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 5 nəfər hadisə zamanı məhv edilib. Baş Prokurorluq tərəfindən intensiv istintaq işləri aparılır. Daxili işlər orqanları vəziyyəti tam nəzarət altına alıb".

Nazir Nardaranda tutulan Tale Bağırzadənin rəhbərlik etdiyi "Müsəlman Birliyi" təşkilatını "silahlı qurum" adlandırıb. Təşkilatın məqsədinin "Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək, şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmaq olduğunu" bildirib.

R.Usubov Nardaranda əməliyyat keçirilməsi əmrinin prezidentdən gəldiyini də açıqlayıb:

“Ona görə, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan qanunlarına tabe olması üçün ciddi tədbirlər görülsün. Bu tədbirlə görülməyə başlandı. İlk tədbir zamanı silahlı müqavimət oldu, Nardaran qəsəbəsində daxili işlər orqanları əməkdaşlarına qarşı avtomat və qumbaralar işlədildi. Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı iki əməkdaşımız şəhid oldu".

Nazir gileylənib ki, Nardaranda heç kəs silahını könüllü təhvil verməyib:

Ramil Usubov
Ramil Usubov

"Təəssüflər olsun ki, bu günə qədər bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Bir daha tələb edirəm ki, əllərdə olan silahları təcili qaydada orada olan polis postlarına təhvil versinlər. Silahı könüllü təhvil verən şəxslər barəsində cinayət işi başlanılmayacaq".

Ramil Usubov deyib ki, xüsusi əməliyyat nəticəsində indiyədək 6 avtomat silah, çoxlu sayda tapança, partlayıcı maddələr, partlayıcı qurğular götürülüb və bu sahədə işlər davam etdirilir.

Kəlamların üstünü rəngləyirlər

Jurnalistlər Nardaranın mərkəzi hissəsinə buraxılmırlar.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, kəndə hələ də işıq verilmir. Kənddəki bütün plakatlar yığışdırılıb. Təkcə "İmam Hüseyn" meydanı adlanan yerdən yox, hər yerdən dini bayraqlar yığışdırılıb. Bəzi məlumatlara görə, divarlara yazılan dini kəlamların üzəri rənglənir.

Hazırda kəndə Fövqəladə Hallar Nazirliyinin iri tonnajlı maşınları gəlir. Amma hələ ki jurnalistlər bunun səbəbini aydınlaşdıra bilməyiblər.

FHN maşınları Nardarana gedir
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Jurnalistlər kəndə buraxılmır

Nardaranın girişindən İmam Hüseyn meydanı adlandırılan əraziyədək ütün yollar polis nəzarətindədir. Bu haqda AzadlıqRadiosunun əməkdaşı xəbər verir.

Jurnalistləri kəndə buraxmırlar. Hətta televiziyaların çəkilişinə də icazə verilmir.

Kəndə gələn çörək maşınları ciddi yoxlamadan sonra buraxılır.

Dekabrın 2-dəhüquq-mühafizə orqanlarının qurduğu postların sayı daha azdır.

«Dedilər, gedin evinizə»

Nardaranda kənd sakinlərinə «imamın qırxı» mərasimini keçirmələrinə icazə verilsə də, az sonra tədbir yarımçıq dayandırılıb.

Bu haqda sakinlərdən biri AzadlıqRadiosuna bildirib. Onun dediyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ağsaqqallara tədbiri dayandırmağı məsləhət görüblər: «Dedilər ki, gedin evinizə, sakitlik yaransın».

İmam Hüseynin qətlinin 40-cı günü…

Nardaranda pirin qabağına xeyli sayda hərbi texnika yığılıb. Məqsəd kənd camaatının bugünkü mərasimdə iştirakına imkan verməməkdir.

Dekabrın 2-də səhər saatlarında kənd ağsaqqalı Natiq Kərimov AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, Nardaran sakinləri adətən İmam Hüseynin qətlinin 40-cı gününü kəndin ən böyük məscidində matəm mərasimi kimi qeyd edirlər: «Buna görə də texnikanı ora yığıb, yolu bağlayıblar ki, heç kim gedə bilməsin».

Natiq Kərimov kənddə aparılan əməliyyatların davam edib-etmədiyini söyləyə bilmir: «Bu haqda heç nə bilmirik».

Kənd ağsaqqalı Nardaranda hələ də elektrik enerjisinin bərpa edilmədiyini, bu gecəni də qaranlıqda və soyuqda keçirdiklərini deyir.

+++

Nardaran sakini Natiq Kərimovun APA-ya verdiyi məlumata görə, qəsəbəyə gəlmiş daxili işlər nazirinin müavini Vilayət Eyvazov sakinlərlə söhbət edib.

APA yazır ki, "V. Eyvazov sakinlərlə profilaktik söhbət aparıb. Onları polisin qanuni tələblərinə əməl etməyə çağırıb"

***

Son məlumata görə, polis jurnalistləri Nardarandan çıxarıb.

***

Nardaranda baş verən silahlı insidentdə ölənlərin meyitləri ailələrinə verilib.

APA-nın qəsəbədə olan əməkdaşı bildirir ki, cənazələr dekabrın 1-i səhər saatlarında Nardarana gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunublar.

Ölənlər Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşlarıdır. Abbas Hüseyn Gəncə, Sərvan Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.

--

Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “İslam Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə barəsində seçilmiş həbs qətimkan tədbirindən baxılacaq.

Bu barədə dekabrın 1-də vəkil Cavad Cavadov özünün “Feysbuk” səhifəsində məlumat yayıb.

Javad Javadov
Javad Javadov

O indiyədək Taleh Bağırzadə ilə görüşə bilmədiyini bildirir.

Taleh Bağırzadə noyabrın 26-da polisin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Məhkəmə barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Əməliyyat nəticəsində 2 polis əməkdaşı da daxil olmaqla 7 nəfər ölüb.

Faktla bağlıqəsdən adam öldürmə, terrorçuluq, kütləvi iğtişaş salmaq, qanunsuz silah əldə etmək, İctimai asaişin pozulmasına səbəb hərəkətlər,hakimiyyəti zorla ələ keçirmə, hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və s maaddələrlə cinayət işi açılıb.

Taleh Bağırzadə da daxil olmaqla, 24 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

--

Nardaranda 6 gündür işıq yoxdur. Dekabrın 1-də elektrik enerjisinin veriləcəyi deyilsə də, kənd hələ də işıqsızdır.

Polisin saxladığı kənd sakini Atabala Şahbazovun ailəsi AzadlıqRadiosuna deyib ki, evdən ət kəsən baltanı "soyuq silah", qab yumaq üçün mayeni "əldəqayırma partlayıcı maddə" kimi götürüblər. Şahbazovun ailəsi deyir ki, polislər özləri ilə gətirdikləri silahı da evdən tapılmış odlu silah kimi aktlaşdırıblar. AzadlıqRadiosu kənddə baş verənlər və polisin ünvanına ittihamlarla bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənməyə çalışıb.

Nardaranda əməliyyatdan sonra görüntü
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Nazirliyin mətbuat xidmətindən deyiblər ki, hələ ki heç nə deyə bilməzlər, günün sonunda rəsmi açıqlamanın olacağı gözlənilir.

***

Nardaranda davam edən axtarışlar həbslərlə müşayiət olunur. AzadlıqRadiosunun Nardaranda olan müxbiri xəbər verir ki, kənd sakini Atabala Şahbazov, ata və oğul Əli Hüseynovla Mehdi Hüseynov və daha bir kənd sakini saxlanılıb.

***

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Nardaran tamamilə mühasirədədir, kəndə gedən bütün yollar bağlıdır. İmam Hüseyn meydanı Daxili Qoşunların nəzarətindədir. Heç kimə çəkilişə icazə verilmir.

Ara məhəllələr belə mühasirədədir. Noyabrın 26-da əməliyyat keçirilmiş evə gedən yollar isə tamamilə bağlanıb. Kənddəki evlərdə əməliyyat davam edir. Daha iki kənd sakini saxlanılıb. Evlərdəki baltalar soyuq silah kimi götürülür.

Nardaranda evlərdə axtarış aparılır

“Kəndə qoşun yeridilib, hazırda əməliyyat keçirilir. Kənddə bəlkə də 10 mindən çox qoşun var”.

Nardaran ağsaqqalı Natiq Kərimov
Nardaran ağsaqqalı Natiq Kərimov

Bunu AzadlqıRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib:

“Əməliyyat səhər tezdən başlayıb. Deyirlər, silah axtarırlar. Demək olar ki, bütün kənddə axtarış aparılır. Bizə demişdilər, “meydanı boşaldın”, biz də boşaltdıq. İndi də qoşun yeridiblər. Silah axtarırlarsa, axtarsınlar. Kimin silahı varsa, gedib cəzasını çəksin. Bütün kəndi bərbad vəziyyətə salmaq olmaz”.

Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

Natiq Kərimov kənddə işıq olmadığını, telefonun işləmədiyini də deyib:

“Deyirlər, “işığa borcunuz var”. Telefona, internetə ki, borcumuz yoxdur”.

Cənazələrin kəndə gətirilməsi xəbəri haqda isə Natiq Kərimov deyir ki, “hələ cənazələrdən bir xəbər yoxdur”.

(Xəbərlər fotoqalereyadan sonra davam edir)

İmam Hüseyn meydanında zirehli texnika var

Hazırda Nardarandakı İmam Hüseyn meydanında zirehli texnika dayanıb. Evlərdə axtarış aparılır. Xüsusi təyinatlı polis qüvvələrinin qadın əməkdaşları qadınların üstündə axtarış aparır.

Axtarış aparılan evlərdənbiri noyabrın 26-da Taleh Bağırzadə və tərəfdarlarının saxlanıldığı Bünyadovların evidir.

Bu haqda AzadlıqRadisouna adının çəkilməsini istəməyən Nardaran sakini məlumat verib.

Mahmud Hacıyev
Mahmud Hacıyev
Keçmiş rəisdən Nardaran əməliyyatına şərh

“Nardaranda əməliyyat yəqin ki, müəyyən istintaq məlumatları, məxfi məlumatlar əsasında həyata keçirilir” - hüquqşünas, keçmiş polis zabiti Mahmud Hacıyev Nardaranda keçirilən əməliyyatı AzadlıqRadiosuna belə şərh edib:

“Hüquq-mühafizə orqanları rəhbərliyindən soruşulsa, yəqin deyəcəklər ki, müəyyən məlumatlar əsasında bu əməliyat keçirilir. Kəndə Daxili Qoşunların yeridilməsinə gəldikdə, əsaslandıra bilərlər ki, əməliyyat keçirmək üçün onlara ehtiyac olub.

İndi çaşqın vəziyyət yaranıb. Belə fikir ola bilər ki, bu əməliyyat lazım deyildi, kənd ağsaqqalları ilə müəyyən razılığa gəlinmişdi, danışıqlar planlaşdırılırdı.

Ancaq o da ola bilər ki, hansısa məlumatlar bu əməliyyatı keçirməyi zəruri edib”.

Nardaranda bəzi evlərdə axtarış gedir

Nardarana gedən bütün yollar bağlıdır. İmam Hüseyn meydanı mühasirəyə alınıb. Nardaran küçələri boşdur. Küçələrdə ancaq hökumət qüvvələri, polislər var. Çəkilişə icazə verilmir. Məlumata görə, bir neçə evdə əməliyyat aparılır.

İran səfirliyi Nardaran hadisələrində rolu olmadığını deyir

«İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib. Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb».

İranın Azərbaycandakı səfirliyinin dekabrın 1-də yaydığı bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, İran həmişə dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin, ixtilafların zorakı yollarla həllinə qarşı olub: «Təbii ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb, bu siyasəti əməldə də icra edib»

Hələlik Nardaran hadisələrində Tehranın rolu barədə hər hansı rəsmi bəyanat səslənməyib, amma sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarında bu qəsəbədə baş verənlərə görə İranı ittiham edənlər var.

Meyitlər gətirildi

Nardarana yeridilən Daxili Qoşunların xüsusi təyinatlıları arasında qadın polislər də var.

Nardaran sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, Nardarandakı ziyarətgaha qədər zirehli texnika düzülüb.

Noyabrın 26-da keçirilən əməliyyat zamanı öldürülənlərin meyitləri də qəsəbəyə gətirilib.

Gəncədə də əməliyyat gedir

Noyabrın 30-da Gəncə şəhərində «Müsəlman Birliyi» Hərəkatını dəstəklədiyi bildirilən 6 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilərək götürülüb.

Bunlar rəsmi qaynaqların verdiyi xəbərdir, amma hələlik başqa mənbələrdən Gəncədə baş verənlər barədə ətraflı xəbər yoxdur.

«Qorxuruq»

«Səhərdən yollarda qalmışıq, evə gedib çıxa bilmirik. Hər tərəf texnika, silahlı əsgərlərlə doludur. Deyirlər, Nardarana qoşun girib, Maştağaya ki girməyib».

Adının çəkilməsini istəməyən Maştağa sakini AzadlıqRadiosuna belə deyib.

Qəsəbə sakini qonşu Nardaranda baş verənlərə görə narahatlıqlarını da bildirib: «Düzü, hamı qorxu içindədir. Qorxuruq».

Nardaran yaxınlığında polis postu, 1 dekabr 2015
Nardaran yaxınlığında polis postu, 1 dekabr 2015
Yollar bağlıdır

Nardaranda keçirilən xüsusi əməliyyatla əlaqədar olaraq Sabunçu dairəsi, Maştağa qəsəbəsinə gedən yollar da bağlanıb.

Yollar Daxili Qoşunların yük maşınları və post-patrul maşınları ilə bağlanıb. Maştağada olan jurnalistlərdən birinin AzadlıqRadiosuna verdiyi məlumata görə, yollardakı polislər silahlıdır.

Nardarana texnika yeridilib - RƏSMİ MƏLUMAT

Dekabrın 1-də səhər saat 8.00-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirilməsinə başlayıb.

Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin yaydığı birgə məlumatında belə deyilir.

Məlumatda bildirilir ki, plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub. Hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.


«Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur» - məlumatda qeyd olunur.

Məlumatda deyilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı hücum edən, ictimai qaydanı kobud surətdə pozan şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Xüsusi əməliyyat prezidentinin nəzarətindədir, əməliyyatın gedişi mütəmadi məruzə olunur.

Sakinlərdən, müstəqil mənbələrdən kənddə nə baş verməsi barədə məlumat ala bilmirik.

Bundan əvvəl, noyabrın 26-da da polis Nardaranda əməliyyat keçirmişdi. Rəsmi məlumata əsasən, dördü mülki vətəndaş, ikisi polis olmaqla 6 nəfər ölmüşdü.

XS
SM
MD
LG