Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:41

Dini ekstremizmlə mübarizə qanunu qəbul edildi


Milli Məclis
Milli Məclis

-

«Bir əsr əvvəl Sabir, Axundov və başqaları dini xurafata qarşı mübarizə aparıblar, biz də bu gün mübarizə aparırıq. Görün, o kişilər nə qədər böyük olublar?! Baxıram, Nardaranda 2-3-cü sinif uşaqları necə tərbiyə olunurlar? Azərbaycan dövləti 1990-cı illərin dövləti deyil ki, kim istəsə, bir bayraq taxsın».

Bunu dekabrın 4-də «Dini ekstremizmə qarşı mübarizə haqqında» qanun layihəsinin müzakirəsi zamanı 1-ci vitse-spiker Ziyafət Əsgərov bildirib.

MM-in sədr müavini Bahar Muradova qanun layihəsinin islam ekstremizmi yox, dini ekstremizmlə bağlı olduğunu söyləyib: «Deputat həmkarlarımızdan xahiş edirəm ki, bu qanun layihəsi barədə danışanda, tək Nardaran məsələsini, islam fundamentalizmini qeyd etməsinlər. Avropada islamı gözdən salmağa çalışırlar. Amma ən zərərli islamofobiya islam ölkələrinin özlərinin daxilindədir, bəzən Avropadan daha artıq islamofobiya ilə məşğul oluruq. Digər tərəfdən, Azərbaycanda çoxlu sayda dinlər, dini mərkəzlər var. Biz az şahid olmuşuq ki, Azərbaycanın regionlarında vətəndaşlarımızı qorxutma, şirnikləndirmə yolu ilə digər dinlərə, təriqətlərə cəlb etməyə çalışıblar?!».

Qanun layihəsini dəstəkləyən Qüdrət Həsənquliyev deyib ki, dini ekstremistlərdən qorumaq lazımdır: «Nardaran hadisələri zamanı telekanalda azyaşlı uşaqların necə danışdıqlarını ürəkağrısı ilə izlədim. Ona görə də Cinayət Məcəlləsinə müəyyən hallarda köçürmə və valideynlik hüququndan məhrumetmə məsələsi daxil edilməlidir. Digər tərəfdən, xüsusi əməliyyatlar zamanı jurnalistlər məlumatlandırılmalıdır. Məsələn, Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı hadisələr zamanı mətbuatda nələr yazırdılar. Ola bilməzdi ki, belə hallarda, əməliyyatlar keçirilən zaman jurnalistlər üçün qısa brifinqlər verilsin?».

Daha sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Yeni qanuna əsasən, Azərbaycanda dini ekstremizm əleyhinə keçirilən xüsusi əməliyyatlar zamanı ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək.

XS
SM
MD
LG