Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:32

«Bütün günü iş gözləyirik»


Bakıda «qul bazarı» - 2008
Bakıda «qul bazarı» - 2008

-

Paytaxtda işsizlərin toplaşıb müştəri gözlədiyi məkanlardan biri də metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığındakı körpünün altıdır. Burdakı «qul bazarı»nda iş səhər saat 8-dən başlayır.

...Səhər tezdən bənna, qaynaqçı, rəngsaz, suvaqçı, tikinti sahəsi ilə bağlı işləri görməyi bacaranlar çörəkpulu qazanmaq üçün buraya gəlirlər. Onların arasında gənc də, orta yaşlı da, hətta yaşlı usta- fəhlə də var.

GÖRƏNDƏ Kİ, NARAZILIQ EDİRİK, QOVURLAR

Akif dayı deyir ki, axşam saat 8-ə, 10-a kimi müştəri gözləyirlər:

«Ümumiyyətlə, evə tez və ya gec getməyimiz «qrup rəhbəri»ndən asılıdır. O nə vaxt desə «gedin», onda gedirik».

«Qrup rəhbəri» də elə onlarla birlikdə bu məkanda iş axtaranlardan biridir. Lakin o, çox danışmaq istəmədi. Səbəbini polislərə bağladı:

«Polislər görəndə ki, narazılıq edirik, bizi burdan qovurlar, incidirlər. Bir tikə çörək pulumuzu qazana bilmirik. Elə vaxt olub ki, hətta bazara da gəlməyimizə icazə verməyiblər».

Akif dayı deyir ki, əvvəllər gündəlik 10-15 manat, iş yaxşı olsa, lap 20 manat da qazana bilirmiş, amma indi bəzən elə olur ki, heç 1 manat da qazanmır:

«Burada bütün günü iş gözləyirik. Soyuq havada səhərdən axşama kimi çöldə qalmaq çox çətindir».

HEÇ YERDƏ İŞ YOXDUR

Digər bir fəhlə Rasim isə söyləyir ki, onsuz da öyrəşiblər, yay-qış bu əziyyətə qatlaşırlar:

«İstiyə-soyuğa baxmırıq, gəlirik. Bizim kimi bütün günü gəlib burda dayanan adam bilər ki, necə əziyyət çəkirik. Amma heç olmasa, bu çətinliyin müqabilində nəsə qazansaq, əziyyətimizə heyfimiz gəlməz. O da ki, çox vaxt mümkün olmur».

Elşənin sözlərinə görə, başqa iş axtarır, tapsa, buraya gəlməz:

«Tikinti şirkətlərinə müraciət edirəm. Heç yerdə iş yoxdur. Burda da fəhlə çox olduğundan hamıya iş düşmür. Çoxumuz boş yerə gəlirik».

...Onlar hər gün bu körpünün divarlarına drel, qaynaq aparatı, müxtəlif alətlər söykəyib gözləyirlər. Gözləri onlara yaxınlaşacaq piyadaların, maşınların üzərindədir...

XS
SM
MD
LG