Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:22

Günel Mövlud. Niyə hamı sevinir?


Günel Mövlud
Günel Mövlud

-

"Niyə belə oldu? Niyə ölkənin beyinləri, vicdanı öz vətənlərinə düşmən kəsildi?"

Günel Mövlud

Qara qızıldan qara lənətə

Dəlixanadır. Ölkə əhalisi 50 faiz kasıblayacaq, tanıdığım hər kəs sevinir.

Təsəvvür edin, camaat korluq çəkəcək, onsuz da kef eləməyən xalq daha da kasıb yaşayacaq. Amma tanıdığım hər kəs sevinir.

Niyə sevinir? Burda sevinməli nə var? İnsan da ölkəsinin, xalqının, qohumlarının, ailəsinin, özünün kasıblamağına, korluq çəkəcəyinə sevinərmi? İnsanlar dəli olub? Nə olub onlara? Niyə belə edirlər? Bu, nəyin təsiridir?

Tanıdığım hər kəsdə belə bir ovqat var ki, elə bil futbol oyununa azarkeşlik edirlər, Azərbaycan isə rəqib komandadır. Qapısına vurulan hər qola, sarı, qırmızı vərəqə alan hər oyunçusuna sevinirlər.

Özü də bu adamlar ölkənin düşünə bilən, savadlı, vicdanlı adamlarıdır. Ölkənin beyinləri, ölkənin vicdanları.

Niyə belə oldu? Niyə ölkənin beyinləri, vicdanı öz vətənlərinə düşmən kəsildi?

Bu sualın cavabı dəfələrlə verilib. Amma yenə də təəccüblüdür. Yenə də adamın innamağı gəlmir. Yenə də adam dəhşətə gəlir. Görün vəziyyət nə yerdə olmalıdır ki, ölkənin düşünə bilən adamları, bir az vicdanı, bir az mövqeyi olan insanları öz toplumlarının, öz ailələrinin, şəxsən özlərinin daha kasıb yaşayacaqlarına sevinirlər. Ürəkdən sevinirlər.

Bu adamlar neftin ucuzlaşmağına da sevinirdilər. Hələ də sevinirlər.

Nə etməli? On-on beş il ərzində görürsən ki, ölkəyə gələn pullar sənin rifahından daha çox bədbəxtliyinə xidmət edir.

Görürsən ki, neft pullarından sənə düşən qəpik-quruşu verib evini təmir edirsən, amma neft pullarından gələn milyonlara yiyələnən məmur sənin evini uçurub, yerində özünə göydələn tikə bilir.

Sən neftin qəpik-quruşu ilə bir köhnə maşın alırsan, neftin milyonlarının harınlatdığı məmurlar sənin maşınının paytaxta girişinə qadağa qoyur.

Başa düşürsən ki, sənin sıradan vətəndaş kimi varlanmağın, rifahının yüksəlməsi əslində ilğımdır, illüziyadır, şirin yuxudur.

Gün gəlir, evini sökməyə gələn buldozerin motorunun gurultusu, maşınını paytaxt girişində saxlayan polis fiti səni bu şirin yuxudan ayıldır.

Görün, bunun üçün nələr etmək lazım idi ki, ölkənin düşünən beyinlərini, ölkənin vicdanlarını öz ölkəsinin ögeyinə, düşməninə çevirəsən.

Sən başa düşürsən ki, neft və neft pulları sənin rifahına deyil, bədbəxtliyinə xidmət edir.

Başa düşürsən ki, sənin vətəndaş kimi bədbəxtliyinin, üzləşdiyin qanunsuzluqların, harınlığın mənbəyi neft və neftdən gələn pullardır.

Sən başa düşürsən ki, qara qızıl əslində qara lənətdir.

Buna görə də, görəndə ki, neft ucuzlaşır, neft pulları azalır, bilirsən ki, sən daha kasıb yaşayacaqsan. Amma sevinirsən, ona görə ki, indiyə qədər səni, soydaşlarını neftin, neftdən gələn pulların hesabına əzənlərin vəziyyəti daha çətin olacaq. Sən buna görə sevinirsən.

Görün, bunun üçün nələr etmək lazım idi ki, ölkənin düşünən beyinlərini, ölkənin vicdanlarını öz ölkəsinin ögeyinə, düşməninə çevirəsən. Sadəcə, dəhşətdir. Adam dəhşətə gəlir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG