Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:36

MTN polkovnikinin intihar xəbərini belə yozurlar


Həbsxana
Həbsxana

-

«Məhbus intihardan başqa çıxış yolu görmürsə, tək qalan kimi mütləq imkan tapıb bunu edir. Yanında kamera yoldaşları olanda isə, adətən, intihara imkan verilmir. Görünür ki, İlqar Əliyev psixoloji cəhətdən çox çıxılmaz vəziyyətdə olub».

«Məhbuslara Yardım» Fondunun rəhbəri, Penitensiar Xidmətin keçmiş rəisi Məmməd Zeynalov MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında özünü asmasını AzadlıqRadiosuna şərh edərkən belə deyib.

«GÖRÜB, AJİOTAJLI İŞDİR»

Məmməd Zeynalov deyir ki, məhbuslar da ağır stress vəziyyətində olanda intihara əl atır:

«İstintaq təcridxanalarında məhbusları kateqoriyalara bölüb saxlayırlar. Məsələn, əgər o, MTN işçisi olubsa, onu adi məhbuslarla yox, hüquq-mühafizə orqanlarında işləmiş adamla bir yerə salırlar. Məhbus tək qalan kimi bunu edə bilər. Yəqin görüb ki, ajiotajlı işdir, azı 10-15 il cəza alacaq. Çıxış yolunu intiharda görüb».

ÇARƏSİZLİK SİNDROMU

«Elə bir cəzaçəkmə yeri yoxdur ki, orda intiharınqarşısı tam alına bilsin. Mən dəfələrlə Bakı İstintaq Təcridxanasının kameralarına baş çəkmişəm. İntiharın qarşısı ancaq həmin adamın yanında olmaqla, ona nəzarət etməklə alına bilər. Məhbusların mələfədən istifadə etməklə özünü asması halları isə çox olur. Çaynikdən, qaşıqdan da istifadə edə bilər. İntihar etmək istəyən məhbus üçün istənilən alət vasitəyə çevrilə bilir». Bunu isə AzadlıqRadiosuna Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə nəzarət edən İctimai Komitənin üzvü Sahib Məmmədov bildirib.

«Bu, çarəsizlik sindromudur. Xüsusilə, istintaq dövründə məhbuslar intihar edir. Cəzaçəkmə yerlərində isə artıq psixoloji durum sabitləşir. Görünür, İlqar Əliyev komfortlu həyatdan sonra belə vəziyyətə uyğunlaşa bilməyib. Psixoloji durumu da çox ağır olub. Çıxış yolunu intiharda görüb».

İNTİHAR BARƏDƏ DANIŞMAYIB

Rəsmi məlumatda İlqar Əliyevin dekabrın 20-də Bakı İstintaq Təcridxanasında özünü mələfə ilə asdığı bildirilir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir ki, İlqar Əliyev dekabrın 20-də saat 15:55 radələrində intihar edib. O, ikinəfərlik kamerada saxlanılırmış: «Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalan İ.Əliyev mələfəni ip formasında pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb».

İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə AzadlıqRadiosuna deyib ki, müvəkkili heç vaxt intihar haqqında danışmayıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Oktyabrda həbs olunan İlqar Əliyev Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham olunurdu.

İlqar Əliyevin adı həmçinin jurnalist Pərviz Həşimlinin həbsində hallanırdı. Jurnalist həbsinə görə onu ittiham edirdi.

XS
SM
MD
LG