Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:43

"Sənə qalıb, ölkəni düzəltmək? - deyənlərdi günahkar"


Azərbayan. İnsanlar ATM növbəsində
Azərbayan. İnsanlar ATM növbəsində

-

"Acından öldüyünü dediyimiz Gürcüstan uğurla tibbi sığortaya keçdiyi halda biz hələ də məmur oliqarxların özəl klinikalarının əsirinə çevrilmişik."

"Pulları, səlahiyyətləri olmadığına görə, “bundan mənə nə xeyir gələ bilər ki” deyib, müstəqil fikirli adamlardan gen gəzirdiniz. Onları ümumən ağılsız, fərasətsiz sayırdınız. Bax, indi bərabər vəziyyətdəyik."

Rəşad Babalı

Yaratdığınız cəhənnəm

Rəşad Babalı
Rəşad Babalı

Manatın gözlənilən ikinci dəyərsizləşməsi ağlı başında olan hər kəsə məlum idi. Sadəcə vaxtı dəqiq bilinmirdi… və gözlənilən baş verdi.

Üçüncü manat soyqırımının qapı ağzında olduğu vaxtda hamını bir sual düşündürür ki, halımız necə olacaq. Ancaq bu sual çoxdan düşündürməliydi.

O vaxt düşündürməliyidi ki, neftin qiyməti 140 dollardan yuxarı idi. Zəhmət çəkmədən milyardlarla pul gəlirdi. Hakimiyyət bilmirdi hara xərcləsin. Daşa, divara, zirə-zibilə sərf etdilər. Əllərindən gəldiyi qədər çalışdılar ki, neftdən gələn pul insanlara birbaşa yönəlməsin.

Zəhmətsiz pullar tək hakimiyyəti yox, xalqı da çaşdırmışdı. Millət ayağının altını görmürdü. Acı da, toxu da razıydı. Artıq insanlar qəbul edirdilər ki, kasıb olmalarının günahı özlərindədir. Zirək deyillər. Zirək anlayışı da normal bildiyimiz mənada yox, yaltaqlıqdan tutmuş növbənöv fırıldağa qədər vasitələrdə anlaşılırdı.

Neftdən gələn pulların bir hissəsi xarici bankalara az faizlə qoyulduğu halda, yerli banklar əhaliyə krediti 25-35 faizə verdilər.

Hazırda baş verənləri illərdi deyənləri dəli saydı toplum. Nələr deyilmədi ünvanımıza!

Hakimiyyətin ağılsız iqtisadi, siyasi, sosial siyasətinə qarşı bütün çıxışlarımız vətənə xəyanət kimi qarşılandı.

İqtidarın təbliğat maşını bütün gücüylə işləyirdi və səmərəsi də vardı. Az qala hamının dürüstlüyünə lağ etdiyi Aztv beyinyumada mühim vasitəydi.

Nə deyirdik? Deyirdik ki, neftdən gələn pulları yönəlt qeyri-neft sektoruna. İnsan amilinə fikir ver. Bazar iqtisadiyyatı üçün münbit şərait qur. Bunun üçün də məhkəmə sistemin ədalətli işləsin. Mülkiyyət toxunulmazlığı qızıl qayda olsun. Ən əsası, seçkiləri saxtalaşdırma. Bəs hansı cavabı eşidirdik? Düşmən dəyirmanına su tökənlər, Azərbaycanı istəməyən dairələrin maliyyələşdirdikləri, ölkəni xaosa sürükləmək istəyənlər və s.

Hakimiyyət bir kənara, yaxın çevrəmizdən azmı eşitdik tənə?! “Başını aşağı sal, işini gör”, “dövlətlə dövlətçilik etmə”, “sənə qalıb ölkəni düzəltmək”, “bunlar yeyib doyub, gələnlər basıb daha çox yeyəcək”, “neftimiz o qədər çoxdu ki hələ nəvələrimizə də çatar” və başqa ağla gələn, gəlməyən məsləhətlər, özünüaldatmalar.

Hakimiyyət pulu park, körpü salmaq adıyla mərmərə, qranitə, daşa, torpağa verdi. İnsanlar da dünyada analoqu olmayan daşlardan ibarət parklara baxıb fəxrlə köks ötürdülər.

Üzü ağardılmış və ya yeni üzlük vurulmuş binalar insanlar üçün ayrıca qürur mənbəyiydi. “Alov qüllələri” kompleksi Bakının simvolu kimi Qız Qalasını əvəz etməyə başladı.

İnsanlara deyəndə ki, sağa-sola səpilən bu qədər vəsait əvvəl-axır sizin canınızdan çıxacaq, qulaqlarına da deyildi. “O vaxta qədər Allah kərimdi” deyib başlarından edirdilər.

Hakimiyyət pulun hesabına vətənpərvərlik oyunu oynayırdı. Şişirdilmiş hərbi büdcəylə fəxr edirdi.

Professional ordu quruculuğu adıyla MAXE sistemini yaratmışdılar. Əvvəllər manqa komandiri vəzifəsində əsgərlər daha ucuz başa gəlirdisə, müddətdən artıq xidmət edənləri cəlb etməklə xərc artırıldı. Belə desək, maaşlı hərbi xidmət. Bunlar ordunun keyfiyyətini artırmadı, əksinə, əlavə problemlər yaratdı.

Şişmiş büdcəli orduda əsgər ölümləri azalmadı. Əksinə, daha da artdı. Çoxu da qeyri-döyüş şəraitində. Amma bunları da deyəndə adımız erməniyə çıxmışdı.

Dünyanın hər yerində belə şeylər olur da deyib yola verirdilər.

Azərbaycanda korrupsiyanın faiz indeksi, 2014
Azərbaycanda korrupsiyanın faiz indeksi, 2014

Xüsusi təyinatlı “ordu dostları” Silahlı Qüvvələri tənqid edən hər kəsə cavab verməyi özünə borc bilirdi.

İnsanlara deyəndə ki, korrupsiya millətləri məhv edən bir bəladır, yenə bəhanə tapırdılar:

"Dünyanın harasında korrupsiya yoxdu ki?!" Hətta nümunə kimi göstərilən ölkələrdə belə.

Lakin unutduqları və ya bilərəkdən göz yumduqları bir məqam vardı. Normal ölkələrdə korrupsiyanın səviyyəsi Azərbaycandakı qədər deyil. Sistemləri bizdəki qədər korrupsiya ilə ahəngdə deyil.

Bu korrupsiyanın nəticəsində hamı bankların əsiridir. Dünyada analoqu olmayan səviyyədə faiz dərəcələrimiz var. Neftdən gələn pulların bir hissəsi xarici bankalarda az faizlə qoyulduğu halda, yerli banklar əhaliyə krediti 25-35 faizə verdilər.

Həmin korrupsiya təhsilimizi yedi. Müəllimlərə cüzi əməkhaqqıyla gələcəyimizə bomba qoydular.

Hələ mən səhiyyə sistemindəki biabırçılıqları demirəm. Acından öldüyünü dediyimiz Gürcüstan uğurla tibbi sığortaya keçdiyi halda biz hələ də məmur oliqarxların özəl klinikalarının əsirinə çevrilmişik.

Problemləri sadalamaqla zəhlə tökmək fikrim yoxdur. Ancaq susqunluğunuzun bədəlinin nə olduğunu göstərmək istəyirəm.

Mitinqlərə gülürdünüz ha, bax indiki gününüzə gülürdünüz. "Əşşi mənim vəziyyətim yaxşıdı, kiminki pisdi, o getsin" deyənlər indi devalvasiyadan aldıqları zərbədən zarıyırlar.

Müstəqil mətbuatın məhv edilməsinə susdunuz. Ancaq sonda düzgün xəbər üçün yenə etinasız yanaşdığınız adamlara üz tutdunuz.

Yenə də gözləyirsiniz ki, etiraz aksiyalarını həminki adamlar keçirsinlər. Bütün mitinqlərdə ancaq eyni adamları görürdülər. Bir də kənardan baxıb rişxənd edənləri. Bax o rişxəndlə qızıl dişlərini göstərənlərin növbəsidir.

Yadınızdadırmı, nəslinizdə, dostluğunuzda, qonşuluğunuzda olan müxalif fikirlilərə münasibətiniz? Cüzamlılar kimi baxırdınız. Pulları, səlahiyyətləri olmadığına görə, “bundan mənə nə xeyir gələ bilər ki” deyib gen gəzirdiniz.

Toyunuza dəvətlilər arasından ilk çıxarılanlar onlardı. Yolda qarşınıza çıxsalardı, uğursuzluğa yozurdunuz. Onları ümumən ağılsız, fərasətsiz sayırdınız. Bax indi bərabər vəziyyətdəyik. Üstəgəl, sizlərin itirdiyi və ya itirəcəyi xeyli şeylər var. Bunlar da stress yaradır. Gerçəkliyə xoş gəldiniz.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG