Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:53

İlham Əliyev: «Lazımsız qurumlar ləğv edilməlidir»


İlham Əliyev
İlham Əliyev

-

«Keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik».

Prezident İlham Əliyev yanvarın 9-da Nazirlər Kabinetinin son iclasındakı çıxışında belə deyib.

Prezident struktur islahatlarından da danışıb. O, daha da çevik, operativ idarəetmə mexanizminin yaradılmalı olduğunu söyləyib. «Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz», - İlham Əliyev söyləyib.

O, süni şəkildə iş yerlərinin yaradıldığını bildirib: «Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq».

«İCTİMAİYYƏT FƏAL OLMALIDIR...»

Dövlət başçısı ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan, dövlət inhisarında olan şirkətlərin işində, idaretməçiliyində də dəyişikliklərin vacibliyini vurğulayıb:

«Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər».

İlham Əliyev ictimai nəzarət mexanizmləri haqqında da danışıb: «Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır».

XS
SM
MD
LG