Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:47

«Hadisədən sonra məscidə gedib namaz qıldıq»


Rasim Əliyevin döyülmə anı.
Rasim Əliyevin döyülmə anı.

-

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı məhkəmə prosesi yanvarın 14-də davam etdirildi. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş üzrə təqsirləndirilən şəxslərdən daha ikisi – Kənan Mədətov və Arif Əliyev ifadə verdi.

Sankt-Peterburqda Aviasiya Akademiyasının tələbəsi olan Kənan Mədətov ittiham üzrə özünü qətiyyən təqsirli bilmədi. İş materiallarındakı ifadələrin, həmçinin ifadələrin altındakı imzaların ona məxsus olmadığını deyən Kənan Mədətovun sözlərinə görə, o, ümumiyyətlə, istintaqa ifadə verməkdən imtina edib.

«HEÇ NƏDƏN XƏBƏRİM OLMAYIB»

Hadisəyə gəlincə, o bildirdi ki, Elşən İsmayılov onu çay içmək adı ilə çağırıb:

«Zəng eləyib dedi ki, gedək Bayılda çay içək. Mən də maşınla gəlib onu götürdüm. Həmin vaxt Arif və Camal da yanında idi. Camalı çoxdan görmürdüm deyə, yolda ancaq Camalla söhbət elədim. Mənim başqa heç nədən xəbərim olmayıb».

Lakin Kənan Mədətovun istintaqa ifadələrində göstərilib ki, o, Elşən İsmayılovla Rasim Əliyev arasındakı mübahisədən xəbərdardır.

Kənan Mədətov da futbolçudur, bildirdi ki, bu gün 21 yaşı tamam olur. Rasim Əliyevi vurmadığını deyən Kənan Mədətovun sözlərinə görə, hadisədən sonra Bibiheybət məscidinə gedərək orada namaz qılıblar. Daha sonra Bakıxanov qəsəbəsinə qayıdıb Arif və Elşəni düşürüb, özü isə Camalla çay içməyə gedib.

Digər təqsirləndirilən Arif Əliyev jurnalistin döyülməsində iştirakını etiraf etdi: «Amma amansızlıq məsələsi ilə razılaşmıram. Biz balta ilə vurmamışıq, bıçaqla vurmamışıq».

«ERTƏSİ GÜN TULLADIM»

Arif Əliyev həmçinin Rasimin telefonunu götürdüyünü təsdiqlədi: «Yerə düşmüşdü, elə bildim uşaqlardan birinindir. Bibiheybətə çatanda soruşdum, dedilər «bizim deyil». İçindəki şəkillərə baxanda bildim ki, rəhmətliyindir. Hadisənin ertəsi gün tulladım».

Arif Əliyevin istintaqa ifadələrindən birində isə telefonu şəxsi istifadə üçün götürdüyü yazılıb. O, bu haqda yazılanların doğru olmadığını bildirdi. Qeyd etdi ki, ifadələri müstəntiq yazıb və özü də oxumadan imzalayıb. İstintaqın sonunda iş materialları ilə tanış olanda isə, orada səsləndirmədiyi fikirlərə rast gəlib.

Məhkəmə yanvarın 19-da digər təqsirləndirilən Samir Mustafayevin ifadəsi ilə davam edəcək.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir neçə şəxs tərəfindən döyülüb. Daha sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Jurnalist avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib.

Bu iş üzrə ümumilikdə 6 nəfər – futbolçu Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev məsuliyyətə cəlb olunub. Digər beş nəfərdən fərqli olaraq, Cavid Hüseynov yalnız Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə və ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham olunur.

Həmçinin bax - AzadlıqRadiosu Youtube kanalında izləyin

XS
SM
MD
LG