Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:38

Bakıda bağlanan dükanlar, restoranlar, maşın salonları- [Fotolar]


►Hökumət antiböhran proqramı hazırlayır

“Qonşu mağazanı dünən bağlayıb getdi. Neyləsin, çatdıra bilmirdi. Bu gedişlə, deyəsən, mən də bağlayacağam”.

Məhəllə mağazasının sahibi Güllü Əliyeva qonşusunun dükanı bağlamasından heyfslənir:

“Manat ucuzlaşandan çatdıra bilmirdi. Yeri də icarəyə götürmüşdü. Gördü borcu xərcini ödəmir, bağladı. Elə məndə də icarədir. İndi həm icarə haqqı vermək, həm də mal gətirib satmaq hər adamın işi deyil”.

Manatın yarıbayarı ucuzlaşmasından əvvəl də şəhərin mərkəzindəki bahalı mağazalar bir-bir bağlanırdı. İkinci devalvasiyadan sonra belə mağazaların sayı artıb. İndi isə həm kiçik ərzaq mağazaları, həm də iri iaşə obyektləri qapısını qıfıllayır. Restoranlar, kafelər, maşın salonları da bağlanan obyektlər sırasındadır.

Bahalı obyektlər bağlanmaqdadır

Bir neçə müddətdir Bakı bulvarında imkanlı təbəqənin baş çəkdiyi Pasifico restoranı bağlanıb. İndi burda əvvəlki hay-küy, əyləncə səsləri qeybə çəkilib. Restoranln telefonları da cavab vermir.

Şəhərin mərkəzində yerləşən başqa bir restoran - Finnegans da bağlanıb. Restoranın saytında yazılıb ki, 17 ildən sonra bu addımı atmağa məcbur qalıblar.

Bağlanan başqa bir əyləncə yeri – Opera Sky isə yanvarın 9-da müştəriləri üçün sonuncu əyləncəli vida gecəsi təşkil etmişdi.

Buna da bax: Tikinti sektoruna sarsıdıcı zərbə

“3 aydan çoxdur maşın satılmır”

Bağlananlar arasında avtomobil salonları da var. Məsələn, “Kia Motors Azərbaycan” şirkəti əvvəlcə Babək prospektindəki, sonra isə Ramiz Quliyev küçəsindəki salonunu bağlayıb. Şirkətin servis meneceri Rafiq Qasımov deyir ki, bağlanmaqdan başqa çıxış yolu olmayıb:

“Alver yoxdur, maşın satılmır. Ona görə məcbur qalıb bağlayırlar. 3 aydan çoxdur maşın satılmır. Əvvəl, heç olmasa, ayda 3-4 maşın satılırdı. İndi elə deyil”.

Natiq Cəfərli
Natiq Cəfərli

Rahib Məmmədov küçəsindəki “Nurgün Motors” şirkətinə aid avtomobil salonu da bir neçə gün əvvələ qədər işləyirdi. İndi salon bomboşdur. Bağlanan obyektlər sırasında təmir sexləri, tibb klinikaları, gözəllik salonları da var.

Bu tendensiya bir müddət artan xətlə gedəcək

Bəs, bu vəziyyət nə vaxta qədər davam edəcək? İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ticarət obyektlətinin bağlanması alıcılıq qabiliyyətinin, gəlirlərin azalması ilə əlaqədardır. Bu proses isə hələ bir müddət çəkəcək:

“İş yerlərini, gəlirlərini itirmiş insanların alıcılıq qabiliyyəti təbii olaraq düşür. Alıcılıq qabiliyyəti düşdükcə, ticarət dövriyyəsi də azalır. Ticarət dövriyyəsinin də azalması pərakəndə satışla, kafe və restoran biznesi ilə məşğul olan insanlara birbaşa təsir göstərir. Onların gəlirləri azalır. Gəlirlər azaldıqca da həmin yerlər ya kiçilir, ya da bağlanır. Təəssüf ki, bu tendensiya bir müddət artan xətlə gedəcək. O zaman dayanacaq ki, bazar artıq özü tələb və təklif parametrlərinə uyğun olaraq bu vəziyyəti saxlayacaq. Bundan başqa, icarə haqlarının kəskin şəkildə düşməsi gözlənilir. O qədər düşməlidir ki, bu, icarəyə obyekt götürən insanlara sərf eləsin. Bir çox hallarda bu obyektlərin məmurlara məxsus olduğunu nəzərə alsaq, onlar hələ bu təhlükəni hiss etmirlər. Çox zaman icarə haqlarını salmırlar, adamlar da burdan çıxmalı olur”.

Buna da bax: “Taleh Bağırzadə 1 aydan çoxdur eyni paltarda saxlanır”

Hökumət antiböhran proqramı hazırlayır

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

İqtisadçı Oqtay Haqverdiyevin fikrincə, böhran dövründə qurbanların olması təbiidir:

“Böhrandan çıxmaq üçün bu, vacibdir. Azərbaycan da hələlik bu istiqamətdə gedir. Bu yolu bir çox ölkələr keçib, elə indi də keçir. Hökumət indi antiböhran proqramı hazırlayır. Yəqin bu ayın axırına kimi qəbul olunacaq. Orda bir çox istiqamətlər göstərilir. Onların həyata keçirilməsi üçün idarəetmədə, iqtisadi mühitdə dəyişikliklər olacaq. İndiki iqtisadiyyat daha da liberallaşdırılacaq. Dünən hökumətlə əlaqəli olan bir iclasda iştirak eləmişəm. Orda məlumat verdilər ki, indi obyektlərin bağlanma prosesi dayanıb. Amma bizdə bunun qarşısını inzibati metodlarla alırlar. Bu, iqtisadi metodlarla olsa, bəlkə də başqa mənzərə yaranar. Yaxın bir –iki həftədə bizim gələcəkdə hansı yolla gedəcəyimiz bilinəcək. Çünki iqtisadiyyatımızın neftdən asılılığı gec-tez bu vəziyyətə çatdırmalıydı”.

Məhəllə mağazasının sahibi Güllü Əliyeva isə qayğılı-qayğılı mağazanın qarşısına- küçəyə düzdüyü meyvə-tərəvəz yeşiklərini içəri daşıyır.

Bu gün də satışı yaxşı olmamışdı.

XS
SM
MD
LG