Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:59

İstiqrazların «sovet» xofu...


İstiqraz
İstiqraz

-

Maliyyə Nazirliyi yaxın günlərdə dövriyyəyə istiqraz buraxacağını açıqlayıb. Nazir Samir Şərifov ANS-ə müsahibəsində bu istiqrazlara yüksək faiz ödəniləcəyini söyləyib:

«Mən hamını dəvət edirəm ki, yastığın altında saxladıqları pulları bu istiqrazlarda yerləşdirsinlər. Onların gəlirliliyi inflyasiyadan yüksək olacaq. Əgər qiymət artımı 10%-dirsə, 11-12% divident ödənəcək».

Manatla yanaşı, dollarla da istiqraz buraxılması planlaşdırılır. Amma bu istiqrazların gəlirliliyi təxminən 3% olacaq.

İstiqraz – borc tipli maliyyə alətidir. İstiqrazı satan və ya borc götürən qurum (dövlət, şirkət) bəlli vaxt civarında investora (yatırımçıya) əsas borc məbləğini faizlə bərabər ödəyir.

Maliyyə Nazirliyə indiyədək də bir, iki və üçillik dövlət istiqrazları buraxıb. Birillik istiqrazlar faizsiz olsa da, iki və üçilliklərdə, uyğun olaraq, 3.75 və 4.25 faiz illik gəlir vardı. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, Maliyyə Nazirliyi ötən il istiqraz buraxmayıb.

«NƏZƏRİ BAXIMDAN DÜZGÜN YANAŞMADIR»

İqtisadiyyat eksperti Qubad İbadoğlu deyir ki, gecikmiş də olsa, bu addımı bəyənir: «Nəzəri baxımdan düzgün yanaşmadır. Sadəcə, orta və ahıl yaşlı əhali sovet dövrünün sonunda istiqrazlar ucbatından itirdiklərini unutmayıb. Manat sabitləşmədikcə, istiqraz vərəqələrini populyarlaşdırmaq mümkün olmayacaq».

Ekspert sovetlər dönəmində az qala hər evdə, istər faiz qazandıran, istərsə uduşlu istiqraz vərəqlərinin olduğunu xatırladır: «Çünki sovet rublu sabit idi. Nə qədər ki manat sabitləşməyib, gerçək məzənnə formalaşmayıb, manatla olan istiqraz vərəqələrini populyarlaşdırmaq mümkün deyil. Ən yüksək faizlər təklif olunsa da».

«ZƏNGİN ADAMLAR, ONSUZ DA...»

Dollarla istiqrazlara gəlincə, ekspert deyir ki: «Zəngin adamlar, onsuz da, valyutalarını ölkədən çıxararaq, inkişaf etmiş ölkələrin maliyyə və kapital bazarlarında yerləşdiriblər. Əlində bir az dolları olanlar da onu qara gün üçün yığır və inanmıram ki, istiqraza yatıralar. Amma yenə də istiqrazların faiz dərəcəsinə görə qərar verə bilərlər».

Ekspert Rəşad Həsənovun fikrincə, dövlət istiqrazlarının emissiya qərarı bir neçə səbəbdən zərurətə çevrilib: «Birincisi, hökumət əhalidə olan manatı ən müxtəlif üsullarla dövriyyədən kənarlaşdırmaqla məzənnə risklərini aşağı salmaq istəyir. Məhz bu səbəbdən manatla istiqrazlara daha yüksək faiz təklifi nəzərdə tutulub».

«HÖKUMƏT YAXŞI BİLİR Kİ...»

Ekspertin qənaətinə görə, başqa bir səbəb də banklara inamın ölməsidir: «Son baş verənlər fonunda bank sektoruna inam ciddi şəkildə sarsıldı. Nəticədə vətəndaş tərəddüddə qalıb və bilmir ki, əmanətini banka yerləşdirsin, yoxsa oradakı əmanətini çıxarsın. Tam sığorta haqqında qanun qəbul etməklə vəziyyəti nisbətən sabitləşdirməyə cəhd göstərən hökumət yaxşı bilir ki, bu addım yetərsizdir və istənilən variantda əmanətlər geri çəkiləcək. İndi hökumət daha etibarlı və gəlirli variant təklif etməklə bu vəsaitləri nəzarətə götürmək istəyir».

«OLSA-OLSA...»

Rəşad Həsənov düşünür ki, dövlət büdcəsinin icrasında mümkün risk və büdcə kəsirini hökumət bu yolla nizamlamağa səy göstərir: «Yəni dövlət istiqrazları eyni anda bir neçə məqsədə xidmət edir. Bütün bunlarla yanaşı, hökumət manatla borclanır ki, bu da manat yenə dəyər itirsə, hökumətə bəlli uduş verəcək. Məncə, dövlət istiqrazlarına maraq aşağı səviyyədə olacaq. Olsa-olsa, vəsaitini uzun müddət vəistifadəsiz saxlayan vətəndaşlar bu təklifdən yararlana bilərlər. Axı bank əmanətləri ilə müqayisədə dövlət istiqrazları daha etibarlıdır».

XS
SM
MD
LG