Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:53

Zaqatalada sosial şəbəkə fəalları həbs edilib


Zaqatala, 30 yanvar, 2016
Zaqatala, 30 yanvar, 2016

Məhkəmə sədri: «Polisə qarşı kobudluq ediblər, izahatlarına da yazıblar ki, "səhv eləmişik, bir daha olmaz"»

Zaqatala rayonunda yanvarın 30-da bahalaşma əleyhinə etiraz aksiyası keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılandan sonra saxlananlar olub. Onlardan biri Yuxarı Tala kəndinin sakini Səbuhi Nusalovdur. Anası Gülzar Nusalova AzadıqRadiosu-na deyib ki, sürücü işləyən oğlu yanvarın 28-də evdən maşınını düzəltmək üçün çıxıb:

«Maşınını düzəldəndən sonra bir stəkan çay içmək istəyirmiş ki, götürüb aparıblar. Oğlum kasıbçlığının dalıyca gedən adamdır. Onu niyə tutublar, bilmirəm».

Ailə üzvləri Səbuhi Nüsalovla görüşə bilməyib. Onlara deyiblər ki, vaxtı bitəndə azad edəcəklər.

Yuxarı Tala kəndinin başqa bir sakini Vaqif Hüseynov da Zaqatalada keçirilməsi elan olunan mitinq ərəfəsində saxlanıb.

«Camaatı qorxutmaq üçün həbslər keçirilib»

Müsavat Partiyasının Zaqatala rayon şöbəsinin sədr müavini Saleh Soltanov AzadlıqRadiosu-na deyib ki, saxlananlar 2 deyil, 7 nəfərdir. Özləri də mitinqqabağı tutulublar:

«Həbs olunanlar sosial şəbəkələrdə fəal olan gənclərdir. Yanvarın 30-da Zaqatalada mitinq keçiriləcəyi xəbərləri facebookda yayılmışdı. Onlar da facebookda fəaldırlar, mitinq elanından iki gün əvvəl həbs olunublar. Kim ki, mitinq olacağı xəbərini paylaşıb, yayıb, onların hamısını tutublar. Dəqiq 7 nəfərdirlər. İkisinin adı məlum olduğu üçün onların həbsi təsdiqlənir. Ancaq indi rayonda hamı bilir ki, tutulanlar 7 nəfərdir. Biri 20 sutka, qalanları 25 sutka inzibati həbs cəzası alıb. Hamısı da elan olunmuş mitinqə görə camaatı qorxutmaq üçün tutulub».

Zaqatala rayon polis şöbəsindən isə saxlananlarla bağlı məlumat verə bilməyəcəklərini söylədilər. Daxili İşlər Nazirliyindən də AzadlıqRadiosu-nun zənglərini cavablandıran olmayıb.

Oğlum kasıbçlığının dalıyca gedən adamdır. Onu niyə tutublar, bilmirəm...

Məhkəmə sədri: «Biz siyasətlə məşğul deyilik»

Zaqatala rayon məhkəməsinin sədri Elbrus Məmmədov AzadlıqRadiosu-na bildirib ki, yanvarın 28-də iki nəfər - Səbuhi Nusalovla Baqif Hüseynov saxlanıb. Məhkəmənin qərarı ilə onlar 20-25 sutka cəza alıb:

«Onlar polisə müqavimət ittihamıyla saxlanmışdı. Özləri də etiraf elədilər ki, «bu səhvi eləmişik, peşmanıq». Başqa bir siyasi məsələ ilə heç bir bağlılığı yoxdur. Kimlərsə deyir ki, onlar müxalifətçidir. Elə deyil. Heç biri heç bir partiyanın üzvü deyil, onlarla heç bir əlaqəsi olmayan adamlardır. Polisə qarşı kobudluq ediblər, izahatlarına da yazıblar ki, «səhv eləmişik, bir daha olmaz». Əgər müxalifətlə bağlı olsaydılar, özləri də deyərdirilər. Kimsə əlaqələndirə bilər. Ancaq elə deyil. Biz siyasətlə məşğul deyilik, heç nədən xəbərimiz yoxdur. Ümumi qaydadır, həftədə bir-iki belə adamlar olur, biz də inzibati qaydada bu işlərə baxırıq».

Məhkəmə sədri deyir ki, rayonda 2 nəfərdən başqa saxlanan olmayıb və onlar hazırda Zaqatala rayon polis şöbəsinin təcridxanasında saxlanılır.

Yanvarın 12-13-də ölkədəki bahalaşma əleyhinə Siyəzən, Ağsu, Ağcabədi, Füzulu və Qubada etiraz aksiyaları keçirib. Aksiyaları polis dağıdıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda Siyəzəndəki aksiyalarda 55 nəfərin saxlandığı bildirilir.

Hakimiyyət aksiyaların keçirilməsində müxalifəti ittiham edir. Müxalifət ittihamı qəbul etmir.

XS
SM
MD
LG