Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:36

Rasim Əliyevin işi üzrə məhkəməyə... qaz buraxıldı


Azerbaijan - relatives of Azeri journalist Rasim Aliyev
Azerbaijan - relatives of Azeri journalist Rasim Aliyev

►“Təqsirləndirilən şəxslərin də, bizim də üzümüzə qaz sıxdılar.

Bəzilərinin gözlərinə təsir elədi, məni öskürək tutdu, indi də burnumda qazın iyini hiss eləyirəm”

Jurnalist Rasim Əliyevin döyülməsi və sonradan xəstəxanada ölməsi ilə bağlı məhkəmə prosesində qalmaqal yaranıb.

Buna Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasının jurnalistin döyüləndən sonra müraciət etdiyi 1 saylı Kliniki Tibbi Mərkəzin həkimlərini məhkəmə prosesinə cəlb etmək istəməməsi səbəb olub.

Buna da bax: “Moskva” univermağında qızılsatanlar işi dayandırdı

“İSTİNTAQA DA BELƏ DEMİŞƏM”

Fevralın 2-də keçirilən məhkəmə iclasında əvvəlcə 4 nəfər - Anar Muxtarov, Pərviz Qabilzadə, Asim Səmədov və Elnur Süleymanov şahid qismində dindirilib.

Jurnalistin ölümüylə bağlı məhkəmədə qalmaqal düşüb
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Şahid Anar Muxtarov ifadəsində mərhum jurnalistin döyülməsini gördüyünü deyib. Amma, dediyinə görə, onu konkret kimin vurduğu yadında deyil. Anar Muxtarovun istintaqa ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb. Onun istintaqa ifadəsində təqsirləndirilən şəxslərdən Elşən İsmayılovun əlində pulqabı gördüyü qeyd olunub. Lakin məhkəmədə o, Elşənin əlində pulqabı görmədiyini deyib:

“Bir əlində açar var idi, o biri əlində də nə isə qara bir şey. Dəqiq deyə bilmərəm ki, nə idi. Mən istintaqa da belə demişəm”.

Elşən İsmayılov bildirib ki, həmin vaxt əlində özünə məxsus mobil telefon olub və onun hadisə yerindən Rasim Əliyevə məxsus pul qabını götürməsi barədə deyilənlər yalandır.

Buna da bax: İlham Əliyev Dubaya niyə gedib?

“APARIB RASİMƏ VERDİM”

Şahid Elnur Süleymanov hadisə baş verərkən mağazada olduğunu söyləyib:

“Səs-küyə çıxdım, Rasimin ayaqqabısının bir tayı mağazanın qarşısında idi, bir də eynəyini gördüm. Hər ikisini yerdən götürüb, aparıb o biri səkidə Rasimə verdim”.

Elnur Süleymanov istintaqda dindirilərkən təzyiqə məruz qaldığını deyib:

“Dindirəndə dedilər ki, “pulqabını sən götürmüsən”. Mən nə pulqabı götürmüşəm, nə də götürəni görmüşəm. Mənim adımdan ifadə yazıblar. Məhkəmədə nə danışdımsa, bu düzdür”.

İş üzrə əsas şahidlərin dindirilməsi başa çatıb. Bundan sonra zərərçəkmişin nümayəndəsi Fariz Namazlı Rasim Əliyevin ölümündən əvvəl xəstəxanada onunla ünsiyyətdə olmuş dostları, yaxınlarının, eləcə də 1 saylı Kliniki Tibbi Mərkəzdə mərhum jurnalisti müayinə və müalicə etmiş həkimlərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb:

“Biz hesab edirik ki, Rasim Əliyev həm də həkim səhlənkarlığının qurbanı olub. Ona görə, həmin şəxslərin də məsuliyyətə cəlb edilməsinin tərəfdarıyıq. Onlar məhkəməyə gələrək ifadə verməli, bizim sullarımızı cavablandırmalıdır”.

Buna da bax: Leyla və Arif Yunus bəraət tələb edirlər

“MƏNİ ÖSKÜRƏK TUTDU”

İlhamə Mədətova
İlhamə Mədətova

​Təqsirləndirilən şəxslər və onların vəkilləri də zərərçəkmiş tərəfin həkimlərlə bağlı vəsatətini müdafiə ediblər. Amma məhkəmə vəsatəti təmin etməyib. Bu da təqsirləndirilən şəxslər və onların yaxınlarının etirazına səbəb olub. Onlar Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasını işə qərəzli və sifarişlə baxmaqda ittiham ediblər. Məhkəmə zalında səs-küy yaranıb.

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Fariz Namazlı nəzarətçilərin məhkəmə zalına qaz buraxdığını bildirib.

Kənan Mədətovun anası İlhamə Mədətova da AzadlıqRadiosuna açıqlamasında bunu təsdiqləyib:

“Hakim zərərçəkmiş tərəfin həkimlərin məhkəmədə dindirilməsi barədə vəsatəti təmin etmədi və biz buna etirazımızı bildirdik. Təqsirləndirilən şəxslərin də, bizim də üzümüzə qaz sıxdılar. Bəzilərinin gözlərinə təsir elədi, məni öskürək tutdu, indi də burnumda qazın iyini hiss eləyirəm. Bəlkə də ekspertiza keçirilsəydi, bunu müəyyənləşdirə bilərdi".

“QABIRĞANIN SINIĞINDAN ADAM ÖLMƏZ”

İlhamə Mədətova jurnalistin ölümünə görə həkimlərin məsuliyyət daşıdığını bildirib:

"Bizim uşaqlarımız törətdikləri əmələ görə cəzalanmalıdır. Onlar Rasim Əliyevi öldürməyib. Rasim Əliyev həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Mərhumun anası da öz ifadəsində bildirib ki, övladının bədənində əməliyyat yerini görməyib. Axı bu prezidentin nəzarətində olan işdir. Azərbaycan tibbi elə bir səviyyədədir ki, üç təpiklə insanı xilas etməmək mümkün olmasın? Mən özüm 25 ilin həkimiyəm, bilirəm ki, qabırğanın sınığından adam ölə bilməz. Əgər qan itirmədən ölübsə, niyə vaxtında onun qan təzyiqi ölçülməyib? Bu halda, daxili qanaxmanın olub-olmadığı müəyyənləşdirilə bilərdi".

Daha sonra təqsirləndirilən şəxslərin yaxınları məhkəmənin obyektiv keçirilməməsi etirazlarını bildirmək üçün Prezident Administrasiyasına yollanıblar. Orada təqsirləndirilən şəxslərin hərəsinin bir valideynini qəbul ediblər. Təxminən bir saat davam edən görüşdən sonra jurnalistlərə açıqlama verən valideynlər bildiriblər ki, onları PA-nın qəbul şöbəsinin müdiri Əli Orucov qəbul edib. Daha sonra onlara deyilib ki, onları Ədliyyə Nazirliyi və Baş Prokurorluqla qəbul edəcəklər.

Jurnalist Rasim Əliyev Facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib.

Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

XS
SM
MD
LG