Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:28

"Gözütox olmağı xalqdan yox, məmurlardan tələb etməliyik"


Bilal Həsənov
Bilal Həsənov

-

"Bu, görməmişlik olsa belə, vətəndaşın haqqıdır."

"Orxan, qoy onlar acgöz, nəfsli, tamahkar olsunlar, bəs banklar hara baxır, niyə pul istəyənlərin kredit tarixçəsini analiz etmirlər, araşdırmırlar?"

Bilal Həsənov

Orxan Adıgözəlin yazısına cavab

Orxan Adıgözəl
Orxan Adıgözəl

Orxan Adıgözəlin "İnsan nə qədər bankdan kreditə pul götürərmiş!" yazısını oxudum. Bəri başdan deyim ki, müəllifi şəxsən tanıyıram, mütaliəsinə, mülahizələrinə, fikirlərinə və həyata baxışına hörmətlə yanaşıram. Amma məhz bu mövzuda, həmin yazıda bəzi məqamlarla razılaşmıram.

Mağazada məişət texnikası
Mağazada məişət texnikası

Mövzu haqqında bəndəniz çoxdan yazmaq istəyirdi, sadəcə Orxan bəy məni qabaqladı. İndi ki, bu mövzu açıldı, mən də fürsətdən istifadə edib, öz düşüncələrimi bölüşərəm.

...Orxan bəy, əslində manat, siz yazdığınız kimi, devalvasiya edib şok yaşatmadı. Çünki şoka düşmək - gözlənilməz anda baş verir, belə deyək, insanı çaş-baş salır, tar-mar edir. Devalvasiyanın yaranma səbəbi isə adətən makroiqtisadi faktorlardan asılı olur.

Bizim ölkədə isə (artıq bu, tam çılpaqlığı ilə görünür) makroiqtisadiyyat nədir, heç mikroiqtisadiyyat belə, yox imiş. Manata isə bir milli valyuta kimi, adi vətəndaş heç vaxt inanmayıb. Belə olmasaydı, maşın, ev, qızıl alqı-satqısı dollarla aparılmazdı. Mən elə devalvasiyadan qabaq, əmanətini yalnız dollarla toplayan insanlar tanıyırdım.

Bir sözlə, manat yıxılmadı, düşmədi və ən nəhayət, heç bir devalvasiyaya uğramadı. Manata devalvasiya sözü yaraşmır. Sabun köpüyü kimi şişirdilmiş bir valyuta idi. Manat süni yolla mayalandığı kimi, təbii yolla da abort olundu.

İndi isə keçək kredit məsələsinə.

Siz yazırsınız ki, insanlarımız ayaqlarını yorğanına görə uzatmalıdır. Bəli, sözünüzdə həqiqət var və mən sizinlə tam razıyam. Amma gərək əvvəla, yorğan ola ki, sonra da ayaqlarımızı uzadaq. Axı bu millətin nəinki yorğanı, heç döşəyi də yoxdur. Lüt və ac insanları qınamaq daha asandır.

Kredit təklif edən banklardan biri
Kredit təklif edən banklardan biri

Tutaq ki, yazdığınız kimi, aylıq məvacibi 200 manat olan birisi, kreditə 600-1000 manatlıq televizor, tozsoran, ya da soyuducu alır.

Qoy o, acgöz, nəfsli, tamahkar olsun, bəs banklar hara baxır, niyə pul istəyənlərin kredit tarixçəsin analiz etmirlər, araşdırmırlar? Niyə hər müraciət edənə demək olar ki, pərakəndə kredit pul ayırırlar?

Cəmiyyətdə hamı eyni ola bilməz. Hamı gözütox, özünü anlayan, minimalist ola bilməz. Bunun üçün dövlət var, qanunlar yazılır, dövlətin iqtisadiyyatı tənzimlənir.

Kredit ayıran banklar həmin pulu kreditorlara fantastik, ağlasığmaz faizlə itələyirlər. Bu, sözün əsl mənasında soyğunçuluqdur.

O ki qaldı nəfsə, hər xalqın özünəməxsus xüsusiyyətləri var. Azərbaycanlılar ilk növbədə məişətsevən, evdar xalqdır. Azərbaycanlı birinci öz evini, şəraitini, yaşayışını düşünür.

Qərbdə də insanlar kredit xətləri açdırır, kreditə evlər, maşınlar, hətta yaxtalar alırlar. Mənim ingilis rəisim həttda özünə vertolyot almışdır.

Oxumadan, çalışmadan, kiminsə hesabına milyonlar mənimsəməklə villalar, maşınlar, yaxtalar alanları görəndə sıravi insan belə, öz məişətini düzəltmək, rahat etmək istəyir.

Məsələ kreditə girməkdə, iri ekranlı televizor istəməkdə deyil.

İnsan var və insanla birlikdə onun tələbatı mövcuddur və yaşayır.

Vətəndaşın məişət problemlərini həll etməkdə bilavasitə dövlət, hökümət maraqlı olmalıdır. Kredit faizləri azaldılmalıdır, uzunmüddətli, güzəştli kreditlər təşkil olunmalıdır.

Niyə bizlər məhz adi vətəndaşdan gözütox, tamahsız olmağı tələb edirik? Niyə rəisdən, deputatdan, icra başçısından, məmurdan, nazirdən, “JEK” müdirindən yox, məhz qardaşımızdan bunu gözləyirik?

Bəli, razıyam, cəmiyyətdə sağlam düşüncə yoxdur. Bunun ucbatından israfçılıq, qarınqululuq mövcuddur. Amma vətəndaş insandır, daş deyil, dəmir deyil. Ətrafına baxıb baş verənləri izlədikcə hamı dürüst, təmiz, pak və saf qalmağı bacarmır. Oxumadan, çalışmadan, kiminsə hesabına milyonlar mənimsəməklə villalar, maşınlar, yaxtalar alanları görəndə sıravi insan belə, öz məişətini düzəltmək, rahat etmək istəyir.

Bakıda maşınlar
Bakıda maşınlar

Yəni sözümün məğzi budur ki, minimalizmi, kinik olmağı ilk növbədə xalqdan, adi insanlardan yox, məmurlardan, xalqın boynunda oturanlardan tələb etməliyik.

Vətəndaş isə öz fikirlərində və istəklərində azad olmalıdır.

Biz mənəvi dəyərləri, estetizmi insanlara aşılamaq, anlatmaq və yürütmək fikrində deyilik və bunu heç bacarmarıq da. Bununla mən də razıyam. Amma bu, görməmişlik olsa belə, vətəndaşın haqqıdır.

İnsan özü zəhmət çəkib, ac qalıb, üç maşın sürürsə, bu, onun öz seçimidir. Kimsə boynuna iki kilo qızıl asıb toya gedirsə və bundan həzz alırsa, bu da həmin insanın seçimidir.

Acgözlük, tamahkarlıq, görməmişlik isə adətən olmamazlıqdan, yoxsulluqdan yaranır. Gərək olsun ki, görəsən, biləsən, onda düzələcəksən.

İnsanlara, vətəndaşlara güzəştə getmək lazımdır. Banklar öz müştərilərinə tərəf addımlamalıdır.

İnsanların bəziləri həyatlarında yenilik etmək, adi “şoppinq” naminə kreditə girirlərsə, yarıdan çoxu məcburiyyət qarşısında qalaraq, öz sosial problemlərini, yaxud da səhhəti ilə bağlı, müalicə almaqdan ötrü pul götürürlər.

İnanın ki, əhalinin sosial problemləri lazımınca həll edilsəydi, yerdə qalanlar özü süzgəcdən keçərək, it-bat olacaqdı.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG