Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:46

Obamanın məscidə gəlməsinə müsəlmanların reaksiyası


Obama İslam Cəmiyyəti üzvləri ilə
Obama İslam Cəmiyyəti üzvləri ilə

Barak Obamanın prezident olandan bəri Amerikada məscidə ilk səfəri gözlənildiyi kimi onun opponentləri və mühafizəkar şərhçilərin tənqidinə tuş gəlib. Bəs dünyadakı 1,5 milyard müsəlmanın reaksiyası necədir?

Prezident öz çıxışında amerikalıları milyonlarla vətənpərvər müsəlman vətəndaşı zorakılıq törədən "radikal və kiçik azlıqla" səhv salmamağa çağırıb. Ancaq çoxları Obamanın bu çıxışı etmək üçün niyə prezidentliyinin yeddinci ilinə qədər gözlədiyini sual edirlər.

Prezident George W. Bushun 2001-ci ilin 11 sentyabr hadisələrindən cəmi bir neçə gün sonra məscidə gedərək müsəlmanları sakitləşdirmiş və insanları tolerantlığa çağırmışdı.

Amerika-İslam Münasibətləri Şurası və bir sıra başqa müsəlman təşkilatları illərlə Obamanı buna bənzər addım atmağa dəvət ediblər. Prezident xaricə rəsmi səfərləri zamanı məscidlərə gedib. Belə səfərlərin ən yaddaqalanları Misirə və İndoneziyaya rəsmi səfərlər zamanı prezientin məscidlərə getməsi olub. Prezidentin köməkçiləri onun ABŞ-da məscidə getməsinin onun müsəlman olduğu barədə şaiyələri gücləndirəcəyindən ehtiyat edirdilər.

"BƏLKƏ MƏSCİDDƏ ÖZÜNÜ DAHA YAXŞI HİSS EDİR?"

Respublikaçıların əsas namizədi olan Donald Trump Fox News kanalında bu şaiyələrə işarə edərək deyib ki, bəlkə Obama məsciddə özünü yaxşı hiss edir.

Digər respublikaçı, Florida ştatından senator Marco Rubio da Obamanın məscidə ziyarətini tənqid edib və onu "həmişə insanları bir-birinə qarşı qoymaqda" ittiham edib.

Ziyarət etdiyi Baltimor İslam Cəmiyyətində isti qarşılanan Obama bildirib ki, Thomas Jeffersonun da opponentləri "onun müsəlman olduğunu iddia etməklə aranı qatırdılar, odur ki, mən tək deyiləm. Yaxşı çevrəm var."

Adı çəkilən şuranın Merilənd ştatı üzrə rəsmisi Zainab Chaudry bu səfəri düzgün istiqamətdə atılmış mühüm addım adlandırıb və ümid etdiyini bildirib ki, bu, ölkənin siyasi və dini liderlərini artmaqda olan islamofobiyanı geri itələmək işində ona qoşulmağa həvəsləndirəcək.

Ancaq bu çıxışın ABŞ-dan kənarda az reaksiya doğurduğu bildirilir.

DÜNYADAKI REAKSİYALAR

Bir çox müsəlman Obamanın ritorikası ilə onun administrasiyasının Yaxın Şərqdə və Cənubi Asiyada yürütdüyü siyasət arasında uyğunsuzluq olduğunu deyirlər. Onların fikrincə, administrasiya Suriya, İraq, Yəmən və Əfqanıstanda müharibələrə son qoymaq üçün az iş görüb.

Qahirədən olan baqqal, 47 yaşlı Marwan Saied öz şərhində belə yazıb: "Şəxsən mən Obamanı bəyənirəm. Ancaq mən düşünmürəm ki, o biz müsəlmanların ABŞ-ın müsəlmanlara və Yaxın Şərqə qarşı siyasətində dəyişiklik kimi görə biləcəyimiz böyük bir iş görüb. Fələstində, İraq və Suriyada insanlar hələ də əziyyət çəkirlər. Mənim şəxsən tanıdığın çox adam hələ də buna görə qismən Amerikanı ittiham edirlər."

İranda yalnız mühafizəkar "Fars" xəbər agentliyi bu səfər haqqında məlumat yayıb. Bu barədə yazılmış qısa məqalədə deyilir ki, Obama hətta ABŞ-da islamofobiyanın pik həddə çatdığı vaxtda məscidi ziyarət etdiyi zaman belə yəhudiləri müdafiə edib.

Prezident öz nitqində deyib ki, ABŞ-da antisemitizmin kədərli və uzun tarixi var. O həmçinin deyib ki, "biz anlamalıyıq ki, bir inanca hücum bütün inanclara hücum deməkdir".

2009-CU İLDƏ REAKSİYA FƏRQLİ İDİ...

2009-cu ildə Obama Qahirə Universitetindən müsəlman dünyasına xitab edəndə və Birləşmiş Ştatlarla münasibətlərdə yeni başlanğıc vəd edəndə reaksiya fərqli idi. Onun bu çıxışı bütün regionda canlı yayımlanmışdı və həftələr sonra hələ də müzakirə olunurdu.

Qahirədəki "Aş-Şarq" Regional və Streteji Elmlər Mərkəzinin direktoru Mustafa Ellabbaddeyir ki, bu günlərdə insanlar daha çox evlərinin yaxınlığında baş verənlərlə maraqlanırlar.

"İndi Suriyada vətəndaş müharibəsi, Yəmən, Liviya və İraqda qarışıqlıq var. Demək olar ki, bütün Yaxın Şərq ölkələrində terror təhlükəsi, Suriya və İraqda isə "İŞİD" var. Bütün bu amillər indiki vəziyyətə təsir edir. İnsanlar ABŞ siyasətindən çox öz vətənlərindəki hadisələr barədə düşünürlər."

Alim ABŞ-ın də yeganə güclü oyunçu olmadığını, artıq Rusiyanın da oyuna girdiyini, habelə Obamanın prezidentlik dövrünün sona çatmaq üzrə olduğunu da xatırladıb.

Onun sözlərinə görə istənilən halda bu çıxış Yaxın Şərqdə yaşayan milyonlarla insana pozitiv mesaj verməklə onlara ABŞ-ın Trumpdan və sağçı respublikaçılardan ibarət olmadığını deyir və insanlara "ABŞ-da hələ də ekstremizmin yox, düşüncənin və siyasətin dili ilə danışan yaxşı siyasətçilərin olduğunu" göstərir.

Pişəvər Universitetinin İslam və Şərq Elmləri fakültəsinin keçmiş dekanı Qibla Ayaz deyir ki, Obamanın məscidə səfəri Əfqanıstan və Yaxın Şərqdəki münaqişələrin xristianlıq və İslam arasında müharibə olduğu barədə təsəvvürləri dağıtmağa kömək edə bilər.

Britaniyanın "Müsəlman Şurası" isə fürsətdən istifadə edib həmvətənlərini bazar günü yerli məscidi ziyarət etməyə çağırıb. Bunun üçün #VisitMyMosque (mənim məscisimə gəl) həştəqi ilə kampaniyaya başlanılıb.

Bu hadisədə Britaniyanın 80-dən çox məscidi iştirak edir. Məqsəd müsəlmanlara öz qonşularına inanclarını izah etmək imkanı yaratmaqdır.

Müsəlmanlarla hindu çoxluq arasında müəyyən gərginliyin yaşandığı Hindistanda isə bəzi şərhçilər ölkənin baş naziri Narendra Modinin də Obama kimi etməli olduğunu sorğulayıblar.

XS
SM
MD
LG