Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:13

G.Marquez'in Sovet İttifaqından müşahidələri


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez

-

1957-ci ildə ilk dəfə minlərlə qərbli Sovet İttifaqına VI Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak etmək üçün gəlmişdi. Onların arasında kolumbiyalı yazıçı və jurnalist, gələcəyin Nobel mükafatçısı Gabriel Garcia Marquez də vardı.

O, SSRİ haqda təəssüratını “SSRİ: 22,400,000 kvadrat metr, bir dənə də Coca-Cola reklamı yoxdur" adlı məqaləsində yazmışdı.

Məqalədən seçmələr:

“Sanki tamam başqa bir dünyada əlçatmaz üfüqə tərəf gedirsən, orada hər şeyin ölçüləri insan proporsiyalarını aşır, bu ölkəni başa düşmək üçün normal qavrayışını tamam dəyişdirməlisən.”

“Sovet adamları təəssüf ki, qəhvə içmirlər, yeməklərini çay içməklə tamamlayırlar. Onlar günün ixtiyari saatında çay içirlər. Moskvada ən yaxşı otellər Çin çayını elə şairanə dəmdə, elə nəfis ətirlə təqdim edirlər ki, onu başına əndərmək istəyirsən.”

“Rus əlifbası elə görünür, sanki hərflər parçalanır və bu, ümumən dağıntı təəssüratı yaradır.”

“Moskva dünyanın ən böyük kəndidir. Bura adi insan ölçülərinə uyğun deyil. Yaşıllığı olmadığından adamı çox tez yorur və əzir. Moskvada binalar Ukrayna evlərinin nəhəng dərəcələrə qədər böyüdülmüş formasıdır. Sanki kimsə daş karxanaçılarına istədikləri qədər, dekorasiyanın da payından məkan, pul və vaxt verib.”

“Mənim insanlara peşəmdən irəli gələn marağım var, məncə, dünyanın heç yerində Sovet İttifaqındakı qədər maraqlı adamlara rast gəlməzsən.”

“Bu adamlar dəhşətli dərəcədə dost aclığı keçirirlər, istəyirlər çoxlu dostları olsun.”

“Amerikalıların sovet adamları haqda köhnə lətifəsi var ki, çəngəldən tutmuş telefona qədər, hər şeyi sovet adamları ixtira ediblər; əslində bu, başadüşüləndir. 20-ci əsrdə Qərb sivilizasiyası güclü texnoloji inkişaf keçəndə Dəmir Pərdənin arxasında Sovet adamları bir çox sadə məsələləri həll etməyə çalışırdılar.”

“Moskvada bir xarici turistin rastına soyuducunu ixtira etdiyinə inanan əsəbi kəl oğlan çıxsa, qoy turist düşünməsin ki, o oğlan dəlidir. Ola bilsin, soyuducu Qərbdə gündəlik məişət əşyasına çevriləndən çox illər sonra o oğlan həqiqətən də soyuducunu ixtira edib.”

“Sovet adamları öz hisslərini çox təntənəli şəkildə ifadə edirlər. Onlar öz sevinclərini elə alovlu büruzə verirlər ki, sanarsan Kazak rəqsi edirlər. Sonuncu köynəklərini belə, bağışlamağa hazırdırlar. Dostlarından ayrılanda həqiqi göz yaşlarıyla ağlayırlar. Amma söhbət siyasətdən düşsə, qəfildən çox ehtiyatlı və sirli olurlar.”

“Qadınları 40 yaşlarında yol süpürən Sovet İttifaqının ağır sənayesi ölkəni iki supergücdən birinə çevirib. Gündəlik tələbat malları istehsalı isə çox dala qalıb.”

“Moskva dükanlarının boş vitrinlərini görənlər çətin inanarlar ki, Rusiyanın nüvə silahları var. Amma məhz vitrinlər bu faktın doğruluğunu təsdiq edir: Sovet nüvə silahları, raketləri, mexanikləşmiş kənd təsərrüfatı, enerji zavodları və səhraları təsərrüfat ərazilərinə çevirmək üçün göstərilən böyük səylər, bütün bunlar elə son 40 ildə Sovet adamları pis ayaqqabıda, pis tikilmiş pal-paltarda gəzdiyi, az qala yarım əsr ağır əziyyətlərə qatlaşdığı üçün mümkün olub.”

“Sovet İttifaqında Franz Kafkanın kitablarını tapmazsan. Onlar deyirlər ki, Kafka bədbin metafizika apostoludur. Amma mən düşünürəm ki, Kafka Stalinin ən yaxşı bioqrafiyaçısı ola bilərdi.”

XS
SM
MD
LG