Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:31

Rauf Mirqədirov: «Xüsusi xidmət orqanları bu tora düşdülər»


Rauf Mirqədirovun vəkili: Bəraət söhbəti yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Rauf Mirqədirovun vəkili: Bəraət söhbəti yoxdur

-

«Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirov 22 aylıq həbsdən sonra azadlığa buraxıldı. Martın 17-də Bakı Apellyasiya Məhkəməsində bu haqda qərar verildi.

Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin Rauf Mirqədirov haqqında hökmünü dəyişib. Jurnalistə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona verilmiş 6 il həbs cəzası 5 il sınaq müddəti olmaqla, şərti hesab olunub. Rauf Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.

Rauf Mirqədirov AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarı ilə buraxılsa da, bu, ona bəraət verilməsi anlamına gəlmir. Ona görə də bəraət alana qədər hüquqi müstəvidə mübarizəni davam etdirəcək.

«ÖZÜMÜ GÜNAHKAR BİLMİRƏM»

Jurnalist bir daha vurğulayıb ki, ona qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamı tamamilə əsassızdır: «Mən həbs olunan andan demişəm ki, özümü günahkar bilmirəm. Mənim dövlətə xəyanət, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığım barədə nə istintaq, nə də məhkəmə dövründə bircə əsaslı sübut təqdim olundu. Təqdim olunan «sübutlar» da mənim müdafiəçim tərəfindən alt-üst edildi. Otuz illik jurnalistika və ictimai fəaliyyətimdə nəinki Ermənistanın, heç bir xarici dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlığım, ünsiyyətim olmayıb. Mənim üçün əsas budur. İnanıram ki, azadlıqda məni dəstəkləyən insanlar da bütün bunları çox gözəl bilirlər. Məni dəstəklədikləri üçün onların hamısına minnətdarlığımı bildirirəm».

Rauf Mirqədirov məhkəməyə gətirilir.
Rauf Mirqədirov məhkəməyə gətirilir.

Jurnalist həbsini isə təxribatın nəticəsi sayır: «Bu, düşmən dövlətlərin Azərbaycana qarşı genişmiqyaslı təxribatının tərkib hissəsi idi. Azərbaycanın xüsusi xidmət orqanları, hüquq-mühafizə sistemi təəssüf ki, bilmədən bu oyunda iştirak etdi. Bu tora düşdülər».

«OLMAYAN BİR ŞEYİ DEYƏ BİLMƏZDİM AXI...»

Həbsdə olduğu dövrdə səhhətində problemlər yarandığını deyən jurnalist üzərində şərti cəza olduğundan ölkədən çıxışına məhdudiyyət barədə də danışıb: «Gözlərimlə bağlı problemlər yaranıb. Həmçinin qan dövranı, təzyiqlə bağlı problemlərim var. Baş ağrılarından əziyyət çəkirəm. Digər tərəfdən, mənim ailəm xaricdədir, bu çıxarılmış qərar isə ailəmə qovuşmağıma imkan vermir. Biz çalışacağıq ki, bu məsələni mümkün qədər tez həll eləyək, mən ailəmə, balalarıma, həyat yoldaşıma qovuşa bilim».

Rauf Mirqədirov istintaq zamanı ondan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların əleyhinə ifadə almaq cəhdləri haqda suala belə cavab verib: «Onlarla bağlı suallar olub. Amma mən olmayan bir şeyi deyə bilməzdim axı...».

Rauf Mirqədirovun anası Rəfiqə İsayeva: «Gec də olsa, haqq-ədalət öz yerini tutdu».
Rauf Mirqədirovun anası Rəfiqə İsayeva: «Gec də olsa, haqq-ədalət öz yerini tutdu».

Jurnalist həbsdə olduğu dövrdə ona qarşı kobud münasibətlə üzləşmədiyini deyir: «Elə bir kobud təzyiq vasitəsindən istifadə olunduğunu deyə bilmərəm. Əksinə, MTH-in, indiki Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında mənə qarşı həmişə çox korrekt münasibət göstəriblər. Hətta «müəllim» deyə müraciət ediblər. «Müəllim, necəsiniz?», «Müəllim, nə problem var?»...».

«ÇÖRƏYİM HƏMİŞƏ JURNALİSTİKADAN ÇIXIB»

Rauf Mirqədirov əlavə edib ki, bir müddət sonra yenidən jurnalist fəaliyyətini davam etdirəcək: «Mən həmişə aktiv həyat sürən insan olmuşam. Amma 23 ay təkadamlıq kamerada məhbus həyatı yaşamışam. İnsanlarla ünsiyyətin olmaması, ailədən ayrı qalma... Məlumdur ki, mən həbsdə olduğum müddətdə evimizdə keçirilən axtarışdan sonra atam rəhmətə getdi. Bütün bunlar çox ağır prosesdir, Allah heç kimə göstərməsin. Görünür, Allah tərəfindən bir sınaqdır. Amma ağır sınaqdır. Bir qədər istirahətdən, sakitləşdikdən sonra, sözsüz ki, jurnalist fəaliyyətimi davam etdirəcəyəm. Mən jurnalistəm. Mənim çörəyim həmişə jurnalistikadan çıxıb».

Rauf Mirqədirovun anası Rəfiqə İsayeva oğlunun azadlığa buraxılmasına görə prezident və xanımına minnətdarlıq edib: «Təşəkkür edirəm ki, Raufu buraxdılar. Gec də olsa, haqq-ədalət öz yerini tutdu».

Elçin Şıxlı: «Raufun çıxmasını həmişə gözləmişəm».
Elçin Şıxlı: «Raufun çıxmasını həmişə gözləmişəm».

«BİZDƏ BƏRAƏT HÖKMÜ UNUDULMUŞ ANLAYIŞDIR»

Jurnalistin vəkili Fuad Ağayev Rauf Mirqədirovun azadlığa buraxılmasını müsbət hal kimi qiymətləndirsə də, qərarın onu tam qane etmədiyini deyir. Müdafiəçi apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək: «Azərbaycan şəraitini nəzərə alaraq, Raufun, az qala, iki il həbsdən sonra azadlığa çıxmasını müsbət qiymətləndirmək lazımdır. Çünki bizdə bəraət hökmü, az qala, unudulmuş anlayışdır. Belə bir vəziyyətdə başlıcası Rauf azadlıqdadır. Amma kassasiya şikayəti veriləcək. Təyin olunmuş cəza 5 il sınaq müddəti olmaqla, şərti hesab olunub. Bu müddətdə Raufun davranışına yerli müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət həyata keçiriləcək. Üstəlik, ölkəni tərk etmə məsələsi problemdir. Amma onun buna ehtiyacı var. Ən azı, ona görə ki, səhhətində problemlər yaranıb».

«Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı da əməkdaşının həbsdən buraxılması ilə bağlı fikirlərini bölüşüb: «Qərarı deyə bilmərəm, amma Raufun çıxmasını həmişə gözləmişəm. Buna da şükür. Əsas odur ki, azadlıqdadır, anasının yanındadır. Mənə elə gəlir ki, inşallah, o biri məsələlər də tədricən həll olunar».

XS
SM
MD
LG