Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:45

Narkomaniya orta məktəblərə də ayaq açıb


Bina
Bina

-

Dollar qıtlığı, narkomaniya və mənzil fırıldaqları bu gün yerli medianın əsas diqqət yetirdiyi mövzulardandır.

VƏTƏNDAŞ NECƏ TORA SALINIR?

ANSPRESS bir sıra mənzil tikinti kooperativlərinin (MTK) devalvasiyadan sonra yeni möhtəkirlik üsullarına əl atmasından bəhs edən araşdırma yazısı dərc edib. Yazı «MTK-ların manatla reklam etdiyi kreditlər məcburi dollara keçirilib» adlanır.

Yazıda tikdiyi binaları sata bilməyən MTK-ların müştəriləri aldatma mexanizmi göstərilir: «Sadəcə adı «kooperativ» olan bu şirkətlər müştərini aşağı faizli manatla ipoteka kreditlərinə cəlb edirlər. Müştəri ilə saziş bağlanır, ilkin ödəniş alınır, sonra banka göndərilir və əsas problemlər bundan sonra başlayır».

Yazıda bildirilir ki, müştərini qəbul edən banklar onu psixoloji təsir altına salaraq, yuxarı faizli dollar kreditlərinə qol çəkdirirlər.

Belə aldadılmış insanlardan biri də ötən il metronun «20 Yanvar» stansiyasının yaxınlığında bina tikən MTK-ların birindən mənzil almış Günel Hacıyevadır. O deyir: «Reklamda illik dərəcəsi 8 faiz olan manatla ipoteka kreditindən bəhs edilirdi. İlkin ödəniş kimi 30 min manata yaxın pul ödədikdən sonra MTK məni banka göndərirdi. Bankda isə məni illik dərəcəsi 12 faiz olan dollarla kredit müqaviləsinə imza atdırdılar».

Amma 2015-ci il dekabrın 21-də baş verən devalvasiya ilə dolların məzənnəsi 1.56 manata qalxdıqdan sonra G.Hacıyeva krediti ödəyə bilmir: «Əvvəl ayda 1200 manat ödəməli idik, indi bank 1800 manat tələb edir. Bunu verməyə gücümüz çatmır. İki aydır ki, ödəniş edə bilmirik. 30 mindən çox vəsait ödədiyimizə görə də MTK-dan çıxa bilmirik».

Araşdırma yazısında qeyd edilir ki, Günel Hacıyeva tək deyil, həmin binadan mənzil almış 40-a yaxın ailə də eyni durumdadır. Bina sakinləri indi ümidlərini məhkəməyə bağlayıblar.

Yazıda ekspert fikirlərinə də yer verilib. «İpoteka kreditlərinin xarici valyuta ilə verilməsi qadağan edilməlidir. Müştərini bu cür aldadan MTK-lara sərt cəzalar verilməlidir». Bunu isə ekspert Samir Əliyev deyib. Onun fikrincə, belə problemlərdən qaçmaq üçün qanunvericilikdə dəyişiklik edilməlidir.

Narkoman
Narkoman

AZƏRBAYCANDA NARKOMANİYA CAVANLAŞIR

virtualaz.org saytı «SOS: yeniyetmə və qadın narkomanların sayı artır» sərlövhəli yazı dərc edib.

Yazıda oxuyuruq: «Azərbaycanda narkomaniya cavanlaşaraq 13-14 yaşa keçib».

Yazıda əvvəlcə rəsmi statistikaya nəzər salınır. Qeyd edilir ki, narkotik vasitə istifadəçilərinin 11 min 402 nəfəri Bakıda qeydiyyatdadır. Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il ölkədə 28 min 656 nəfər narkoman qeydiyyatda olub.
Daha sonra da müəllif bildirir ki, son 5 ildə narkomanların sayı 10 dəfə artıb.

Yazıda baş narkoloq Lalə Cəfərovanın sadaladığı rəqəmlərə də yer verilib. L.Cəfərova qeyd edir k, son 1 ildə narkoman qadınların sayı 5.4 faiz artıb. Bakı şəhər Narkoloji Dispanserində ötən il 313 qadın qeydiyyatda olub. L.Cəfərova etiraf edir ki, narkomaniya orta məktəblər və liseylərdə əsl problemə dönüb: «Açıq demək lazımdır ki, məktəblərdə problem yaranıb. Məsələn, bu il orta məktəblərdə çalışan psixoloqların iştirakı ilə təlim keçirdik. Psixoloqlar şagirdlərin yoxlanılmasını tələb edirdilər. Onlar da məktəblərdə narkotik vasitələrdən istifadə edildiyini etiraf edirlər».

Mütəxəssis deyir ki, 7-ci sinifdən başlayaraq narkotikdən istifadə edən məktəblilər var. Hətta, dispanserə 16-17 yaşlı məktəblilər müraciət edib.

Apteklərdə hələ də narkotik tərkibli dərmanlar satıldığını deyən baş narkoloq bunu aradan qaldırmağı tələb edir.

Mütəxəssis onu da deyir ki, son vaxtlar müalicəni çətinləşdirən problemlərdən biri sintetik narkotiklərdən istifadədir: «Əvvəl morfidən istifadə edilirdi, anaşa çəkənlərin sayı az idi. İndi getdikcə həm narkomanların yaşı cavanlaşır, həm də müxtəlif formalar meydana çıxır. Məsələn, hazırda əksəriyyət sintetik narkotik vasitələrdən istifadə edir. Buna görə də getdikcə xəstələrin vəziyyəti ağırlaşır».

Dollar
Dollar

DOLLARA TƏLƏBAT MANATI DƏYƏRDƏN SALA BİLƏR

«Tətil başa çatdıqdan sonra dollara tələbat artacaq. Buna səbəb bayram günlərində dollara olan tələbatın qarşılıqsız qalmasıdır». İqtisadçı Nemət Əliyev bunu azadliq.info-ya açıqlamasında deyib.

Nemət Əliyev bildirib ki, artıq neçə gündür ki, əksər banklar bayramla əlaqədar fəaliyyətlərini dayandırıblar. Bu, bayram günlərində ölkəyə gələn turistlərin xarici valyutanı manata çevirməsində ciddi problem yaradıb.
İqtisadçı deyib ki, martın 28-də rəsmi iş günləri başlayır. O düşünür ki, manat süni şəkildə, inzibati yolla möhkəmləndirilib. Tətil başa çatandan sonra manatın əvvəlki kursunu saxlamaq elə də asan olmayacaq:

«Təbii ki, bu xarici valyutaya olan tələbatı əhəmiyyətli dərəcədə artıracaq. Mərkəzi Bank daxili bazarın sabitliyini qoruyub saxlamaq naminə xarici valyutaya olan ehtiyacları ödəməlidir».

N.Əliyev deyib ki, dollara tələbatın artması manatın növbəti dəfə dəyərdən düşməsinə səbəb ola bilər.

XS
SM
MD
LG