Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:52

Z.Əlizadə: «Hər şey Rusiyanın başının altından çıxıb»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

-

«Qarabağ cəbhəsindəki son gərginliklə bağlı deyirdik ki, burada əsas sual belədir: «Bu kimə lazımdır?». İndi bütün təfərrüatı ilə məlum oldu ki, bu, Rusiyaya lazımdır. Bu savaş da, sonrakı diplomatik gedişlər də, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflər də Rusiyanın başı altından çıxdı».

Politoloq Zərdüşt Əlizadə bunu AzadlıqRadiosuna deyib.

Z.Əlizadə deyir ki, Rusiyanın münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini gündəliyə gətirməsi xüsusi plandan xəbər verir: «Neçə illərdir ki, Rusiya bunu istəyir, amma həm Ermənistan, həm də Azərbaycan bu təklifi dəstəkləmir. Amma son hadisələrdə Azərbaycandan ağır hərbi zərbə alan Ermənistan qorxudan irəli gələrək bu təklifi qəbul etməyə razılaşdı».

Z.Əlizadə düşünür ki, indi bu təklifi dəstəkləməyən təkcə Azərbaycandır: «İndi görək, bizi razı salmaq üçün hansı texnologiyalar işə salınacaq, bunu anlamaq lazımdır».

Z.Əlizadənin bildirməsinə görə, Rusiya indi dünyaya sübut etməyə çalışır ki, regionun söz sahibidir: «Rusiya hərbi qüvvələrindən sülhməramlı qüvvə olmaz, bu aydındır. Bunun acı təcrübəsini Cənubi Osetiyada, Abxaziyada gördük. Amma Rusiya Ermənistanın ağası, Azərbaycanın da yarım ağasıdır Odur ki, burada sürprizlər çox ola bilər».

Politoloq deyir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən heç biri Azərbaycan haqlı da olsa, onun mövqeyini axıra kimi müdafiə etmir: «Fransa, Rusiya 200 ildir, ABŞ-da 130 il olar erməni maraqlarını qoruyur. Ermənistan isə həmişə böyük dövlətlərin əlində alət olub. Elə indi də alət kimi qalmaqda davam edir. Amma bunu da bilmək lazımdır ki, rus qoşunlarının Qarabağa gəlməsi ölkənin müstəqilliyinin itirilməsi demək olacaq. Bunu necə önləməliyik, bilmirəm. Amma Rusiya bizi qoşunlarının Qarabağa gəlməsinə razı sala bilmək üçün hansısa texnologiyalar üzərində çalışır. Bunu bilirəm».

Z.Əlizadə hesab edir ki, hakimiyyət danışıqların mahiyyəti ilə bağlı xalqı məlumatlandırmalıdır.

XS
SM
MD
LG