Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:11

Prezident ÜDM-in artırılmasını istədi, amma...


İlham Əliyev
İlham Əliyev

-

Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Prezident İlham Əliyev Nazirlər Kabinetinin aprelin 9-da keçirilən iclasında belə deməklə Ümumi Daxili Məhsulun (ÜDM-in) azalmasına diqqət çəkib.

​O, azalmanı təbii saydığını söyləyib: “Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ÜDM artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin 1-ci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artıb. Bu, onu göstərir ki, ÜDM-in azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyətlə bağlıdır. Əlbəttə, gəlirlərimiz və dövlətin yatırdığı investisiyalar azalıbdır və əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq”.

“Qeyri-neft sənayesinin beş faizdən çox artması...”

Prezident neftdənkənar sektora ümid bəslədiyini bildirib: “Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək.

Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun”.

Foto arxiv
Foto arxiv

Əslində, ÜDM-in nominal ifadədə azalması ötən ilin əvvəlindən başlanmışdı. O zaman da bəzi ekspertlər bunu neftin ucuzlaşmasıyla izah edir, ancaq hökumət razılaşmır və ÜDM-in, əsasən, neftdənkənar sektordan ibarət olduğunu deyirdilər. Doğrudan da, yanvara olan rəsmi məlumata görə, ÜDM-in 60.96 faizi neftdənkənar, 31.33 faizi isə neft-qaz sektorudur. Burda sual yaranır: 31 faizlik neft-qaz sektoru niyə ÜDM-də ciddi azalma doğurur? Üstəlik, iqtisadi durum gözə alınsa, hökumət ÜDM-in artımını təmin edə biləcəkmi?

“Bu şərtlər dəyişməz qalarsa...

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ÜDM-n xərc komponentlərinin təhlili göstərir ki, vəziyyət bütün istiqamətlərdə ürəkaçan deyil: “Ölkədə alıcılıq qabliyyətinin aşağı düşməsi - istehlak xərclərini, işgüzar fəallığın azalması - kapital qoyuluşları və investisiya xərclərinin ixtisarını və nəhayət, ixracatın azalması xalis ixracın aşağı düşməsini şərtləndirib. Bu şərtlər dəyişməz qalarsa, ilin sonuna ÜDM-in pozitiv artımına nail ola bilməyəcəyik”.

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Ekspertin fikrincə,prezidentin iqtisadi durumla bağlı açıqlaması siyasi səciyyə daşıyır: “Hesab edirəm ki, prezidentin açıqlaması, xüsusən, cəbhə xəttində gərginliyin müşahidə olunduğu hazırkı zamanda daha çox siyasi xarakter daşıyır və əhalinin bütövlükdə milli iqtisadiyyata inamının bərpasına xidmət edir”.

Neftdənkənar sektor nəyin hesabına inkişaf edib?

Başqa bir ekspert - Nazim MəmmədovAzərbaycan iqtisadiyyatının dərin stress keçirdiyini düşünür: “Bir neçə il ərzində dövlət investisiyaları hesabına neftdənkənar sektor inkişaf edirdi. Ancaq bu investisiyaların əhəmiyyətli hissəsi müxtəlif maliyyə mexanizmləri, tender elan edən nazirlik, komitə və şirkət rəhbərlərinə yaxın adamlar vasitəsi ilə mənimsənib”.

Nazim Məmmədov
Nazim Məmmədov

Ekspertin sözlərinə görə, əksər jurnalist araşdırmaları onu göstərir ki, büdcədən dövlət investisiya xərcləri kimi ayrılan milyardla vəsait ölkənin xaricinə, ofşorlara yerləşdirilib: “Təbii ki, nəzarət qurumları doğru-dürüst çalışsaydı, məmurlara arxalanan şirkətlər inhisar yaradıb "Baku steel company" MMC kimi digər istehsalçıları bazardan zorla çıxarmasaydı, biznes dözümlülüyü olsaydı, Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasından indiki qədər zərər görməzdi. Bu halda ÜDM artımı da reallaşardı”.

Məmurluq bizneslə məşğul olmaqdan sərfəli olanda...

Ekspert prezidentin neftdənkənar sektora üstünlük verməsini dəstəkləyir: “Dövlət sahibkarlığa dəstək verməlidir. Ancaq məmur biznesdən kənarlaşdırılmalı, biznesin ucuz, uzunmüddətli maliyyə resurslarına çıxış təmin olunmalıdır.Məmurluğun bizneslə məşğul olmaqdan daha sərfəli sayıldığı ölkələrdə heç vaxt rəqabətli iqtisadiyyat qurulmaz. Biz bu öncəliyi anlamadıqca, ÜDM rəqəmlərinin necə olmasının faydası yoxdur! İlk növbədə ölkənin idxaldan asılılığını minimuma endirməliyik ki, dəyişən məzənnə vətəndaşların real gəlirlərinə təsir göstərməsin və vətəndaş olaraq daha da kasıblamayaq”.

“Etirafın özü pozitiv məqamdır”

İqtisadiyyat araşdırıcısı Natiq Cəfərlinin fikrincə, hökumət ÜDM-in azalmasını etiraf etməyə başlayıb: “Bunun özü pozitiv məqamdır, hətta bir neçə ay öncə hökumət israrla ÜDM artımından danışırdı. Azalmanın səbəbi aydındır – ölkəmiz neft amilindən faciəvi şəkildə asılıdır, neftin qiymətinin düşməsi, hasilatın azalma trendi ÜDM-ə də təsir göstərir. Son illər çoxşaxəli iqtisadi modelə keçə bilmədiyimizə görə, bunun acı nəticələrini görürük”.

Natig Cəfərli
Natig Cəfərli

Ekspert bu il ÜDM-in artımını mümkün görmür: “Bundan ötrü heç bir iqtisadi əsas yoxdur. Çox güman, bu il ÜDM-də ciddi azalma olacaq. Neftin qiyməti gələn il də qalxmasa, azalma davam edəcək”.

XS
SM
MD
LG