Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:46

«Bu Azərbaycan, bu Türkiyə malıdır: fərq ancaq qiymətdədir»


«Bu Azərbaycan, bu Türkiyə malıdır: fərq ancaq qiymətdədir»
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

«Bu Azərbaycan, bu Türkiyə malıdır: fərq ancaq qiymətdədir»

«Niyə gizli istehsal edir? Bilir ki, aşkar etsə, 50 adam başının üstünü alacaq. İstehsal elədiyi 10 manatlıq ayaqqabı gəlib 100 manata çıxır. Onda da rəqabətə davam gətirməyəcək»

«Bu ayaqqabıya da baxın, buna da baxın. Bunun qiyməti 25 manatdır, bu 75 manat. 25 manatlıq Azərbaycanda istehsal olunub, 75 manatlıq Türkiyədə. Fərq ancaq qiymətdədir».

Satıcı Nərimanın göstərdiyi yerli və xarici mallar görünüşcə elə də fərqlənmir. Keyfiyyəti haqqında satıcı ağızdolusu danışır:

«Baxın, bu ayaqqabının Türkiyədə buraxılandan nə fərqi var ki... Dəb bunda, yaraşıq bunda, keyfiyyət bunda...»

«Bu Azərbaycan, bu Türkiyə ayaqqabısıdır: fərq ancaq qiymətdədir»
«Bu Azərbaycan, bu Türkiyə ayaqqabısıdır: fərq ancaq qiymətdədir»

Nəriman deyir ki, yerli ayaqqabını açıq-aşkar «Azərbaycan malıdır», deyib sata bilmir. Ancaq Türkiyə istehsalı adıyla gündə 3-4 cütünü satır: «Desəm ki, «bu ayaqqabı Azərbaycan malıdır», çətin ki, onu alan tapıla...»

Alıcılar da çox vaxt yerli malı bəyənmirlər. Tələbə Eldar deyir ki, o, bilərəkdən bir dəfə 25 manata yerli ayaqqabı alıb, ancaq 10-15 gün davam gətirib:

«Vallah, deyəsən, 10 gün geydim. Ondan sonra yerli ayaqqabı almıram».

Ayaqqabı istehsalı 5 dəfə azalıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli ayaqqabı istehsalı 5 dəfə azalıb. Bu məlumat «yerli ayaqqabı istehsalı varmı» sualını yaradır. Sən demə, varmış. Bu ayaqqabıların üzərində «Made in Azerbaijan» göstərilməsə də, onlar ölkədə tikilir. Kiçik sexlərdə, həyətlərdə, çoxu da qanunsuz şəkildə. Bunu yerli ayaqqabı satanlar deyir:

«O, niyə gizli istehsal edir? Bilir ki, aşkar etsə, 50 adam başının üstünü alacaq. İstehsal elədiyi 10 manatlıq ayaqqabı gəlib 100 manata çıxır. Onda da rəqabətə davam gətirməyəcək. Ona görə gizlin tikir», Nəriman izah edir.

Niyə «Ramiz» yox, «Ramello»?

Ramiz Əsgərov bir neçə il əvvələ qədər öz sexində ayaqqabı tikirdi, elə indi də vaxtilə hazırladığı ayaqqabılardan satır. Kiçik dükanının üstündə elan da vurub ki, bu ayaqqabıların qiyməti 20-30 manatdır. Ramiz ayaqqabıları «Ramello» yarlığı ilə satır:

Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

«Adım Ramizdir. Ancaq yarlığa «Ramiz» yaza bilməzdim, gülməli çıxardı. O ki qaldı ayaqqabı istehsalının vəziyyətinə, indi çox çətindir. Dollar qalxandan sahibkarlar zülm çəkir. Qabaq yaxşıydı. Ayaqqabı 12 manata başa gəlirdi. İndi isə 17-18 manata çıxır».

Ona görə Ramiz artıq istehsalla yox, ancaq satışla məşğuldur. Deyir, indi satış da çox zəifdir:

«Pul qalmır, işləmək olmur. Bu ayaqqabılar «Maranello»dandır, bu da yerli istehsaldır. Qiyməti 20 manatdır. Ancaq satmaq olmur, adamlarda pul yoxdur. Elə olur, 2 cüt ayaqqabı satıram, elə olur 3 cüt. Elə gün də olur, heç nə satmıram. Bəzən dəftərə baxanda adam utanır ki, bir cüt ayaqqabı sata bilməmişəm. Əvvəl yaxşıydı, ancaq keçən ildən yox. Həm yerli istehsal olduğuna görə, həm də camaatın pulu yoxdur».

«Pulu çöldən tapmıram ki, yerli ayaqqabı alım»

Bəs, Bakı sakinləri yerli ayaqqabı geyinirlərmi? Bir neçə nəfərin fikrini soruşduq:

Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

– Yerli və ən əsası, keyfiyyətli mal olsa, daha yaxşıdır. Hamı öz iqtisadiyyatına xeyir vermək istəyər.

– Keyfiyyətli, rahat olsun, nə fərqi var yerli, xarici, mən alaram.

– Yaxşı olsa, niyə almıram?

– Yox, almaram, çünki iki günə dağılacaq.

– Heç vaxt almamışam, pulu çöldən tapmıram ki, yerli ayaqqabı alım.

Nazirlik: «Bütün sahibkarlara əlverişli şərait var»

İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərincə, indi sahibkarlar üçün əlverişli şərait var. Ölkədəki bütün sahibkarlar, o cümlədən, ayaqqabı istehsalçıları dövlətin dəstəyindən yararlana bilərlər:

Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

«Sahibkarlar güzəştli kreditdən istifadə edə bilirlər. Onların ixrac imkanlarının genişləndirilməsindən ötrü yeni bazarlar araşdırılır. Bu yaxınlarda «Satınalmalar haqqında qanun»da da dəyişiklik olundu, əlavə imkanlar yaradıldı. Yerli məhsul istehsalçıları tenderlərdə iştirak edə, qalib də gələ bilərlər, üstünlükləri var. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri yaradılır. Sənaye parklarında təkcə ayaqqabı istehsalçılarına yox, ümumilikdə, istehsalla məşğul olan sahibkarlara geniş imkanlar yaradılır. Onlar 7 il müddətinə vergidən azad olunur, avadanlıq və texnologiyaların idxalında onlara güzəştlər edilir. Bütünlükdə, bu əlverişli şərait həm də ayaqqabı istehsalçılarına aiddir. Onlar da istehsalı genişləndirə bilərlər».

«Əlverişli şəraitdən danışmaq tezdir»

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul deyir ki, ayaqqabı istehsalı ilə məşğul olan sexlər xammalı xaricdən alır. Ona görə də hazırda istehsalda geriləmə var:

Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

«Əgər ayaqqabı istehsalı azalıbsa, bu, xammalın qiymətinin artmasıyla bağlıdır. Xammalın qiyməti yüksələndən onun idxalı da azalıb. Çünki Azərbaycanda alıcısı azalıb. Ona görə də məhz manatın dəyərdən düşməsindən, devalvasiyanın təsirindən sonra həmin xammalın qiyməti yüksəldiyindən və ölkəyə gətirilməsi sərf eləmədiyindən ayaqqabı sənayesinin həcmi azalıb».

Qalib Toğrul deyir ki, indi yerli neft sektorunun təşviqi ilə bağlı müəyyən sənədlər qəbul olunub. Amma bu işlər, hələ ki, başa çatdırılmayıb. Ona görə də sahibkarlara yaradılan əlverişli şəraitdən danışmaq tezdir:

«Hələ onlara güzəştlərdən danışmaq olmaz. Azərbaycanın konkret bir brendi yoxdur. Heç bir sahədə bir brend olmadığından sahibkarlar, təbii ki, həmin məhsulu yerli mal adıyla sata bilməyəcəklər. Ona görə də o ayaqqabıların çoxu Türkiyə, İtaliya və digər ölkələrin məhsulu kimi təqdim olunur. Konkret güzəştlər sisteminə gəlincə, bizdə indiyə kimi təkcə güzəştli kreditləşmə sistemi olub. Sahibkarlığa Milli Kömək Fondunun xətti ilə müəyyən prioritet sahələr müəyyənləşib. Həmin sahələr, xüsusilə, kənd təsərrüfatı və kiçik və orta sahibkarlıqla bağlıdır, aşağı faizlərlə kreditlər verilib. Amma hazırda Azərbaycanda qeyri-neft sektoru sahibkarlara əsaslı şəkildə güzəşt olunduğunu demək olmaz».

Ölkədə yerli istehsalla məşğul olan cəmi bir sex varmış

Yerli istehsalla bağlı uyğunluq sertifikatını Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsi verir. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirir ki, ölkə əhalisinin ayaqqabı tələbatı, əsasən, xarici ölkələrin hesabına formalaşır. Yerli istehsalla isə cəmi bir sex məşğul olur:

Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

«Azərbaycanda bu bazarı Avropa ölkələri, Türkiyə, Çin Xalq Respublikası və s. ölkələr paylaşırlar. Yerli istehsala gəldikdə, təəssüf ki, bu istehsal çox aşağıdır. Kişi ayaqqabıları buraxan bir sex var. Ayaqqabılar üçün üzlük dəri istehsalı həyata keçirən iki müəssisə də var. Amma ayaqqabı istehsalı ilə bağlı sertifikatlaşdırılan müəssisələrin sayı birdir. Ola bilər ki, bundan başqa da müəssisələr var. Ancaq belə çıxır ki, onlar qanunvericiliyin tələbini pozaraq uyğunluq sertifikatı almaqdan yayınıblar. Bu gün ölkədə sertifikatlaşdırılmayan məhsulların satışı qadağandır».

Yerli ayaqqabı satıcısı, Bakı, 04.05.2016
Yerli ayaqqabı satıcısı, Bakı, 04.05.2016

Fazil Talıblı deyir, xarici markaların saxtalaşdırılması faktları əvvəllər olurdu. Üç-dörd il əvvələ qədər o müəssisələr aşkar edilib tapılırdı. Ancaq sonrakı illərdə həmin müəssisələrin sayı kəskin azalmağa başlayıb. Həm də yeni qanunvericiliyə görə, planlı yoxlamalar da həyata keçirilmir. Ancaq şikayət daxil olanda araşdırma aparılır.

Fazil Talıblı da söyləyir ki, bazarın xarici məhsullar deyil, yerli məhsullar hesabına formalaşmasını sahibkarlarla hər görüşdə təbliğ edirlər.

Xaricə ixrac, yoxsa, zülm?

İqtisadi İnkişaf Nazirliyindən bildirdilər ki, indi «Made in Azerbaijan» brendinin xaricə çıxarılmasından ötrü işlər görülür. Bütün sahibkarlar, eləcə də, ayaqqabı istehsalçıları sahibkarlara dövlət qayğısından faydalanıb xaricə mal ixrac edə bilərlər. Adının çəkilməsini istəməyən ayaqqabı istehsalçısı isə buna inanmadığını söyləyir:

«Burda işləməyə mane olmasınlar, qalsın xaric. İndi gündəlik qazanc dalınca qaçırıq. Çox da prezident fərmanlar, sərəncamlar verir. Reallıq o kağızlardakı kimi deyil. Zülmdür, deyiləsi deyil...»

XS
SM
MD
LG