Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:33

Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir


Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev

-

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü, iqtisadi vəziyyət, Rusiyadakı böhranın Azərbaycana təsiri və «Sovetski» məhəlləsində qalanların kompensasiya problemi bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ

«Azərbaycan» qəzeti keçmiş prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı silsilə yazıların dərcini davam etdirir. Qəzetin bugünkü sayında da «Azərbaycanın özü qədər əbədi» başlıqlı bir yazı verilib. Müəllif İxtiyar Hüseynli yazıya prezident İlham Əliyevdən belə bir sitatla başlayır: «Biz Heydər Əliyev siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik».

İxtiyar Hüseynli yazır ki, Heydər Əliyevin Azərbaycanda ilk idarəçiliyi 13 il 4 ay çəkib: «Saxta beynəlmiləlçilik dalğasında milli mənliyini itirən, dilini unudan, kimliyini danan, tarixindən imtina edən, əcdadından dönən... azərbaycanlının qarşısında Heydər Əliyevin kəskin və sərt mövqeyi dayanmışdı. Artıq Azərbaycanda Azərbaycan ruhu və azərbaycanlı mahiyyəti hakim idi. Azərbaycan heç vaxt olmadığı kimi azərbaycanlıların idi».

Müəllif Heydər Əliyevin ikinci hakimiyyət dönəmini isə belə xarakterizə edir: «Heydər Əliyev məcburi köçkünü bataqlıqdakı çadırdan müasir evlərə köçürdü. Onların öz doğma yurdlarına dönmələri üçün isə dünyanı, beynəlxalq təşkilatları qarış-qarış gəzərək Azərbaycanın haqq səsini qəbul etdirdi. Ermənistanın təcavüzkar siyasətini ifşa edərək, qələbəmizin siyasi, diplomatik və informativ zəminini formalaşdırdı. Heydər Əliyev Azərbaycan kəndlisini yoxsulluqdan çıxararaq övladlarını normal dolandıran ailə başçısına çevirdi».

Nemət Əliyev
Nemət Əliyev

BƏYANAT YOX, RƏQƏMLƏR

«İqtisadiyyatın durumunu bəyanatlara yox, həmin dövr üçün olan statistik rəqəmlərlə dəyərləndirmək lazımdır».

İqtisadi ekspert Nemət Əliyev dövlət başçısı İlham Əliyevin bu günlərdə ölkənin iqtisadi böhrandan şərəflə çıxması haqda dediklərini «Azadlıq» qəzetinə belə dəyərləndirib.

N.Əliyev deyib ki, ölkənin xarici ticarət dövriyyəsində kəskin azalma baş verib: «Təkcə mart ayı ərzində 295 milyon dollar mənfi saldo əmələ gəlib. Ölkənin tədiyyə balansında isə 4 milyardlıq kəsir var. İxracyönümlü fəaliyyət kəskin şəkildə pisləşib. Bu o halda baş verir ki, iqtisadiyyatın 86 faizi neft və neft məhsulları təşkil edir».

N.Əliyev qeyri-neft sektorundan əldə edilən gəlirlərin 38 faiz azaldığını bildirib: «Bu, bütövlükdə xarici ticarət dövriyyəsi üzrə olan mənzərədir. Konkret halda isə ölkənin ÜDM-sində 3 ay ərzində 5 milyard manatdan artıq azalma baş verib».

İqtisadçı qeyd edib ki, vətəndaşların alıcılıq qabiliyyəti düşüb. Ölkəyə kapital qoyuluşu kəskin azalıb, banklara etibar etməyən əhali əmanətlərini geri çəkir.

Kasıb
Kasıb

MİLYONLARLA İNSAN KASIBLAŞACAQ

«Bizim Yol» qəzeti Rusiyadakı iqtisadi böhran fonunda orada yaşayan azərbaycanlıların taleyindən bəhs edir.

Qəzet yada salır ki, «Moody’s» beynəlxalq reytinq agentliyi Rusiyadakı böhranın Azərbaycana da mənfi təsir göstərəcəyini proqnozlaşdırıb.

«Rusiyadakı böhran Azərbaycanda vəziyyəti pisləşdirəcək» sərlövhəli məqalədə qeyd edilir ki, bu ölkədə 1 milyon 200 min nəfərə yaxın azərbaycanlı yaşayır. Onlar il ərzində Azərbaycandakı ailələrinə toplam 2 milyard dollara yaxın vəsait göndərirlər: «Rusiya yenidən iqtisadi və maliyyə böhranına sürüklənir. Təbii ki, bu fonda azərbaycanlıların ailələrinə göndərdikləri məbləğdə azalma gözlənir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin müəyyən hissəsi Rusiyadan göndərilən pullar hesabına ayaqda durur. Bu mənada, Rusiya iqtisadiyyatının çökməsi Azərbaycanda milyonlarla insanın güzəranının pisləşməsi deməkdir. Rusiyadakı böhran Azərbaycanda onsuz da böhran durumunda olan mənzil bazarını və tikinti sektorunu bir qədər də çökdürəcək».

«Sovetski»də söküntü
«Sovetski»də söküntü

«SOVETSKİ»Nİ TƏRK ETMƏYƏNLƏR

«Biz evlərimizi tərk etmək niyyətində deyilik». Bunu «Yeni Müsavat» qəzetinə söküntülər aparılmasına baxmayaraq, hələ də Bakının «Sovetski» məhəlləsini tərk etməyən sakinləri deyiblər.

Onlar verilən kompensasiyanın az olduğunu bildiriblər: «Biz evlərimizi satmaq niyyətində deyilik. Qanuna görə də, biz istəmədikcə, heç kim bizi öz mülkümüzdən çıxara bilməz».

Amma sakinlər deyirlər ki, onlara evlərində yaşamağa süni problemlər yaradırlar: «Özlərini icra hakimiyyətinin nümayəndələri kimi təqdim edən 10-15 nəfər adam heç bir sənəd göstərmədən gəlib kommunal xətləri kəsdilər. Görünür, məqsədləri bizi buradan çıxarmaqdır».

Yasamal rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, «Sovetski» məhəlləsində bəzi ailələrinin dirəniş göstərməsinin mənası yoxdur. Onlara hər kvadrata görə 1500 manatdan artıq kompensasiya verilməsi mümkün deyil.

XS
SM
MD
LG