Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:01

«Elə bir bədxərc sistem qurublar ki…»


Su
Su

-

«Görünür suyun satış qiyməti çəkilən xərcləri ödəyə bilməyib. Ona görə «Azərsu» əhaliyə satılan suyun qiymətinin artırılması kimi məcburi addımı atıb».

Bunu «Turan»a deputat, hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Aydın Mirzəzadə deyib.

«QİYMƏT ARTIMINDAN ÖNCƏ BU, ƏHALİYƏ İZAH EDİLMƏLİDİR»

O, qeyd edib ki, qiymətin qaldırılmasının əsl səbəblərini bu təşəbbüslə çıxış edənlər bilir: «Mən, sadəcə, öz təxminlərimi bölüşürəm. Burada avadanlıqların xarici valyuta ilə alınması da öz təsirini göstərə bilər. Belə ki, «Azərsu»nun avadanlıqları, işlədilən preparatlar xaricdən valyuta ilə gətirilir. Düşünürəm ki, bu da qiymətə öz təsirini göstərə bilər».

A.Mirzəzadənin fikrincə, hansı halda olursa olsun, bunun izahı verilməli idi: «Yəni, hər hansı qiymət artımından öncə, hətta əhali bunu qəbul etməsə belə, bu, izah edilməlidir. Atılan addımın səbəbləri izah olunmalıdır. Təəssüf ki, biz bu izahı görmədik».

İqtisadçı-ekspert Azər Mehtiyev də deyib ki, suyun əhaliyə satış qiymətinin qaldırılması əsaslandırılmayıb. Onun deməsinə görə, «Azərsu» hələ iki il öncə Tarif Şurasına belə bir təkliflə müraciət etmişdi. Amma 2015-ci ildə baş verən iki devalvasiya bu addımı təxirə salıb. İqtisadçı deyib ki, «Azərsu» qapalı rejimdə fəaliyyət göstərir. Suyun həqiqi maya dəyəri açıqlanmır: «Elə bir bədxərc sistem qurublar ki, nə qədər qiymətlər artırılsa belə, onların tələblərini ödəməyəcək. İlk növbədə normal idarəçilik yaradılmalıdır».

A.Mehtiyev orada normal menecmentlik formalaşdırılmasına ehtiyac duyur: «Düzgün idarəetmə yoxdur, şəffaflıq yoxdur. Öncə bunlar təmin edilsə, qiymətlərin əsaslı olub olmaması bilinər».

SİYASƏTÇİ ERMƏNİSTANLA AZƏRBAYCANI MÜQAYİSƏ EDİR

Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu isə suyun qiymətlərinin qaldırılmasına ironik münasibət bildirib.

«YAP deyir ki, Ermənistanda qazın qiyməti 17 faiz qaldırılırsa, bu, Sarkisian hakimiyyətinin qeyri-legitim, cinayətkar, rüşvətxor, qeyri-peşəkar, xalqa etinasız, qarətçi, quldur, korrupsiyalaşmış olduğunu göstərir. Amma Azərbaycanda suyun qiyməti 37 faiz qalxıb, bu, İlham Əliyev hakimiyyətinin demokratikliyini, xalq tərəfindən seçildiyini, xalqa qayğıkeş münasibətini, əhalinin rifahını yüksəltdiyini və üstəlik də, Qarabağı azad etməkdə ciddi bir addım atdığını göstərir», -deyə o, Facebook səhifəsində yazıb.

2016-cı il mayın 13-də Tarif Şurasının qərarı ilə suyun qiyməti qaldırılıb. Bakı, Sumqayıt, Xırdalan və Abşeronda hər kubmetrə görə qiymət 30 qəpikdən 35 qəpiyə, qalan inzibati ərazilərdə 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Tullantı sularının axıdılmasına görə isə qiymət 6 qəpikdən 15 qəpiyə yüksəldilib..

Bundan başqa, tullantı sularının axıdılması xidmətlərinin tarifləri qeyri-əhalidən ötrü hər kubmetrə görə 1 manat səviyyəsinə qaldırılıb. Bu, əvvəllər 30 qəpik idi.

XS
SM
MD
LG