Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:25

Qarabağda həlak olanlara sığorta pulu düşmürmü?


Arxiv fotosu
Arxiv fotosu

Astara rayonundan Qarabağ uğrunda döyüşlərdə həlak olanların bəzilərinin valideynləri və əlillər onlara verilməli olan sığorta haqqını ala bilmədiklərindən şikayətlənirlər. Valideynlərdən Kərim Məmmədovun sözlərinə görə, illər ötür lakin sığorta pulunu ala bilmirlər:

“Niyə qan pulunu vermirlər?”

“Mənim oğlum 19 yaşında hərbi xidmətə gedib. 1994-ci ildə Qarabağda şəhid olub. Oğlumun adına məktəb də var. Eşitdik ki, 1997-ci ildən sonra həlak olanlara sığorta pulu kimi 11 min manat verirlər. Həmin pulu ala bilmirik.

Kərim Məmmədov, Astara sakini
Kərim Məmmədov, Astara sakini

Kasıb adamlarıq. Yaşımız çoxdur. Aramızda 70-80 yaşında olanlar var. Ömür belədir də. Belə getsə, mən və balalarım 11 min manatı ala bilməyəcəyik. Məktublar göndəririk, cavab vermirlər. Məktubu göndərirlər sığorta şirkətinə, şirkətdə bəhanə gətirir. 4 ayın içində oğlumun ölüsünü gətirib verdilər. İndi onun niyə qan pulunu vermirlər ? Cənab prezidentdən xahiş edirik ki, pulun bizə verilməsində köməklik göstərsin. Həll etsinlər,bizə cavab versinlər”.

Başqa bir valideyn İsa Əhmədovun deməsinə görə, bu məsələ ilə bağlı müxtəlif orqanlara dəfələrlə müraciət ediblər. Ancaq hamısından eyni cavab alırlar. Onlara deyirlər ki, məsələ həll olunur:

“Sizdən xahiş edirəm, ...”

“Biz prezidentdən xahiş edirik ki, qan pulu bizə ödənsin. Qocalmışıq, xəstələnmişik, dərman pulu çatdıra bilmirik. Sərəncam verin ki, o pulu versinlər. Oğlum 1993-cü ildə Qarabağda həlak olub. Sizdən xahiş edirəm, 80 yaşım var. Bizi nəzərə alın”.

Astara rayon Pensər kənd sakini Feyruz Camalovun da oğlu Elruz Camalov 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə həlak olub. Feyruz Camalovun dediyinə görə 71 yaşı var, 4 oğlu Qarabağ uğrunda döyüşüb:

Oğlu Qarabağda həlak olmuş İsa Əhmədov, Astara
Oğlu Qarabağda həlak olmuş İsa Əhmədov, Astara

“4 oğlum Qarabağ uğrunda vuruşub”

“Mənim 4 oğlum Qarabağ uğrunda vuruşub. Biri orda şəhid olub. Şəhid anası, həyat yoldaşım yataqdadır, xəstədir. Dərman pulunu çatdıra bilmirik. Biz prezidenti dəstəkləyən adamlarıq. Hazırda nəvəm əsgərlikdədir. Vətənin yolunda mən də getməyə hazıram”.

1994-cü ildə yaralanmış, ikinci qrup Qarabağ əlili Vaqif Abdullayev də sığorta haqını ala bilmədiyini deyir.

Dövlət Sığorta Kommersiya şirkətin nə deyir?

Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyəti aparatına müraciət etdik. Oradan bildirdilər ki, bu işlə Dövlət Sığorta Kommersiya şirkətin rayon şöbəsi məşğul olur. Şöbədən isə bildirdilər ki, sığorta haqqı 1997 ildən sonraki dövrə şamil edilir.

1997-ci ilin mayında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qəbul edilib. Bu qanunda ərazi bütövlüyü uğrunda döyüşlərdə ölən və yaralanan insanlara sığorta pulun verilməsi barədə maddə var. Həmin qanuna görə, sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə pul ödənməlidir. 2013-cü ildə qanuna dəyişiklik edilib və bu bütün dövrü əhatə edib. 2006-cı ildə həlak olanların ailələrinə verilən sığorta haqqı 11 min manata qaldırılıb. Birinci qrup Qarabağ əlilinə 8800 manat, ikinci qrupa 6600 manat, üçüncü qrupa isə 4400 manat sığorta pulu müəyyənləşdirilib.

Bu problem tək Astara rayonunda yox, bütün ölkədə özünü göstərir.

Qarabağ Qazilər Birlyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı olsa da pullar ödənmir. Onun söylədiyinə görə, pul ödənilərkən devalvasiya da nəzərə alınmalıdır.

Dövlət Sığorta Kommersiya şirkətinin rayon şöbəsindən bildirdilər ki, Astarada bu problemlərlə üzləşən 10 nəfərdən yuxarı valideyn və Qarabağ əlili var. Ölkə üzrə isə söhbət bir neçə mindən gedir.

80 yaşlı İsa Əhmədov isə deyir ki, bıçaq sümüyə dirənib. Belə getsə ömrün sonuna kimi övladının haqqını ala bilməyəcək.

XS
SM
MD
LG