Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:27

Bahalı quşları məmurlar alırlar- [Bazardan reportaj]


►“Quş saxlayan insanlar bir yerə yığışanda özlərini quşlar kimi azad da hiss edə bilirlər”

“Quşbazam, 7 yaşından quş saxlayıram. Atam qoymurdu, məni quşlardan ayırmaqdan ötrü hətta döyürdü. Atamın qorxusundan yeri qazıb onları gizlincə yerin altında saxladığım vaxtlar da olub. İndi 40 yaşım var. 33 ildir günüm quşlarla keçir. Quşlarımın arasında 30 yaşında olanlar da var. Onlarsız bir günüm də olmasın...”

Həyatını quşlarsız təsəvvür edə bilməyən İlqar Cabbarovdur. Quş bazarında ən məlumatlı adamlardan sayılır. Deyir ki, bazara çıxardığı quşlar da elə belə quşlar deyil:

“Bu boynugüllüdür, bu əbrəşdir. Boynugüllü 15 manatdır. Ayaqlarında tükləri var, duruşu gözəldir. Quşun xəstəsiyəm. Ancaq bu quşlarla gəlir elə də artmır. Gündəlik dolanışığa, toyların puluna çatır”.

Sübh tezdən quşların səsiylə

Quş bazarı səhər tezdən açılır. Göyərçin satanlar hərəsi öz guşəsinə çəkilir. Quşları da qəfəslərə, hücrələrə yerləşdirirlər. Göyərçinlərin özünəməxsus səsləri ətrafı bürüyür. Alıcılar qəfəslərə yaxınlaşır, satıcı ilə sövdələşmə də elə burda gedir.

Göyərçin satanlar deyir ki, indi bu sahəyə daha çox gəlir mənbəyi kimi yanaşırlar. Dediklərinə görə, həftəyə 1500-2000 manat qazandıqları vaxtlar da olur:

“O baxır quşa. Elə quş var ki, qiyməti 2-4, uzağı 5-6 manatdır. Elə quş da var ki, 200 manat, 500 manat. Həftədə 1500-2000 manat da qazana bilərsən. Ancaq quşa baxmaq asan deyil”. (ardı aşağıda)

Satıcı: Quşbaz quşa 200 manat da verər

Bahalı quşları kim alır?- Satıcı danışır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

“Ayda 150 manat yeminə gedir”

Göyərçin bazarının satıcı Əlisahib deyir ki, o quşu ancaq satmağa saxlayır. İlqar deyir, həm quşbaz, həm də quş alverçisidir:

“Həyətdə 100-dən çox quşum var. Ayda bir 150 manat onların yeminə xərc çəkirəm. Günəbaxan toxumu, qarğıdalı, buğda yeyirlər. Ancaq xəstələnməsinlər. Xəstələnsələr, birdən qırılırlar. Onlar üçün düz əməlli dərman, həkim də tapmaq olmur”.

Arada quş alanlar satıcılara yaxınlaşır:

“Səndən aldığım quş tək qalıb. Birini də ver, aparım, darıxmasın...”

Varlılar əbrəş, qırmızıbaş, qarabaş alır

Quş satanların sözlərinə görə, göyərçini müxtəlif təbəqələrdən olanlar alır:

“Varlı da alır, kasıb da. Ən çox varlılar, məmurlar, quşbazlar, bir də alverçilər alırlar. Varlılar əbrəş, qırmızıbaş, qarabaş quşları alırlar”.

Alıcılardan biri Tofiq Məmmədov quşu gözəlliyinə görə aldığını söyləyir:

“Alıram, uçurduram, gözəlliynə tamaşa eləyirəm. Bu, zövq məsələsidir”

Əli adlı kişi isə deyir ki, o, quşları sırf alver məqsədi ilə alıb satır. Gəliri də gündəlik 10 manatdan artıq olmur:

“10 manat mənə bəs eləyir. Necə deyərlər, mənim də çörəyim quşdan çıxır”.

Göyərçin bazarının satıcıları deyir ki, alver qışda yaxşı gedir. Yayda istidə bazara gələn az olur.

Göyərçin nə qədər yuxarı qalxsa, o qədər üstün sayılır

Quşlar üzrə mütəxəssis, Azərbaycan Ornitologiya Cəmiyyətinin rəhbəri Elçin Sultanov deyir ki, göyərçinlər insandan çox yerə, məkana bağlı olurlar. İnsan onu yedirdib-içirdiyindən onlardan ötrü bununla assosiasiya olunur. İnsanı göyərçinə bağlayan isə onun görünüşü, gözəlliyidir.

Elçin Sultanov deyir ki, Bakı göyərçinləri digər şəhərlərin göyərçinlərinə nisbətən daha cəlbedicidir. Ona görə də Bakı göyərçinləri daha baha satılır:

“Bakı göyərçinləri çox məşhurdur. Çünki Bakıda göyərçinlər küləyə çox davamlı olurlar. Öyrəşdiklərindən küləkli havada da yüksəyə çox qalxırlar. Onları başqa ölkələrə, məsələn, Rusiyaya daha baha satırlar. Çünki Rusiyada əksər yerlərdə külək yoxdur. Bakıda təlim keçmiş göyərçin oradakı yerli göyərçinləri ötüb keçir, onlardan iki dəfə yuxarı qalxır. Göyərçin nə qədər yuxarı qalxsa, onu o qədər üstün sayırlar. Havada yorulmadan nə qədər çox qalsa, o qədər üstün sayılır. Bakı göyərçinləri bu cəhətdən rekordları vururlar. Ona görə burda yetişən göyərçinlər baha olurlar”.

Buna da bax: Evinin əşyasını satanlar çoxalıb- [Fotolar, Video, Səslər]

Sevgi, yoxsa, “sayrışan hal”?

Psixoloq Dəyanət Rzayevin fikrincə, göyərçinlər azadlıq, sədaqət, sülh rəmzidir. Ancaq quşsaxlayanların çoxu onları biznes məqsədilə saxlayır. Psixoloq deyir ki, bəzi quş saxlayanlarda isə psixologiyada “sayrışan hal” deyilən xüsusiyyət yaranır:

“İnsanda müəyyən vərdiş yaranır. Hər gün quşları bir yerə toplamaq, yemləmək, uçurtmaq və s. Bu insanlarda olan “sayrışan hal”dır. Ancaq insanlar da var ki, həqiqətən də, onlar quşları sevirlər, onlara sevgiylə yanaşırlar. Amma daha çox biznes məqsədilə saxlayırlar. Özəlliklə də, məhəllə evlərində quş saxlayan insanlardan ötrü quşbazlıq həm də bir birləşmə nöqtəsidir. İnsanlar bir yerə yığışanda özlərini quşlar kimi azad da hiss edə bilirlər”.

Quş bazarının satıcısı Emin də quşları azad olduqlarına görə sevdiyini söyləyir:

“Onların qanadları var, uçurlar. Göyərçinə baxanda ürəyim atlanır. Adam lap uçmaq istəyir. Quşlar həm də sərbəst olduqları qədər yuvaya da bağlı olurlar. Həm azad, həm də evcanlı. Bundan gözəl nə ola bilər ki?”

Quş bazarı: Satıcı göyərçinlərin fərqini izah edir

Quş bazarı: Satıcı göyərçinlərin fərqini izah edir
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

XS
SM
MD
LG