Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:40

Məleykə Abbaszadə də Tarif Şurasına üz tutur


Məleykə Abbaszadə
Məleykə Abbaszadə

«Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək». «Report»un xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM-in) rəhbəri Məleykə Abbaszadə bu gün - iyulun 15-də keçirdiyi mətbuat konfransında belə deyib.

«MÜXTƏLİF TƏKLİFLƏR OLACAQ»

Hansı qərar veriləcəyinin onlardan asılı olmadığını vurğulayan DİM rəhbəri ödənişli imtahanların iştirakçı sayını azaltmayacağına inanır: «Çünki bu məsələlərlə bağlı çox düşünülmüş qərarlar qəbul olunacaq. Təbii ki, müəyyən sosial ədalət prinsipləri də nəzərə alınacaq və bəzi təbəqələrin imtahanlarda iştirak etməsi üçün fərqli qiymət müəyyənləşdiriləcək. Burada müxtəlif təkliflər olacaq. İmtahanın növlərindən asılı olaraq qiyməti də fərqlənəcək».

M.Abbaszadə əvvəllər dövlət büdcəsindən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrıldığını, bunun da təxminən 2 milyonunun qurumun saxlanmasına, qalan 5 milyonununsa imtahanların keçirilməsinə xərcləndiyini deyir:

«PULU SİFARİŞÇİ ÖDƏMƏLİDİR»

«Dövlət İmtahan Mərkəzini isə dövlət maliyyələşdirməyəcək. Bizə sifariş verilən işlərin pulunu sifarişçi ödəməlidir. Məsələ ondadır ki, indiyə kimi aparılan imtahanda, orta hesabla, hər bir abituriyentə ən kütləvi imtahanlarda dövlət 25 manat xərcləyirdi. Bu, təbii qəbul olunurdu, çünki dövlət bu pulu ödəyirdi. Amma burada məsuliyyətsizlik də vardı, çünki imtahana yazılıb gəlməyənlərin sayı çox olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat («Scholastic Aptitude Test» və «Scholastic Assessment Test» ingiliscədən çevirəndə «Akademik Qiymətləndirmə Testi (Sınağı)») anlamına gəlir. ABŞ ali təhsil ocaqlarına qəbul edilmək üçün hazırlanan standartlaşdırılmış sınaqlardır – red.), IELTS imtahanlarının qiyməti 225 manatdır (IELTS – ingilis dili biliyini yoxlayan beynəlxalq test sistemidir və ingilisdilli ölkələrdə oxuyub, yaşayıb-çalışmaq istəyənlər bu sınaqdan keçir – red.), Türkiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır».

Buna da bax: 'Daha bunun nəyi pulsuz təhsil oldu?'

«HEÇ BİR İŞÇİNİN MAAŞI OLMAYACAQ»

M.Abbaszadə deyib ki, TQDK-nın işçiləri indi dövlət qulluqçuları qədər maaş alırlar: «Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssisin maaşı olmayacaq. TQDK bu ilin sonuna qədər dövlətdən maliyyələşəcək. Yanvarın 1-dənsə hansısa işimizlə bağlı heç bir maliyyələşmə yoxdur. Bizə, sadəcə, bir milyon manat veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq».

AZTƏMİNATLI AİLƏLƏR PROBLEMLƏ ÜZLƏŞƏCƏK?

Dövlət Tələbə Qəbulu Komissiyası 1992-ci ildən fəaliyyətə başlayıb. 2016-c ilin əvvəlində dövlət başçısı TQDK və Dövlət Qulluğuna Qəbul Məsələləri Komissiyasının bazasında Dövlət İmtahan Mərkəzinin yaradılmasına dair fərman imzalayıb.

Bəzi ekspertlərin fikrincə, imtahanların ödənişli olması, özəlliklə aztəminatlı ailələri maddi problemlə üzləşdirəcək.

XS
SM
MD
LG