Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:57

AKP əleyhdarlarının dəstəyinə bel bağladılar və... yanıldılar


Elif Şafak
Elif Şafak

Elif Şafak yazır

Hərbi çevrilişlər türklərə yad və yabançı deyil. Türkiyə 1960-cı, 1971-ci və 1980-ci illər daxil, 3 belə çevriliş görüb. 1997-ci və 2007-ci illərdə isə ordu təhdid memorandumu yayaraq, siyasətə sərt müdaxilə edib.

Hər qiyam onsuz da kövrək olan türk demokratiyasına böyük zərbə vurub. Bu qiyamlar kütləvi hüquq pozuntularına yol açıb. 1980-ci il çevrilişi bu baxımdan ən qorxuncu olub. O vaxt minlərlə insan qanunsuz həbsə məruz qalıb, işgəncə görüb, tənqidçilər sürgün edilib.

2001-ci ildə Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldi. AKP hakimiyyətə gələndə, oturuşmuş demokratiyalarda olduğu kimi, ordunu hərbi və təhlükəsizlik məsələləri ilə məşğul edəcəyinə söz verməklə liberalların dəstəyini qazanmışdı. 15-16 iyul hadisələri indiyədək yazılan qiyam tarixçələrinə uyğun gəlmədi. Dəhşətli gecə idi. Azı, 290 nəfər (rəsmi məlumatda 246 nəfər göstərilir və təkzib edilmir – red.) həlak oldu, 1400-dən çox insan yaralandı. Ölkə sanki bir neçə il geriyə atıldı.

Buna da bax - Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

İLK DƏFƏ BİR YERDƏ

Qiyamçılar çevrilişə başlayınca düşünmüşdülər ki, AKP əleyhdarları onları dəstəkləyəcək, amma yanılmışdılar. Parlamentdəki bütün partiyalar qiyama qarşı həmrəy oldular. Müxtəlif baxışlı insanlar – kamalçılar (atatürkçülər – red.), kürdlər, liberallar, millətçilər, mühafizəkarlar çiyin-çiyinə durdular. Uzun illərdən bəri ilk dəfə Türkiyə cəmiyyəti birlik göstərdi.

Prezident Recep Tayyip Erdoğan və AKP çevrilişə cəhdin arxasında Fethullah Gülen-in dayandığını söyləyir. Bu ittiham araşdırılmalı, təqsirkar mütləq hakim önünə çıxarılmalıdır. Köşə yazarı Mustafa Akyol-a görə də bu iddia axmaq konspirasiya nəzəriyyəsinin məhsulu deyil, tam tərsi, ən inandırıcı versiyadır.

BİZ ONU İSTƏSƏK DƏ-İSTƏMƏSƏK DƏ, AKP DEMOKRATİK YOLLA SEÇİLİB

Gülen camaatı uzun illər xeyriyyə və təhsil sahələrində işi ilə tanınıb. Ancaq bu fəaliyyətin həmişə qaranlıq tərəfi də olub. Gülençilər polis, prokurorluq və məhkəmə sistemlərində fəal olub, öz məqsədlərini güdüblər. Onların sonunu hakimiyyət sevdası gətirib.

Türkiyə liberalları və demokratları Gülençi ordu mənsublarını heç vaxt dəstəkləməzlər. Ona görə yox ki, Erdoğan-ı bəyənirlər. Ona görə ki, AKP – biz onu istəsək də, istəməsək də, – demokratik yolla seçilib. Gülençilərsə yox. Onlar legitim deyillər.

Buna da bax - Çevriliş cəhdinin azərbaycanlı işadamlarına təsiri

FƏRQLİ FİKİRLİLƏRİN TƏQİBİ ƏN DÖZÜLMƏZ HƏDDƏ ÇATIB

İndən belə olacaqlar ciddi narahatlıq doğurur. İndiyədək 50 mindən çox insan saxlanıb, işdən çıxarılıb və ya iş yeri dəyişdirilib. Onların arasında polislər, müəllimlər, hakimlər və dövlət qulluqçuları var. Bu dalğada günahsız insanların da boğulacağı ilə bağlı narahatlıqlar var. Ölkə boyunca bütün universitetlərin dekanları istefa verməyə məcbur ediliblər. Üçaylıq olağanüstü hal-fövqəladə vəziyyət elan olunub. Edam cəzasının bərpa ediləcəyi barədə söz-söhbətlər gəzir.

Fövqəladə vəziyyət elan edilməsinin ardınca, kürdlərin maraqlarını müdafiə edən Xalqların Demokratik Partiyasının (HDP) sözçüsü deyib ki, hakimiyyətə qiyamçılar da gəlsəydi, eyni şeyi edəcəkdilər. Bir çox internet saytı bağlanıb, «WikiLeaks»ə çıxış məhdudlaşdırılıb. Kürd və türk mediasında müstəqil səslərin boğulacağı qorxusu var. Veteran jurnalistlərdən Can Dündar yazır ki, fərqli fikirlilərin təqibi ən dözülməz həddə çatıb. Can Dündar prezident Recep Tayyip Erdoğan-ın çevrilişə cəhdi «Allahın lütfü» adlandırmasını xatırladaraq yazır: «O, «Allahın bu lütfü»ndən istifadə edib, bütün müxalifətə qarşı «əcinnə ovu»na başlayacaq».

XS
SM
MD
LG