Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:41

Bir əsrə yaxın yaşı olan məktəb binası


Azərbaycanda köhnə kənd məktəbi
Azərbaycanda köhnə kənd məktəbi

«3 gündən sonra məktəb mövsümü başlayır. Kənd məktəbimiz elə vəziyyətdədir ki, ora nəinki uşaq, heç it də yollamaq olmaz».

Lənkəranın Siyavar kəndinin sakini Ələmdar Quliyev AzadlıqRadiosu-na kənd məktəbinin durumundan danışır.

«HƏR LEYSANDAN SONRA MƏKTƏB BİR AZ DA DAĞILIB»

F.İbrahimov adına tam orta məktəb bu yaşayış məskənində şagirdlərin təhsildən ötrü üz tutacaqları yeganə təhsil ocağıdır. Ancaq müsahibimiz övladlarını bu məktəbə göndərməyə tərəddüd edir:

«Ora təhsil ocağından çox quş damını xatırladır. Dam örtüyü cırıq-cırıqdır. Məktəbə girirsən, dəhlizdən, siniflərdən siçovul iyi gəlir. Bu məktəb nə təmir görübsə, sovet vaxtı görüb. 10 il əvvəl yığışıb ora-bura şikayət edəndən sonra məktəbi əhənglədilər, döşəməsini guya təzələdilər – keyfiyyətsiz taxtalar vurdular. Bizim kənd yağmurlu ərazidir. Tez-tez leysan olur. Hər leysandan sonra məktəb bir az da dağılıb. O dərəcəyə çatıb ki, artıq leysan vurmadan da öz-özünə dağılır».

«MƏN DƏ, ATAM DA O LÖVHƏDƏN İSTİFADƏ ETMİŞİK»

«O məktəbə heç it də yollamaq olmaz»

Şikayətçi deyir, sinif otaqları bərbad vəziyyətdədir. Şagirdlərə gərəkən zəruri dərs ləvazimatlarının yoxluğu bir tərəfə, heç oturmağa salamat parta, stul da yoxdur.

Buna da bax:​ Masallıda bir çox uşaqların adını yaza bilmədiyi Ərəb kəndi...

Sakin Cəsarət Axundov bu məktəbdən vaxtilə adlı-sanlı insanların çıxdığını söyləyir:

«Zarafat deyil, məktəbin 1 əsrə yaxın yaşı var. Bu məktəbdən kimlər çıxmayıb... Elə indinin özündə də kəndimizdə elə uşaqlar var ki, hər il yüksək balla ali məktəblərə daxil olurlar. Ancaq bu məktəbə gedib gəlməklə yox, ayrıca müəllim yanında öyrənməklə. Bu məktəbdə uşaq oxutmaqsa vaxt itkisidir. Uşaq lövhədə yazmağa tabaşir də tapmır. Hələ lövhələr nə gündədir... Mən, məndən əvvəl atam həmin lövhələrdən istifadə etmişik. Hər şey köhnə, sınıq-salxaq... Bütün qışı da soyuqdan uşaqların canı əldən gedir».

«BİR MƏKTƏB TİKMƏK HÖKUMƏTƏ ÇOX ÇƏTİN İŞDİR?»

Bu məktəb sökülməli, yerində yenisi tikilməlidir...

Sakinin deməsinə görə, bir neçə dəfə şəhər təhsil şöbəsinə müraciət edib ki, məktəbin təmir olunmasını istəyib. Əvəzində belə bir cavab alıb: «Övladının təhsilinə ürəyi yanan ata, lazım gəlsə, uşağını dünyanın o başındakı məktəbə də aparar»:

«Bizim istədiyimiz nədir ki?.. Yəni 250-300 yerlik bir xudmani məktəb tikmək hökumətə çox çətin işdir? 10 il əvvəl yüngülvari əl gəzdirdilər. Ancaq hər il güclü yağışlar məktəb binasının qəddini bir az da «əyib». O vaxt döşəmələri dəyişdilər, divarlarına yalandan bir əhəng çəkdilər. Bu məktəb sökülməli, yerində yenisi tikilməlidir. Divarına əhəng yaxmaqla deyil ki... Mən iki uşağı o məktəbə necə yollayım? Sabah böyrəkləri, ciyərləri sıradan çıxarsa, dərman almağa pul da yoxdu».

Buna da bax:​ Qaradolaqlı şagirdlər təzə məktəb arzusunda…

Qeyri-iş günləri olduğundan məsələyə Lənkəran şəhər icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Sakinlərin deməsinə görə, qurumdan onlara tezliklə kənddə yeni məktəb tikiləcəyi vəd edilib. Ancaq hələ buna var. Görünür, sakinlər bu məktəb mövsümündə də övladlarını qapı-pəncərəsi, tavanı, döşəməsi çoxdan çürüyüb sıradan çıxmış köhnə məktəbə yollamağa məcbur olacaqlar.

XS
SM
MD
LG