Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:47

Beynəlxalq Bankın problemli aktivlərindən bir xəbər yoxdur


Beynəlxalq Bank
Beynəlxalq Bank

Bu il iyunun 22-də hökumət Müsabiqə Komissiyası yaratmışdı. Həmin komissiya Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) problemli aktivlərinin əvəzində ilkin sahiblərindən əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsinə baxacaqdı. Xeyli vaxt keçsə də, nə komissiyanın fəaliyyətindən xəbər var, nə də «Aqrarkredit» bank olmadan kredit təşkilatına (BOKT-a) etibar edilmiş əmlakdan.

Hamı susur

Müsabiqə Komissiyasına maliyyə nazirinin müavini, ABB Müşahidə Şurasının sədri Azər Bayramov rəhbərlik edir. Maliyyə Nazirliyinin mətbuat xidməti komissiyanın fəaliyyətinə dair AzadlıqRadiosu-nun sorğusunu cavabsız qoyub. «Aqrarkredit» QSC-də isə məsələ ilə bağlı sualların onlara aid olmadığını bildiriblər. Hərçənd, sözügedən komissiya prosesin şəffaf aparılması məqsədilə yaradılmışdı.

ABB qanunvericiliyin tələbini pozaraq, yarımillik maliyyə hesabatını açıqlamağı gecikdirir.

ABB-nin maliyyə hesabatına görə, «Aqrarkredit» QSC-nin banka ödəməli olduğu vəsaitin əsas hissəsindən xəbər yoxdur. Hesabatda deyilir ki, həmin QSC banka ödəməli olduğu 5 milyard 628,9 milyon manatın 990 milyon manatını yanvar və fevral aylarında ödəyib.

Buna da bax:​ Beynəlxalq Bank işi: 2 günə 17 milyonluq kredit götürülüb

Borcun tam qaytarılmasına bir neçə ay qalıb

ABB qanunvericiliyin tələbini pozaraq, yarımillik maliyyə hesabatını açıqlamağı gecikdirir. Elə «Aqrarkredit» də hesabatlılıq tələblərinə əməl etməkdə nümunə göstərmir: qurumun sonuncu maliyyə hesabatı 2014-cü ilə aiddir.

Bu səbəbdən, «Aqrarkredit»lə bağlanmış sazişə əməl edilib-edilmədiyi qaranlıq qalır. Tərəflər arasında ötən ilin dekabrında əldə olunmuş razılaşmaya əsasən, «Aqrarkredit» BOKT 2 milyard 177,7 milyon manatı 1-6 aya, 2 milyard 951,1 milyon manatı isə 6-12 aya ABB-yə ödəməli idi.

Ekspert səbəblərdən danışır

ABB-nin problemli kreditlərinin təminatı kimi əldə olunmuş daşınan və daşınmaz əmlakın satışı və idarəetməyə verilməsi məsələsində yaranmış vəziyyəti AzadlıqRadiosu-na şərh edən bank məsələləri üzrə hüquqşünas-ekspert Əkrəm Həsənov deyib ki, prosesin ləngiməsində həm obyektiv, həm də subyektiv səbəblər ola bilər:

«Obyektiv səbəb odur ki, borc müqabilində əldə edilən əmlak sənədlərinin çoxu böyük ehtimalla qaydasında deyil. Özəlliklə daşınmaz əmlakların. Axı məlumdur ki, ölkədə uzun illər fəaliyyət göstərən obyektlərin (mehmanxana və s.) Daşınmaz Əmlakın Reyestrində qeydiyyatı da yoxdur. Odur ki, rəsmiləşdirmənin özü xeyli vaxt aparır. Subyektiv amillərə gəlincə, aydın məsələdir ki, belə iri "layihə"də korrupsiyaya geniş imkanlar var. Maraqlı tərəflərsə çoxdur. Odur ki, daxili danışıq və çəkişmələr bitməyib yəqin»

Buna da bax:​ Azərbaycanda problemli kreditlər artır

Ekspert: «Şəffaflıq olmalıdır»

Ekspert onu da vurğulayır ki, «Aqrarkredit» normal kadrların olmayan bir qurumdur. Buna görə də onlardan effektiv və operativ fəaliyyət gözləməyə dəyməz.

Ə. Həsənov ABB-nin girov əmlakının hərraclarda satışının, zəruri olduqda isə idarəetməyə verilməsinin şəffaf şəkildə, bütün maraqlı tərəf və investorların iştirakını təmin etməklə aparılmasını istəyir. Ancaq Nazirlər Kabinetinin 22 iyul qərarında bu barədə bir söz deyilmir.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Buna təəccüblənmədiyini söyləyən ekspert deyir ki, qeyri-şəffaflıq elə korrupsiyaya şərait yaradılmasına yönəlib. Bu baxımdan sənəd "Normativ Hüquqi Aktlar Haqqında" Konstitusiya Qanununun XI fəslinə ziddir.

XS
SM
MD
LG