Sərəncam və ilk addım
İlham Əliyev deyir ki, dövlət müəssisələri yerli mal alsınlar. Hətta bununla bağlı fərman da imzalayıb. Sentyabrın 15-də imzalanmış sənəddə deyilir ki, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarının satın alınmasına qadağa qoyulur. Qadağa 2018-ci ilin yanvarın 1-nə kimi qüvvədə olacaq. Məhdudiyyətin aid edilmədiyi istisnalar da var, amma bu hallarla bağlı qərarı da İqtisadiyyat Nazirliyi qəbul edəcək, prezidentlə razılaşdırandan sonra.
İlham Əliyev deyir ki, dövlət müəssisələri yerli mal alsınlar. Hətta bununla bağlı fərman da imzalayıb.
Prezidentin yerli istehsala maraq artırmaq, diqqət çəkmək cəhdləri bundan öncə də olub. Məsələn, bu ilin əvvəlində çıxışlarının birində məmurlara məsləhət görüb ki, yerli istehsal olan Naz Lifan avtomobili alıb sürsünlər.
Buna da bax: Naxçıvanda bu il NAZ var, «Lifan» yox...
Kim düz deyir - zavod əməkdaşı, yoxsa sürücü?
Adının açıqlanmasını istəməyən Naxçıvan Avtomobil Zavodunun əməkdaşı AzadlıqRadiosu-na deyib ki, prezidentin bu çağırışından sonra satışlarında xeyli artım olub, özü də müştərilər sırasında məmurlardan tutmuş məktəb direktorlarına və digər dövlət müəssisəsi əməkdaşlarınadək bir çoxları var. Məmur alıcıların adlarını açıqlamayan əməkdaş keyfiyyətlə bağlı da hər hansı şikayət olmadığını deyir.
Naxçıvan Avtomobil Zavodunun əməkdaşı: «Prezidentin bu çağırışından sonra satış xeyli artdı...»
Amma 2 ilə yaxındır Naz Lifan sürən Ziya Bədəlov usta yanına getməkdən dad edir. Deyir ehtiyat hissələrinə çəkdiyi xərc də saya-hesaba gəlmir.
"Ayda azı 2 dəfə təmirə aparıram, ehtiyat hissələri də qanı bahasınadır, balaca bir şey azı 80 manat. Prezidentin xəbəri yoxdur ki, bu avtomobili necə düzəldib bizə veriblər. Mən çox narazıyam, çox əziyyət çəkirəm. Mersedesin ehtiyat hissəsi bununkundan ucuzdur".
Zavodun əməkdaşı deyir ki, ehtiyat hissəsinin ucuz olması üçün gərək o da ölkədə istehsal olunsun, amma hələ ki, bu mümkün deyil.
Naz Lifan sürücüsü: "Prezidentin xəbəri yoxdur ki, bu avtomobili necə düzəldib bizə veriblər. Mən çox narazıyam, çox əziyyət çəkirəm. Mersedesin ehtiyat hissəsi bununkundan ucuzdur"
Yəni prezidentin idxal mallarını xaricdən alma qadağası özəl müəssisə olan Naz Lifana şamil olunmasa da, zavoddan deyirlər ki, onlar da istehsal zamanı malların xaricdən alınmasını istəməzdilər, daha ucuz olsun deyə elə ehtiyat hissələrini də özləri istehsal edərdilər. Amma bunun üçün lazımi avadanlıqlar ölkədə yoxdur və indi Naz Lifan avtomobilləri yerli istehsal hesab olunsa da, onun istehsalında istifadə olunan hissələrin 55 faizi xaricdən idxal olunur.
Buna da bax: Məktəbli formasının bahalaşdığı deyilir
Məktəbli və hərbi formalar Türkiyədən gətirilir
İstehsalla məşğul olan digər müəssisələrdə, məsələn, Bakı Tikiş evində də eyni durumdur.
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyir ki, məktəbli, eləcə də hərbi formaların tikilişində istifadə olunan malların böyük əksəriyyətini Türkiyədən idxal edirlər. Devalvasiyadan, dolların manata nisbətdə bahalaşmasından sonra, malları xaricdən almaq indi heç onlara da sərfəli deyil, amma başqa seçim yolu da yoxdur.
"Bizim yerli istehsalımız olsa, böyük məmnuniyyətlə alarıq. Bizim nə işimiz var gedək Türkiyədən alaq. Burada manatı çeviririk dollara, gündən-günə də dollar bahalaşır deyə ziyana düşürük, bankdan kredit götürüb işləyirik. Bizim üçün nə sərf edir ki, xaricdən mal alaq, sadəcə buna məcburuq".
Buna da bax: İdxal bahalandıqca, saxta mal istehsalı artır
İndiki zamanda Fərman gözlənilən idi...
"Yerli istehsalın Azərbaycanda çox bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, bu sərəncamın ölkədə işləməsə çox çətin olacaq"
Elə iqtisadçı ekspertlər də onu sual edir - dövlət müəssisələrinin ehtiyacı olan nə qədər mal, avadanlıq və s. ölkədə istehsal olunur? İstehsal olunanlar belə, tələbatı ödəyəcək qədərdirmi? REAL Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, valyuta ehtiyatlarının sürətlə tükəndiyi bir vaxtda ölkə başçısının belə bir fərmanı gözləniləndir. Və müəyyən müsbət təsirlərinin olacağını da gözləmək olar. Məsələn, ekspert deyir ki, dövlət müəssisələrinin yerli mal alması ən çox kənd təsərrüfatına müsbət təsir göstərəcək, fermerləri daha çox məhsul istehsal etməyə sövq edəcək. Tələbatın artması, həm də yeni iş yerləri, daha çox qazanc əldə etmək imkanıdır. Amma...
"Amma burda həcm məsələsi də var. Çünki yerli kənd təsərrüfatı istehsalının həcminin bütün ehtiyacları ödəyəcəyi sual altındadır. Amma istənilən halda yerli istehsalın stimullaşdırılması üçün kənd təsərrüfatında dövlət sifarişlərinin yerli fermalardan alınması pozitiv addımdır. Amma elə sahələr də var ki, Azərbaycanda onun istehsalı ümumiyyətlə yoxdur və yaxın gələcəkdə də olması gözlənilmir. Yerli istehsalın Azərbaycanda çox bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, bu sərəncamın ölkədə işləməsə çox çətin olacaq".
Natiq Cəfərliyə görə, bu cür iqtisadi islahatlara, yerli istehsalın stimullaşdırılmasına hələ 10 il öncədən - böyük neft pullarının ölkəyə gəldiyi illərdə gedilməli idi. İndi isə yerli istehsalçı da xammal üçün xaricə üz tutursa, dövlət büdcəsindən ayrılmış vəsaitlər dolayısı yolla olsa belə yenə də valyuta şəklində ölkədən çıxmaqda davam edir və edəcək. Bu arada rəsmi məlumata görə, 2016-cı ilin yanvar-avqust aylarında 38,3 milyard manata yaxın ümumi daxili məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz azdır.